Private Banking NƏDİR? | Banco.az

Private Banking NƏDİR?

Son aylar ərzində Azərbaycan bank sektorunda və xüsusən də pərakəndə bankçılıqda Azərbaycan manatının devalvasiyasının yaratdığı ciddi problemlər özünü büruzə verməkdədir. Pərakəndə sektorun əvvəlki qədər gəlirli və cəlbedici olmaması bankları yeni müştəri seqmenti axtarmağa, yeni məhsullar və xidmətlər yaratmağa sövq edir. Belə müştəri seqmentlərindən biri isə zəngin insanlar, onlara təklif edilən xidmət isə “private banking” ola bilər. Gəlin, private banking-in nə olduğunu araşdıraq.

Private Banking – banklar tərəfindən VİP müştərilərə təklif edilən maliyyə və qeyri maliyyə xidmətlərinin məcmusudur və özündə fərdi, individual xidmət sistemini əhatə edir. Əsasən banklarda ayrıca biznes istiqaməti kimi inkişaf etdirilir.

Wall Street jurnalı Private Banking-ə belə bir tərif verir: Private Banking şəxsi xalis sərvətləri olduqca yüsək olan zəngin insanlara təklif edilən kapitalın idarə edilməsi xidmətinin bir formasıdır. Private bank tərəfindən təklif edilən xidmətlər özündə əhatə etməlidir:  investisya portfeli ilə bağlı məsləhətlər; kapitalın qızıl, daşınmaz əmlak və ya alternativ investisiya vasitələrinə yatırılması yolu ilə qorunması, vergi ödənişlərinin optimallaşdırılması yolları; ümumi maliyyə planlaması, xeyriyyəçilik, miras qoyma, təqaüdün planlaması və s. daxil.

Məşhur investopedia.com saytı  isə  private bankingin tərifini belə verir: Private Banking yüksək xalis sərvəti olan fərdlərə ( HNWIs - high net worth individuals) individual şəkildə təqdim olunan bank və şəxsi maliyyə xidmətlərinin cəmidir. Zəngin insanlar dedikdə, ortalama qazanan isanlardan daha çox gəliri və sərvəti olan insanlar başa düşülür, onların  ənənəvi və alternativ investisiyalara çıxışı olur.

Private bankın tərifini vermək gördüyünüz kimi çətin deyil. Riteyl banklardan fərqli olaraq, prayvit banklar ilk olaraq, öz müştərilərinə fokuslanır və zəngin müştərilərə öz vəsaitlərini qoruyaraq, növbəti nəsillərə ötürməyə yardım edir.

Prayvit bankinq vs. riteyl bankçılıq və kommersiya bankçılığı

Riteyl banklar geniş kütləyə xidmətlər təklif edir. İstənilən şəxs riteyl bankda, əməkhaqqı almaq və ya kommunal xidmətləri ödəmək üçün hesab aça bilir. Kommersiya və korporativ banklar biznesləri və ya biznes müəssisələrini bank xidmətləri ilə təchiz edir. Məsələn korporativ banklar əsasən kompaniyalara kreditlər verir və ya həmin şirkətlərin işçilərinin əməkhaqqılarını alacağı hesabları təchiz edir, satışlardan gələn pulu hesabında qəbul edir və s.

Prayvit banklar isə olduqca zəngin insanlara əhatəli bankçılıq və investisya xidmətləri göstərmək üzrə ixtisaslaşır. Bu zaman onlar həmçinin sərvət planlaması, yəni kapital planlamasını həyata keçirir və ya mövcud kapitalın itkilərdən qorunmasını təşkil edir.

Prayvit bankların tarixi

Prayvit banklar öz tarixini bir neçə əsr əvvəldən götürür və bu terminin yaranması bankın sahiblərinin bir və ya bir neçə şəxslərdən ibarət olması ilə bağlıdır.  Həmin şəxslər bankın bütün borclarına görə öz şəxsi sərvətləri ilə cavabdehlik daşıyırdılar. Baxmayaraq ki, indi də bankların əsas səhmdarları fiziki şəxslər ola bilər, müasir dövrdə prayvit banklar özlərinin ilkin və həqiqi mahiyyətlərindən çox uzaqdırlar. Və Azərbaycan qanunverciliyinə əsasən bütün banklar hüquqi şəxs olaraq fəaliyyət göstərirlər. Prayvit bankçılıq termini indi həmin bankların göstərdiyi fərdi xidmətlər ilə assosiasiya olunur.

Ən sərfəli kredit üçün müraciət et

İllər öncə isə, bütün banklar prayvit bank olub və zəngin insanlara xidmət göstərib, onlar əsasən çox varlı ailələr ilə münasibət qurmaq xüsusiyyətinə malik olublar və bu işgüzar münasibətlər bir nəsildən-digərinə ötürülüb. Bəzi ölkələrdə şəxsi banklar hətta kral ailəsinin şəxsi aktivlərinin idarə edilməsi ilə də məşğul olublar, halbuki, onların xəzinəyə heç bir çıxışları olmayıb. Getdikcə isə bank xidmətləri orta sinif və geniş kütlələr üçün də əlçatan oldu. İngiltərədə prayvit bankçılıq 17-cı ərsdə inkişaf etməyə başladı və onun təməlində iri torpaq sahibi olan aristokratların və saray zadəganlarının ehtiyaclarını qarşılamaq dururdu.  Prayvit bankçılığın İsveçrə modeli isə 19-cu əsrdə, Avropadakı davamlı müharibələrin fonunda, İsveçrə öz neytralıllığını elan etdikdən sonra təşəkkül tapmağa başladı. Bu gün məhz İsveçrənin  UBS bankı, öz nəzarəti altında olan aktivlərin həcminə görə dünya lideridir. Bu sıralamada onu, üç amerika bankı izləyir və ilk beşliyi başqa bir isveçrə bankı tamamlayır.

“İnsan zəngin olan kimi öz gələcəyini planlamalıdır, yoxsa onun sərvəti gözləri qarşısında havaya sovrulacaq”

“Private bankingi müştərilər üçün bir sözlə ifadə etmək olar  - xidmət” – Cos Mitchell, Citi Private Bankın direktoru və Böyük Britaniyada biznesin inkişafı üzrə rəhbəri deyir. Əgər adi bank yoldan keçən  bir insana kreditləşmə, investisiya, əmanətlərin saxlanması və digər kommunal ödənişlərin həyata keçirilməsi üçün funksional ortam yaradırsa, fərdi banklar öz güclərini bu ortamın məhz xüsusi fərdi müştərilər üçün yaradılmasına yönəldiblər. Ailələr getdikcə daha çox beynəlxalq olduqları üçün, onların müəssisələri ölkə xaricində ticarət etdiyi üçün onların həyat tərzi daima səfərlərdə olmağı tələb edir. Buna görə də onlar ən müxtəlif problemlərlə üzləşirlər.

Həqiqətən də şəxsi bankirlər müştərilərinə ən fərqli problemlərin həllində kömək edirlər. İnsan zəngin olan kimi öz gələcəyini planlamağa başlamalıdır, yoxsa o pullarının necə buxarlandığının şahidi olacaq. Prayvit banking müştərilə öz sərvətini uzunmüddətli perspektivdə qorumağa yardımçı olur, bu xidmətin əsas məqsədi müştərinin vəsaitlərini onun risk işdahına uyğun olaraq idarə etmək və gələcək nəslə ötürməkdir. Prayvit banklar iri investisiyalar, vergilərin optimallaşdırılması istiqamətində, xeyriyyəçilik və miras planlaması ilə bağlı konsultasiya xidməti həyata keçirir.

Həmişə prayvit bankçılıq ilə assosiasiya olunan “xidmət” sözündən əlavə, bu gün “aktuallıq” sözünü də bu sıraya əlavə etmək olar. Sözü gedən məhsul və ya xidmət müştərilərə təqdim edilmək üçün aktualdırmı? Heç vaxt olmadığı qədər. Prayvit Bankinqin kütləvi marketinqə aidiyyəti yoxdur, bu olduqca rəqabətli bir biznesdir, amma yalnız o halda effektiv işləyir ki, siz öz bazarınızı çox ehtiyatlı şəkildə incələyəsiniz və sonra öz müştərilərinizə xidmət göstərəsiniz.

Azərbaycanda Private Banking xidmətini təklif edən yeganə bank PAŞA Bankdır, halbuki bir çox banklarda VİP müştərilərə xidmət edən ayırıca strukturlar vardır. Gələcəkdə VİP bankçılıq ilə  prayvit bankçılıq arasındakı fərqlərə daha ətraflı şəkildə toxunacağıq. Qeyd edək ki, PAŞA Bank yüksək gəlirləri müştərilərə aktivlərin səmərəli şəkildə idarəedilməsi üzrə müxtəlif xidmətlər təklif edir, bu sırada sərmayələrin idarə edilməsi, daşınmaz əmlakın alınması, tibb və təhsil sahələrində təklif olunan həlləri vurğulamaq olar.