ING: Azərbaycanın dövlət borcu 2026-cı ildə ÜDM-in 21 %-dən az olacaq | Banco.az

ING: Azərbaycanın dövlət borcu 2026-cı ildə ÜDM-in 21 %-dən az olacaq

Azərbaycanın dövlət borcunun 2026-cı ildə ÜDM-in 20,9 %-i səviyyəsində olacağı gözlənilir.

Bu barədə Banco.az Niderlandın ən böyük bank qrupu olan "ING Group"a istinadən xəbər verir.

ING-nin hesablamalarına görə, 2027-ci ildə dövlət borcunun səviyyəsi ÜDM-in 22 %-nə qədər artacaq, 2028-ci ildə isə bu göstərici ÜDM-in 23,1 %-nə kimi yüksələcək.

Azərbaycanın ümumi xarici borcunun mütləq ifadədə 2026-cı ildə 15,2 milyard ABŞ dolları (ÜDM-in 18,7 %-i), 2027-ci ildə 16,2 milyard dollar (ÜDM-in 18,3 %-i) səviyyəsində olacağı proqnozlaşdırılır, 2028-ci ilə qədər isə onun 17,2 milyard dollara (ÜDM-in 18 %-i) qədər artması gözlənilir. Analitiklərin qiymətləndirmələrinə görə, ümumi xarici borcun məcmu ixracın həcminə nisbəti 2026-cı ildə 52,2 %, 2027-ci ildə 64 % və 2028-ci ildə 65,9 % təşkil edəcək.

"Bununla yanaşı, profisitli büdcə hesabına ölkənin maliyyə vəziyyəti dayanıqlığını qoruyacaq", - bank qrupunun hesabatında qeyd olunub.

Proqnozlara görə, Azərbaycanın icmal büdcəsinin profisiti 2026-cı ildə ÜDM-in 3,4 %-ni, 2027 və 2028-ci illərdə isə müvafiq olaraq ÜDM-in 1,7 %-ni təşkil edəcək. İcmal büdcənin ilkin profisitinin 2026-cı ildə ÜDM-in 4,3 %-i, 2027-ci ildə ÜDM-in 2,6 %-i və 2028-ci ildə ÜDM-in 2,7 %-i səviyyəsində olacağı gözlənilir.