Müəllif: Gülnar Əhmədli, Banco.az
İş yerində əməkdaşlardan birinin məzuniyyətdə olması digər əməkdaşların üzərinə düşən işlərin artmasına səbəb ola bilər. Belə vəziyyətlərdə əlavə ödənişin verilib-verilməməsi sual doğurur. Qanunvericilikdə bununla bağlı nə deyilir?
Azərbaycan Vəkillər Kollegiyası üzvü Cavanşir Qasımzadə Banco.az-a bildirib ki, işçi məzuniyyətə çıxanda həmin vəzifənin və işçinin işlərinin başqa şəxs tərəfindən görülməsi, yəni vəzifənin müvəqqəti əvəz edilməsi ilə iş saatları daxilində iş yükünün artması bir-birindən fərqləndirilməlidir:
"Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulub ki, müvəqqəti əvəzetməyə görə müvafiq əməkhaqqı əvəz edən işçiyə ödənilir və ya əməkhaqqı arasındakı fərq həmin işçiyə verilir.
Məsələn, marketdə 5 satıcı var və satıcılardan biri məzuniyyətə gedir. Digər işçilərin iş saatları dəyişmir, amma təbii olaraq onların iş yükü artır. Bu halda əlavə ödəniş edilmir. Çünki onlar öz işlərini iş saatları daxilində yerinə yetirirlər və əlavə iş saatı yaranmır. Lakin iş yükünün artması ilə əlaqədar iş saatları artırılırsa, həmin əlavə saatlara uyğun ödəniş edilməlidir və bu, Əmək Məcəlləsində nəzərdə tutulub.
Qeyd etdiyim misalda 5 işçinin hər biri il ərzində bir ay məzuniyyətə çıxacaqsa, onların hər biri məzuniyyətə getdikdə digər işçilərin əməkhaqqının artırılması qanunvericilikdə nəzərdə tutulmayıb".
C. Qasımzadə qeyd edib ki, lakin hər hansı işçi müvəqqəti olaraq vəzifədə olmadıqda və onun vəzifəsini başqa işçi əvəz etdikdə, həmin vəzifəyə uyğun əməkhaqqı ödənilməlidir: "Əgər əvəz edilən vəzifə işçinin öz vəzifəsindən aşağıdırsa, əməkhaqqı fərqi ödənilir. Əvəz edilən vəzifə daha yüksəkdirsə, həmin dövrdə yuxarı vəzifəyə uyğun əməkhaqqı ödənilir".

Bizi sosial şəbəkələrdən izləyin!!
