Müsahibənin ilk 7 saniyəsində özünüz barədə necə mükəmməl təəssürat yarada bilərsiniz? | Banco.az

Müsahibənin ilk 7 saniyəsində özünüz barədə necə mükəmməl təəssürat yarada bilərsiniz?

Harri Bernison qlobal konsaltinq şirkəti və dünyanın ən böyük işəgötürmə firması olan “Korn Ferry”nin baş direktorudur. Harri “The New York Times” qəzetinin bestsellerlərinin müəllifidir. Onun ən sonuncu kitabı “Advance: The Ultimate How-to Guide for your Career” karyeranızda uğur qazanmaq istəyirsinizsə, nəzarət altına almalı olduğunuz hər şeyə kənardan nəzər salmağın əhəmiyyətini xüsusilə vurğulayır.

Namizəd müsahibənin ilk yeddi saniyəsi ərzində özü haqqında ilkin rəy formalaşdırır. Bu inanılmaz qısa müddətdə müsahibəni aparan sizin nə qədər cəlbedici, bacarıqlı, etibarlı, aqressiv və ya passiv olduğunuz barədə qərara gələcək. Bu, ədalətsiz yanaşmadır, lakin şüuraltı səviyyədə baş verir.

Bu həqiqəti bilərək ilk yeddi saniyədən maksimum istifadə etməlisiniz. İlk anlardan aranızda müsbət enerji yaransa, müsahibiniz çətinlik çəkdiyiniz sualları izah etməklə, bəzi siqnallarla sizə kömək edəcəkdir. Rekruter bu hərəkəti də şüuraltı səviyyədə həyata keçirir.

Bernison bildirir ki, müsbət təəssürat oyatmaq üçün görüşəcəyiniz şirkəti və şəxsləri müstəqil şəkildə araşdırmalı, müəssisə haqqında daha çox məlumat əldə etməli və aranızdakı ümumi xüsusiyyətləri tapmalısınız.

Kiminlə görüşürsünüz?

Müsahibə planlaşdırılanda görüşəcəyiniz hər kəsin adlarını və vəzifələrini soruşun. Görüşməyi planlaşdırdığınız hər bir şəxsi internetdə araşdırın. Onların profillərini “LinkedIn”də nəzərdən keçirin. Başqa hansı şirkətdə çalışıblar? Bəlkə, ortaq tanışlarınız var?

Potensial oxşarlıqları axtarın

HR öz LinkedIn profilində bir növ ictimai fəaliyyət, idman və ya hər hansı başqa fəaliyyət növünə marağını ifadə etmiş ola bilər. Əgər bu və ya digər şeyə sizin də səmimi marağınız varsa, biruzə verməkdən çəkinməyin. Əgər anlayışınız yoxdursa, riyakarlıq etməyin. Çünki məlumatsızlığınız özünü biruzə verəcək və əlavə xal qazanmaq yerinə rüsvay olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Şirkəti araşdırın

Şirkətin saytındakı hər şeyi oxuyun. Ən son xəbərlərə xüsusilə diqqət yetirin (bunlar şirkətdə baş verənlərin sürətlənmiş kursudur). İctimaiyyətə açıq şirkətlərin illik hesabatını və analitiklərin onlar haqqında dediklərini oxuyun. Aktual mövzuları axtarın: şirkət yeni bir məhsulun bazara çıxarılacağını elan etdi və ya CEO bu yaxınlarda televiziyada şirkət haqqında müsbət xəbərləri paylaşdı. Hətta “Bu yaxınlarda şirkətin yeni bir ... satın aldığını eşitdim. Çox güman ki, həyəcanlı və stresli bir dövr keçirirsiniz” və s. üslubundakı yumşaq bir qeyd söhbətə başlamaq üçün təsirli bir yol ola bilər.

Həmçinin oxu: Dövlət qulluğuna qəbul olmaq istəyənlər müsahibəyə necə hazırlaşmalıdır? – TÖVSİYƏLƏR

Ətrafınızı araşdırın

Birinin evinə ilk dəfə gəldiyiniz zaman, yəqin ki, divardakı sənət əsərlərinə, suvenirlərə, rəfdəki kitablara gözucu da olsa, nəzər salırsınız. Müsahibənin keçirildiyi otağa daxil olanda da eyni şey baş verir. Kiminsə kompüterinin monitoruna baxmadığınız təqdirdə diqqətinizi çəkən bir şey haqqında rəy vermək heç bir qaydanı pozmaz. Müsahibin şəxsi həyatı və ya ailəsi haqqında heç nə söyləməyin. Ancaq müsahibiniz sizə şəxsi bir sual verərsə (məsələn: “harada yaşayırsınız?”), eyni şeyi siz də soruşa bilərsiniz. Müsahibəni aparan şəxs ailəsi barədə nəyisə qeyd edərsə, siz də öz ailəniz haqqında danışa bilərsiniz.

İlk yeddi saniyədən maksimum bəhrələnə bilsəniz, müsahibəniz sorğu-sualdan daha çox söhbətə bənzəyəcəkdir.

Nigar Umaxanlı, Finco.az