Müəllif: Gülnar Əhmədli, Banco.az
Microsoft cümə axşamı bazar dəyərini təxminən 450 milyard dollar artıraraq bir şirkət üçün tarixdə ən böyük birgünlük artıma imza atıb.
Banco.az xəbər verir ki, buna səbəb şirkətin gözləntilərdən daha güclü bulud biznesi artımı proqnozlaşdırması və yeni maliyyə ilində də yüksək pul axını gözlədiyini bildirməsidir.
Şirkətin səhmləri günün sonunda 15%-dən çox bahalaşıb və bazar dəyəri 3,35 trilyon dollara çatıb. Bununla Microsoft, Nvidia-nın 9 aprel 2025-ci ildə qeydə aldığı 441 milyard dollarlıq əvvəlki rekord birgünlük bazar dəyəri artımını geridə qoyub.
Zacks Investment Management şirkətinin baş bazar strateqi Brian Mulberry bildirib ki, Microsoft çox güclü rüblük nəticələr açıqlayıb və artımın əsas mənbələrinin bulud və süni intellekt bölmələri olması investorların gözləntiləri ilə üst-üstə düşüb.
Nəticələr Microsoft-un süni intellektə yatırdığı böyük vəsaitlərin artıq nəticə verməyə başladığına dair yeni sübutlar təqdim edib.
Microsoft bu il "Möhtəşəm yeddilik" qrupundakı bəzi şirkətlərdən geri qalıb və çərşənbə gününün bağlanışına qədər səhmləri 18%-dən çox ucuzlaşıb. Bununla belə, ən azı 9 broker şirkəti Microsoft səhmləri üzrə hədəf qiymətini artırıb və orta hədəf qiymət 560,90 dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
