Qlobal maliyyə bazarlarında faizlər artmağa başlayıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Fransanın dövlət istiqrazları hərracında müşahidə olunan zəif tələb dünən başda Almaniya olmaqla Avropa bazarlarına, daha sonra isə ABŞ maliyyə bazarlarına sıçrayıb. Belə ki, ABŞ-ın 30 illik dövlət istiqrazlarının faizləri dünən 7 baza bəndi artaraq 2,92%-ə yüksəlib. Almaniyanın 10 illik istiqrazlarının faizləri isə 9 baza bəndi artaraq 0,56%-ya çatıb.
"DoubleLine Capital" investisiya şirkətinin icraçı direktoru Cefri Qandlax (Jeffry Gundlach) hesab edir ki, ABŞ dövlət istiqrazlarında başlayan satış gələcək perspektivdə investorların daha çox narahatlıq gözlədiklərini göstərir. İstiqrazlarda faizlərin yüksələcəyini proqnozlaşdıran treyderlər istiqraz bazarından sürətlə uzaqlaşmağa başlayıblar. Qeyd edək ki, istiqrazların satışı onların qiymətinin düşməsinə, faizlərinin isə artmasına gətirib çıxarır.
"Report"un analitik qrupu bildirir ki, faizlərin artmasına səbəb ABŞ və Avropa mərkəzi banklarının bu il ərzində balanslarını azaltmağa başlaması və uçot dərəcəsini yüksəltməyə davam etməsi ilə əlaqəlidir. Bu isə öz növbəsində dünya borc bazarında əsasən inkişaf etməkdə olan ölkələrin borclanmalarına mənfi təsir göstərəcək. Qeyd edək ki, bu proses hazırda başlanğıc mərhələsindədir və uzun müddət davam etməsi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin balanslarını azaltması ilə qlobal maliyyə bazarında likvidlik səviyyəsi aşağı düşəcək və faizlər kəskin yüksələcək. Bu zaman beynəlxalq kredit reytinq təşkilatları tərəfindən reytinqi yüksək olan ölkələr daha ucuz faizlə borc tapa biləcək.
"Report"un analitik qrupu bildirir ki, qlobal miqyasda faizlərin yüksəlməsi Azərbaycanın borclanmasına da mənfi təsir göstərəcək və maya dəyərini artıracaq. Qeyd edək ki, Azərbaycan yaxın zamanda Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə 2,4 mlrd. ABŞ dolalrı həcmində avrobond buraxmağa hazırlaşır.