Müəllif: Gülnar Əhmədli, Banco.az
"Bu ilin 6 ayının, eləcə də iyul ayının nəticələrini nəzərə alsaq, nağd valyuta bazarında təklif tələbi kəskin - təxminən yarım milyard dollar səviyyəsində üstələyib.
Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında deyib.
"2026-cı ilin I yarısında AMB hərraclar vasitəsilə bazara 757 milyon ABŞ dolları satıb. Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin eyni dövründə isə 3,7 milyard ABŞ dolları olub.
Hərraclar vasitəsilə satılan valyutanın məbləğində kəskin azalma müşahidə olunur. Aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan 23-ü baş tutmayıb. Keçirilən 11 hərracda ümumilikdə 243 milyon ABŞ dolları satılıb. Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına 2 milyard 77 milyon ABŞ dolları dəyərində alışyönlü müdaxilə edib.
Ehtiyatların səmərəli idarə olunması və alışyönümlü müdaxilələr nəticəsində bizim valyuta ehtiyatlarımız 19,4% və ya 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollar səviyyəsinə yüksəlib".
Bizi sosial şəbəkələrdən izləyin!!
