Müəllif: Mehin Qasımova, Banco.az
Norveçin Norges Bank Investment Management (NBIM) fondu 11 İsrail şirkətindəki investisiyalarını dayandırdığını və İsraildə fəaliyyət göstərən bütün xarici portfel menecerləri ilə müqavilələri ləğv etdiyini açıqlayıb.
Banco.az xəbər verir ki, NBIM-in baş icraçı direktoru Nikolai Tangen bu gün keçirilən mətbuat konfransında ilin birinci yarısına dair maliyyə nəticələri ilə bağlı sualları cavablandırıb. O, daha çox İsrail şirkətindən çıxmağı planlaşdırdıqlarını bildirib.
“İsrail sərmayələrimizə nəzarəti bərpa etmək üçün daha sürətli hərəkət edə bilərdik, amma hazırda bu məsələ üzərində işləyirik,” – deyə Tangen vurğulayıb.
Qeyd edək ki, ötən həftə fondun İsrail silahlı qüvvələrinə xidmət göstərən və döyüş təyyarələrinə texniki dəstək verən bir reaktiv mühərrik istehsalçısının 2%-dən çox hissəsini aldığı barədə məlumat yayılmışdı. Bu xəbərlərdən sonra Norveç Maliyyə Nazirliyi fondun idarəedici orqanından İsrail şirkətlərinə yatırımlar, mövcud vəziyyət və lazım ola biləcək yeni tədbirlər barədə təklifləri əks etdirən araşdırma aparmağı tələb edib.
Araşdırmanın nəticəsində fond açıqlayıb ki, 30 iyun tarixinə onun 61 İsrail şirkətində yatırımı mövcuddur və bunlardan 11-i Maliyyə Nazirliyinin fond göstəriciləri indeksində yer almır. Həmin 11 şirkətdəki investisiyalar isə artıq dayandırılıb.