RABİTƏBANK REGİONLARDA SAHİBKARLIĞIN İNKİŞAFINA DƏSTƏYİNİ DAVAM ETDİRİR | Banco.az

RABİTƏBANK REGİONLARDA SAHİBKARLIĞIN İNKİŞAFINA DƏSTƏYİNİ DAVAM ETDİRİR

 22 may 2026-cı il tarixində Quba şəhərində “Regional biznesin inkişafı və rəqəmsallaşma sammiti – Regional Expo: Quba 2026” tədbiri təşkil olunub. Tədbir regionlarda sahibkarlığın inkişafı, rəqəmsal transformasiya imkanlarının genişləndirilməsi, biznes mühitinin gücləndirilməsi və yeni əməkdaşlıqların təşviqi məqsədilə dövlət və özəl sektor nümayəndələrini, sahibkarları, investorları və müxtəlif sahələr üzrə ekspertləri bir araya gətirib.

 MUSIAD, TECHERA və QIAD-ın birgə təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi, “Rabitəbank” ASC və Prometech şirkətinin qızıl sponsorluğu, həmçinin Cardinalia Septem Group şirkətinin gümüş sponsorluğu ilə baş tutub.

 Regionun biznes və sahibkarlıq potensialını nümayiş etdirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130-dan çox müəssisə və təşkilat iştirak edib. Tədbir çərçivəsində kənd təsərrüfatı, sənaye, turizm, innovasiya və xidmət sahələrini təmsil edən iştirakçılar öz məhsul və xidmətlərini ziyarətçilərə təqdim ediblər. Gün ərzində sərgiyə təxminən 10.000 nəfərin qatılması isə tədbirin regionda biznes əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıqların formalaşması və sahibkarlıq mühitinin inkişafı baxımından böyük maraq doğurduğunu göstərib.

 Tədbirin rəsmi açılış hissəsində dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri və biznes liderləri çıxış edərək regionlarda sahibkarlığın inkişafı, investisiya imkanlarının genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi və innovativ biznes mühitinin formalaşdırılması mövzularına toxunublar. Çıxışlarda Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, məşğulluq imkanlarının artırılması, peşəkar kadr hazırlığı, universitet-sənaye əməkdaşlığı və rəqəmsal transformasiyanın regional biznes ekosisteminə təsiri xüsusi vurğulanıb. Tədbir iştirakçıları bu cür platformaların regionlarda yeni tərəfdaşlıqların qurulması və dayanıqlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

 Sammit çərçivəsində “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Orhan Gültekin çıxış edərək sahibkarlığın maliyyələşdirilməsi, biznes kreditlərinə əlçatanlığın artırılması və regionlarda iqtisadi aktivliyin dəstəklənməsi istiqamətində bank sektorunun rolundan danışıb. O bildirib ki, “Rabitəbank” real sektorun inkişafına töhfə verən, sahibkarların dayanıqlı inkişafını dəstəkləyən maliyyə həllərinin genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.

Daha sonra tədbirin Qızıl sponsoru qismində çıxış edən “Rabitəbank” ASC tərəfindən sahibkarlarla xüsusi görüş təşkil olunub. Görüş zamanı iştirakçılara biznes kreditləri, sahibkarlığın maliyyələşdirilməsi istiqamətində təqdim olunan maliyyə həlləri, kredit məhsulları və biznesin inkişafına dəstək imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda, sahibkarlarla qarşılıqlı fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq perspektivləri və regionlarda biznes fəaliyyətinin genişləndirilməsi istiqamətində imkanlar müzakirə olunub.

 Qeyd edək ki, “Regional Expo Quba 2026” kənd təsərrüfatı, turizm, innovasiya, xidmət və istehsal sahələrini əhatə edən geniş iştirakçı profili ilə regionun iqtisadi inkişafına töhfə verən əhəmiyyətli platformalardan biri kimi diqqət çəkib.