Müəllif: Gülnar Əhmədli, Banco.az
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) yekunlaşıb. Forum çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və müxtəlif əlavə tədbirlər baş tutdu.
Ümumilikdə WUF13 nə ilə yadda qaldı?
Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev Banco.az-a fikirlərini bölüşüb.
"Ümumilikdə, belə tədbirlərin keçirilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Çünki bu cür tədbirlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına, diqqət mərkəzinə düşməsinə və ölkədə həyata keçirilən yeniliklərin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır.
Eyni zamanda, bu tədbirlər təkcə təşkilati və təhlükəsizlik baxımından deyil, həm də Azərbaycanın gördüyü real işlərin nümayişi baxımından əhəmiyyətlidir. Belə platformalar ölkəyə imkan verir ki, beynəlxalq səviyyədə vacib məsələləri gündəmə gətirsin. Məsələn, Qarabağ mövzusu, həmin ərazilərdə tarixi abidələrin dağıdılması və bu istiqamətdə görülən işlər kimi məsələlər bu cür tədbirlər vasitəsilə daha geniş auditoriyaya çatdırıla bilər".
Bu isə bizi əsas suala gətirir: bu tədbirlər bizə nə qazandırdı?
İqtisadçının sözlərinə görə, əldə olunan əsas nəticə ondan ibarətdir ki, götürdüyümüz öhdəlikləri real fəaliyyətlərlə dəstəkləməliyik: "Xüsusilə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası genişləndirilməli və davamlı xarakter almalıdır. Bunun üçün isə əsas şərtlərdən biri güclü kadr potensialının formalaşdırılmasıdır.
Bu gün müxtəlif dövlət proqramları vasitəsilə azərbaycanlı tələbələr dünyanın nüfuzlu universitetlərində təhsil alır. Bu, ölkə tərəfindən insan kapitalına qoyulan investisiyadır. Məqsəd həmin gənclərin təcrübə qazanaraq ölkəyə qayıtması və Azərbaycanın inkişafına töhfə verməsidir. Lakin təkcə bu kifayət deyil. Dünyada elə ölkələr var ki, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini daha geniş miqyasda tətbiq edirlər və bunun əsas səbəblərindən biri də onların yüksək ixtisaslı kadr bazasına sahib olmasıdır.
Bu baxımdan, Azərbaycanda da bu layihələrin genişləndirilməsi üçün yalnız texnologiya deyil, eyni zamanda insan resursları da uyğun səviyyədə olmalıdır. Layihələr bir-iki pilot ərazi ilə məhdudlaşmamalı, mərhələli şəkildə bütün ölkə üzrə tətbiq edilməlidir. Bunun üçün isə həm kadr siyasəti gücləndirilməli, həm də yerli əhali bu prosesə adaptasiya olunmalıdır".
R. Qaryev bildirib ki, əvvəllər də qeyd etdiyim kimi, əgər “ağıllı kənd” layihəsi həyata keçirilirsə, həmin kəndin ən yaşlı sakini belə bu sistemdən istifadə edə bilməlidir: "Əks halda, layihənin effektivliyi sual altında qalır. Bu səbəbdən tətbiq prosesi addım-addım aparılmalı və hər mərhələdə real istifadə imkanları təmin olunmalıdır.
.jpg)
Təəssüf ki, bəzi layihələr qısamüddətli xarakter daşıyır və davamlı olmur. Nəticədə ayrılan maliyyə resursları səmərəsiz xərclənmiş olur. Halbuki düzgün planlaşdırma və icra ilə bu layihələr uzunmüddətli nəticələr verə bilər.
Dünya təcrübəsinə nəzər saldıqda isə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu nəticələr verdiyini aydın şəkildə görürük. Məsələn, İsraildə həyata keçirilən layihələrdən birində küçə işıqlandırması tam avtomatlaşdırılmış və günəş enerjisi ilə işləyən sistemlər qurulmuşdur. Bu, həm enerji qənaəti, həm insan resurslarının azaldılması, həm də idarəetmənin optimallaşdırılması baxımından mühüm üstünlüklər yaradıb.
Belə texnologiyalar yalnız iqtisadi səmərəlilik deyil, həm də infrastruktur baxımından çətin ərazilərin inkişafı üçün mühüm rol oynayır. Xüsusilə kabel çəkilişi çətin olan dağlıq və ucqar ərazilərdə alternativ enerji əsaslı sistemlər böyük imkanlar yaradır.
Bundan əlavə, bəzi ölkələrdə, məsələn Çində, təhlükəsizlik və idarəetmə sistemləri yüksək səviyyədə avtomatlaşdırılıb. Bu isə göstərir ki, “ağıllı şəhər” konsepsiyası təkcə iqtisadi deyil, həm də təhlükəsizlik və idarəetmə baxımından böyük üstünlüklər təmin edir. Nəticədə həm maliyyə, həm də zaman baxımından qənaət əldə olunur".
İqtisadçı son olaraq vurğulayıb ki, ümumilikdə, bu mövzu çox genişdir və kənd təsərrüfatından tutmuş sənaye, istehsalat və nəqliyyat sahələrinə qədər bir çox istiqaməti əhatə edir: "Əgər bu layihələr sistemli şəkildə, fasiləsiz və düzgün kadr təminatı ilə həyata keçirilərsə, Azərbaycan yalnız regionda deyil, beynəlxalq səviyyədə də nümunəvi ölkələrdən birinə çevrilə bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
