Əmək pensiyası Pensiya haqqında qanunvericiliyə əsasən 3 hissədən ibarətdir:
1) baza hissəsi; 2) sığorta hissəsi; 3) yığım hissəsi.
Hələki ölkəmizdə pensiyalar iki hissə əsasında formalaşır: baza hissəsi və sığorta hissəsi. Pensiyaların yığım hissəsi hələki aktiv deyil. Mövcud pensiya qanunvericiliyinə əsasən gözlənilən ödəniş müddəti müəyyən edilmişdir.
Ölkəmizdə hazırki qaydalara əsasən pensiya yaşı qadınlar üçün 60, kişilər üçün isə 63-dür. Burada diqqət yetirilməli digər bir məqam isə orta yaşama müddətidir. Azərbaycanda orta yaşama müddəti 71,9 (72) il təşkil edir. Yəni, orta hesabla qadınlar təqaüdə çıxdıqda 12 il, kişilər isə 9 il ərzində təqaüd almaq imkanına malik olurlar. Əmək Məcəlləsinə əsasən isə 18 yaşına çatan istənilən əmək qabiliyyətli şəxs işəgötürənlə əmək müqaviləsi bağlayaraq və ya fərdi qaydada əmək müqaviləsi bağlamadan əmək fəaliyyəti ilə məşğul ola bilər. İstisna hallarda 15 yaşdan əmək fəaliyyəti ilə məşğul olmaq olar. Yəni, daha aydın şəkildə desək qadınlar 42 il, kişilər isə 45 il işləyərək pensiya fonduna ödəniş etdikdən sonra müvafiq olaraq orta hesabla 12 və ya 9 il pensiya almaq hüququna malik olacaqdır.
Orta yaşama müddətində, əmək fəaliyyətinin başlanılması yaşında heç bir dəyişiklik olmadan pensiya yaşının artırılması orta pensiya ödəniş müddətinin azalmasına səbəb olacaq. Pensiya yaşının artırıması onda məqsədəmüvafiq olardı ki, orta yaşama müddəti artsın. Orta yaşama müddətinə görə Azərbaycan 223 ölkə arasında 142-ci yerdə qərarlaşmışdır. Siyahıda Şrilanka, Nikaraqua, Baham adaları, Mikroneziya, Özbəkistan, Yamayka, Ermənistan, Oman, Barbados kimi ölkələr bu göstəricədə Azərbaycanı qabaqlayır. Ən yüksək göstəriciyə Yaponiya-84,46; Fransa-81,66; Almaniya-80,44; Avstraliya-82,07; İtaliya-82,03; Kanada-81,67; Braziliya-73,28; İspaniya-81,47 orta yaş həddinə malikdir. Pensiya yaşı isə Yaponiyada-61 il (23 il pensiya almaq hüququ), Fransada-65 il (16 il), Almaniya-65 il (15 il), İtaliya-66 (16 il), Avstraliya-65 il (17 il) və s. təşkil edir. İEÖ-də orta hesabla faktiki orta pensiya ödəniş müddəti 15 ildən çoxdur.
Son günlərdə Azərbaycanda pensiya yaşının artırılması barədə söhbətlər gəzişir. Onsuzda aşağı olan ödəniş müddətinin azaldılmasınını heç bir əsası yoxdur. Qeyd etmək lazımdır ki, təqaüdə çıxan təqaüqədə çıxdıqdan sonra vəfat etdikdə və ya ümumiyyətlə təqaüdə çıxmadan vəfat etdikdə şəxsin sığorta hesabında toplanan məbləğ həmin şəxsin ailə üzvlərinə və ya varislərinə qaytarılmır. Bütün bu qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, pensiya yaşının artırılması üçün heç bir əsas yoxdur.
Xəyal İsmayılov, Banco.az