Passiv əməliyyatlar nədir? | Banco.az

Passiv əməliyyatlar nədir?

Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Bu əməliyyatların köməyi ilə banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə qoyuluşu və.s üçün vəsaitlər toplayırlar. Kommersiya bankı möhkəm, dayanıqlı resurs bazası olmadan nə öz likvidliyini qoruya bilməz, nə aktiv əməliyyatlarını həyata keçirə bilməz, nə də ki , götürdüyü digər öhdəlikləri vaxtında icra edə bilməz. Buna gürə də, hər bir kommersiya bankı öz resurs bazasını genişləndirmək üçün hər an axtarışda olmalıdır.

Bankların passiv əməliyyatlarına hüquqi və fiziki şəxslərin hesablaşma, cari və müddətli hesablarına vəsaitlərin cəlb edilməsi, qiymətli kağızlar buraxılışı, digər banklardan borc şəklində vəsaitlərin alınması aiddir. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır.

Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları ayırmaq olar:

1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək, müddətli və s.) qəbulu, hüquqi şəxslərə hesablaşma, cari və digər hesabların açılması və aparılması; 2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər);3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, veksellər və s.) 4) Bankın mənfəəti passivlərin formalaşma mənbəyi kimi.

Ən sərfəli kredit üçün müraciət et

Kommersiya bankları öz passivlərin formalaşdırmaq üçün səhm, istiqraz, sertifikat, veksel kimi qiymətli kağızların emisiyasından istifadə edir. Bu qiymətli kağızların hər bir növünü buraxmaqla kommersiya bankları əlavə kapital cəlb edir, sonrakı fəaliyyətini təmin etmək üçün mənbə yaradır.

Bankların mənfəətinin bir hissəsi müxtəlif fondların yaradılmasına yönəldilir ki, bu da passivlərin formalaşması deməkdir.

Bir qayda olaraq kommersiya banklarının resursları, yəni onların passivləri iki hissədən ibarətdir:

  • Şəxsi vəsaitlər
  • Cəlb olunmuş vəsaitlər

Birincinin tərkibinə səhmdar kapitalını, ehtiyat və digər fondları, bölüşdürülməmiş mənfəəti və digər mənbələrin daxil olduğu özünəməxsus, xüsusi kapitalı, ikincinin tərkibinə isə bank tərəfindən alınmış borclar: kreditlər, depozitlər, müştərilərin hesablaşma və cari hesablarındakı, müxbir hesablardakı vəsaitlər və digər vəsaitlər aiddir.