Neftin qiymətindəki dəyişiklik dövlət büdcəsinə necə təsir edib? | Banco.az

Neftin qiymətindəki dəyişiklik dövlət büdcəsinə necə təsir edib?

Neftin qiymətində yaranmış dəyişiklik Azərbaycanın dövlət büdcəsinin icra vəziyyətinə necə təsir edib? Banco.az "AZƏRTAC"a istinadən xəbər verir ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bu sualı şərh edərkən deyib:

- Dünya bazarlarında neftin qiymətlərinin bir ildən bir qədər artıq vaxt ərzində iki dəfəyə qədər aşağı düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə ciddi problemlər yarada bildi. Sözsüz ki, neftin qiymətlərində yaranmış dəyişiklik fonunda Azərbaycanın dövlət büdcəsi də müəyyən təsirlərə məruz qalmalı idi. Mən elə büdcənin 6 aylıq icra vəziyyətini təhlil etməyə çalışacağam. Lakin əvvəlcə büdcə ilə bağlı mətbuatda yayılan bəzi hay-küylü “şərhlərin” üzərində dayanmaq da yerinə düşər.

Digər neft ölkələri ilə müqayisədə Azərbaycan mövcud durumun yarada biləcəyi bütün çətinlikləri arxada qoyacaq dəqiq maliyyə siyasəti apara bildi. Hökumət büdcənin icrasını düzgün olaraq balanslaşdırma prinsiplərinə söykənərək təmin etdi. Vəziyyət heç də bəzi “ekspertlərin” büdcə gəlirlərinin 6 aylıq faktiki icra göstəricilərini 2015-ci ilin illik proqnoz göstəriciləri ilə müqaisə edib, “hökumət bu ilin 6 ayında büdcəyə gəlirlərin 40 faizini təmin edib” deməklə insanlarda çaşqınlıq yaratmaq istəyənlərin “düşündükləri” kimi deyil. Yaxşı olardı ki, bu “ağıllı təhlilçilər” cari ilin 6 aylıq büdcə gəlir və xərclərinin faktiki icrası üzrə göstəriciləri illik proqnoz göstəriciləri ilə deyil, 6 aylıq proqnoz göstəriciləri ilə müqayisə edərdilər. Əslində büdcənin icrasına qiymət vermək istəyən ağıllı adamlar bu məntiqdən çıxış etməlidirlər (Bununla da cəmiyyətə “büdcə 40 faiz icra olunub” kimi hay-küylü açıqlamalar ötürmək mümkün olmazdı). Belələrinə bəzi məqamları başa salmaq məcburiyyətindəyik. Bu “ekspertlər” bilməlidirlər ki, illik proqnozların rüblər üzrə bölgüsü heç də onların düşündüyü kimi rüblər üzrə bərabər formada aparılmır və bu, heç vaxt belə olmayıb. İlin birinci rübünün proqnozları (həm gəlirlər, həm də xərclər üzrə) bir qayda olaraq ilin sonuncu rübünün proqnozlarından aşağı nəzərdə tutulur. Rüblər üzrə proqnozlaşmaya bu cür yanaşmanın obyektiv səbəbləri var. Təəssüf ki, bu səbəblərin tam izahını qısa bir yazıda vermək mümkün deyil.

Dövlət büdcəsinin altı aylıq icrası onu göstərdi ki, neft qiymətlərinin iki dəfə aşağı düşməsinə, büdcədə neftin qiymətinin 90 ABŞ dolları nəzərdə tutulmasına və bu gün həmən qiymətin 55 dollar ətrafında olmasına baxmayaraq, büdcənin icrasında insanlarımızı rahatsız edə biləcək heç nə baş verməyib. Əksinə, büdcə gəlirlərinin 6 aylıq icrası bir daha sübut etdi ki, Azərbaycan hökumətinin ölkədə qeyri-neft sektorunu əsaslı şəkildə inkişaf etdirməyə dair müəyyən etdiyi kurs heç nədən asılı olmayaraq uğurla həyata keçirilir. Baxın büdcəyə, altı ay ərzində Vergilər Nazirliyinin xətti ilə yığılan - qeyri neft sektoruna aid daxilolmalar keçən ilin eyni dövrü ilə müqaisədə 11,4 faiz artıb. Bu rəqəm Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının səsləndirdiyi fikirlərin faktiki sübutudur: “Beləliklə, 6 ayda iqtisadiyyat 5,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir, ölkəmizin dinamik inkişafını sübut edir. Bundan da gözəl göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da biz 9,2 faiz artımı görürük. Yəni, bundan yuxarı nəticə ola bilməz. Sənaye istehsalı təxminən 4 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlərin, tədbirlərin nəticəsidir”. Doğrudan da dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşdüyü bir şəraitdə neft ölkəsi olaraq əldə etdiyimiz bu nəticələr Prezident İlham Əliyevin dediyi kimi, tarixi nailiyyətlərdir.

Ən sərfəli kredit üçün müraciət et

2015-ci ilin ilk 6 ayında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib. Hesabat dövründə dövlət büdcəsinin xərcləri 8 milyard 578 milyon manat təşkil edib və yaxud proqnoza nisbətən 85 faiz icra olunub. Dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş 771 milyon manat profisit hesabına maliyyələşdirilib. Proqnozla nəzərdə tutulduğundan az vəsaitin xərclənməsi təbii ki, neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə aşağı düşməsi səbəbindən hökumətin daha ehtiyatlı davranaraq büdcədə nəzərdə tutulmuş bəzi müdafiə olunmayan xərclərə qənaət rejimini tətbiq etməsi ilə bağlıdır. Yaranmış vəziyyətdə bu çox düzgün addımdır. Yazılmış təsnifatla büdcə xərcləri müdafiə olunan və müdafiə olunmayan xərclərə bölünsə də əslində büdcədə həmişə 2-ci və 3-cü dərəcəli xərclər kateqoriyasına aid edilə biləcək xərclər mövcuddur və lazım gəldikdə onlara qənaət edilməsi praktikasına hər bir ölkədə rast gəlmək olar. Bir sözlə, nəzərə aldıqda ki, neftin qiymətləri bir il bundan əvvəlkinə nisbətən 2 dəfə, büdcədə nəzərdə tutulan bir barrel üçün 90 dollar səviyyəsindən isə 35-40 faiz aşağı düşüb, deməli, hökumətin büdcə xərclərinə cəmi 15 faiz qənaət etməklə onun icrasını təmin edə bilməsi ancaq təqdir olunmalıdır. Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, ötən hesabat dövrü ərzində büdcədə nəzərdə tutulan sosial proqramların reallaşdırılması və müdafiə olunan xərclərin maliyyələşdirilməsi sahəsində heç bir çətinlik olmamışdı. Əksinə, Nazirlər Kabinetinin son toplantısında əhalinin mənzil şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyev ipoteka kreditləşməsinə büdcədən əlavə olaraq 200 milyon manat ayrılmasını tövsiyə etdi. Altı ay ərzində 3000-ə qədər sahibkar bu sahənin inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 100 milyon manata qədər güzəştli kreditlər alıb.

"Büdcə 40 faiz icra olunub”, “hökumət yeni maliyyə mənbələri axtarır” deyib hökumətin guya bu səbəbdən öz mülküyyətində olan Dövlət Neft Şirkətinin (SOCAR) və başqa təşkilatların səhmlərini satışa çıxara biləcəyini düşünənlər bu təhlili oxuyub özləri üçün nəticə çıxarmalı və anlamalıdırlar ki, siyasi motivlərə söykənən bu cür ucuz çağırışlarla heç bir nəticə əldə edə bilməyəcəklər.