Qlobal ərzaq qiymətlərində cüzi azalma qeydə alınıb | Banco.az

Qlobal ərzaq qiymətlərində cüzi azalma qeydə alınıb

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq ərzaq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi üçün iyun ayı məlumatlarını açıqlayıb.

Banco.az xəbər verir ki, müvafiq olaraq, ərzaq qiymətləri indeksi iyun ayında aylıq olaraq 0,3 faiz azalaraq 130,3 bala çatıb.

İndeks ötən ilin eyni ayı ilə müqayisədə 2,2 faiz yüksək olaraq qalıb.

Taxıl Qiymət İndeksi iyun ayında əvvəlki aya nisbətən 3,5 faiz azalsa da, illik müqayisədə 2,9 faiz yüksək olaraq qalıb. Qlobal buğda qiymətləri iyun ayında 4,4 faiz azalıb. Bu azalma Qara dəniz məhsulunun sürətli irəliləməsi və təklifin güclənməsi proqnozundan təsirlənib. Bundan əlavə, Hörmüz boğazından ticarət axınlarının artması gözləntiləri qiymətlərin düşməsinə dəstək verib.

Bitki Yağı İndeksi aylıq olaraq 3,8 faiz artaraq 192 bala çatıb. İndeks illik olaraq 23,3 faiz artım göstərib. İyun ayında soya yağı qiymətlərinin düşməsinə baxmayaraq, palma yağı qiymətlərinin kəskin artması Bitki Yağı İndeksinin yüksəlməsinə səbəb olub.

Ət Qiymətləri İndeksi iyun ayında aylıq müqayisədə 0,4 faiz, illik müqayisədə isə 4 faiz artaraq 131 bala çatıb. Bu, Ət Qiymətləri İndeksi üçün yeni rekord göstəricidir. Beynəlxalq quş əti qiymətlərinin artması qiymətlərin bu rekord səviyyəyə çatmasında əsas amil olub.

Süd Qiymətləri İndeksi aylıq olaraq 1,5 faiz, illik olaraq isə 24,5 faiz azalaraq 117,4 bala düşüb. Bütün süd məhsulları üzrə qiymətlər azalsa da, əsas bazar şərtləri məhsul qrupları arasında dəyişkən olaraq qalıb.

Şəkər Qiymətləri İndeksi iyun ayında aylıq müqayisədə 5,7 faiz, illik müqayisədə isə 13,3 faiz azalaraq 89,7 bala düşüb. Braziliyada iyun ayında ardıcıl üçüncü aydır ki, azalan daxili etanol qiymətləri şəkər qamışının şəkər istehsalına daha geniş çevrilməsini təşviq edərək beynəlxalq şəkər qiymətlərinin aşağı düşməsinə səbəb olub.