Rusiyadan Azərbaycan ərazisi ilə Ermənistana 26 min ton yük daşınıb.
Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyanın 24-cü iclasında çıxışı zamanı deyib.
“Bildiyiniz kimi, Azərbaycan Prezidentinin təşəbbüsü və xoş niyyət jesti olaraq müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Ermənistan istiqamətinə Azərbaycan ərazisi üzərindən yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - o bildirib.
Baş nazirin müavini qeyd edib ki, bu addım regionda etimadın möhkəmləndirilməsinə xidmət edir və regional əlaqələrin inkişafına, iqtisadi əməkdaşlığın genişlənməsinə, eləcə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşməsinə töhfə verir.
Şahin Mustafayev vurğulayıb ki, hazırda Rusiya Federasiyasından Ermənistan Respublikasına Azərbaycan ərazisi vasitəsilə tranzit olaraq təxminən 26 min ton yük çatdırılıb.
Onun sözlərinə görə, daşınan yüklərin əsas hissəsini buğda və gübrə təşkil edib.
Apa
