Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən ilin dördüncü rübündə ABŞ-ın texnologiya şirkəti “Alphabet”in gəliri 12 faiz, xalis mənfəəti isə 28 faiz artıb.
Banco.az xəbər verir ki, "Google"ın ana şirkəti "Alphabet" 2024-cü ilin oktyabr-dekabr dövrünə aid maliyyə hesabatını açıqlayıb.
Buna görə, "Alphabet"in ötən ilin son rübündə əldə etdiyi gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 96,5 milyard dollara yüksəlib. Şirkət 2023-cü ilin dördüncü rübündə 86,3 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 26,5 milyard dollara yüksəlib. "Alphabet" əvvəlki ilin eyni dövründə 20,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin 2023-cü ilin son rübündə 1,64 dollar olan hər səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 2,15 dollara yüksəlib.
"Alphabet"in bu dövrdə gəliri proqnozlardan geridə qalsa da, mənfəəti proqnozları üstələyib.
Şirkətin ötən il üzrə ümumi gəliri 14 faiz artaraq 350 milyard dollara, xalis mənfəəti isə 36 faiz yüksələrək 100,1 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!