Müəllif:Mehin Qasımova,Banco.az
Özbəkistanın dövlət borcunun 2026-cı il yanvarın 1-nə 46,9 milyard dollar təşkil etdiyi açıqlanıb. Bu, 2025-ci illə müqayisədə 16,4 faiz artım deməkdir.
Banco.az xəbər verir ki, dövlət borcunun ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbəti isə 31,9 faiz səviyyəsində qiymətləndirilir.
Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinin 2027-2029-cu illər üçün Maliyyə Strategiyasına əsasən, 2026-cı ilin sonuna qədər dövlət borcunun ÜDM-də payının 31 faizə enəcəyi gözlənilir.
2025-ci ilin sonunda Özbəkistanın xarici borcu 39,8 milyard dollar, daxili borcu isə 7 milyard dollar olub. Xarici borc illik müqayisədə 18,1 faiz, daxili borc isə 7,7 faiz artıb.
Ötən il dövlət zəmanəti ilə investisiya layihələrinin maliyyələşdirilməsi üçün ümumi dəyəri 2,5 milyard dollar olan xarici borc sazişləri imzalanıb.
Özbəkistan hökuməti valyuta risklərini azaltmaq məqsədilə milli valyutada borclanmanı artırır. Nəticədə dövlət borcunda somla ifadə olunan öhdəliklərin payı 2020-ci ildəki 5,9 faizdən 2025-ci ilin sonunda 12,2 faizə yüksəlib.
Dövlət xəzinə istiqrazlarının həcmi də son illərdə artıb. 2020-ci ildə 3,4 trilyon som olan istiqrazların xalis həcmi 2025-ci ildə 30 trilyon soma, dövriyyədə olan istiqrazların ümumi həcmi isə 49,9 trilyon soma çatıb.
