Dövlət qulluğuna qəbul olmaq istəyənlər müsahibəyə necə hazırlaşmalıdır? – TÖVSİYƏLƏR | Banco.az

Dövlət qulluğuna qəbul olmaq istəyənlər müsahibəyə necə hazırlaşmalıdır? – TÖVSİYƏLƏR

Siz dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikat almısınız? Elə isə əmin ola bilərsiniz ki, müsahibələrə hazırlaşmaq test imtahanına hazırlaşmaqdan, bəlkə də, iki dəfə asandır. Lakin bəzi məqamlara diqqət yetirməlisiniz ki, istədiyiniz vakansiyaya ən uyğun namizəd məhz siz olasınız.

Ən vacib nüans vaxtı düzgün idarə etməkdir. Minimum bir ay lazımdır ki, tələsmədən, gündəlik həyatdan təcrid olunmadan və hər şeyi müsahibəyə 3-4 gün qalmış oxumadan rahatlıqla müsahibəyə hazırlaşasınız. Hazırlaşmalı olduğunuz proqramı 30 gün üzrə paylaşdırın.

Müsahibəyə üç proqram əsasında hazırlaşacaqsınız:

· Ümumi proqram

· Dövlət orqanı üzrə proqram

· Vəzifə üzrə proqram

Hər gün 2-3 saatınızı ayıraraq hər proqramdan bir mövzu oxumaq kifayətdir. Vaxtın azlığından qətiyyən şikayət etməyin. Uğur qazanan insanlar Yupiterdə yaşamır, onların da sərəncamında cəmi 24 saat var. Yuxudan 1 saat tez oyansanız və televiziyada və ya internetdə lüzumsuz verilişlərə baxmasanız, gün ərzində 2-4 saat boş zamanınız yaranacaq. Yolda keçirdiyiniz vaxtı da dəyərləndirə bilərsiniz. Məsələn, “youtube”dan Şamxal Şıxəliyevin qanunvericilik üzrə konspektlərini yükləyib dinləyin. Beləcə qısa və lakonik zəruri məlumatları beyninizə həkk edin.

Həmçinin oxu: Yolda keçən zamanı necə faydalı etmək olar?

Yuxudan oyanmaq yolunuzda ən böyük əngəldir? Elə isə “5 saniyə” qaydasından istifadə edin: Zəngli saatınız çalan kimi “5,4,3,2,1” sayın və gözünüzü açın, yerinizdən qalxın. Niyə? Çünki zəngli saat çalmağa başlayan kimi on dəqiqə də yatmağı, indi oyanmasanız, dünyanın dağılmayacağını və s. düşünürsünüz. Beyniniz komfort zonanızdan çıxmamağınız üçün müxtəlif bəhanələr “istehsal edir”. Buna imkan verməmək üçün beşdən geriyə saymaqla beyninizi blok edin. Bəhanə fikirləşməyə fürsət tapmadan yatağınızdan qalxın. Təcili əl-üzünüzü yuyun, tam oyanmaq üçün səhər gimnastikası və ya sevdiyiniz rəqsi edin. Gümrah və nikbin insan yeni bilikləri də süngər kimi özünə çəkir.

Beləliklə, müsahibə proqramına hazırlaşa bilərsiniz.

Ümumi proqrama Azərbaycan Respublikasının Konstitusiyası və 8 Azərbaycan Respublikasının Qanunu daxildir. Ümumi proqramı, çox güman ki, test mərhələsindən xatırlayırsınız. Təkrar edərək biliyinizi möhkəmləndirmək kifayətdir. Müsahibədə ümumi proqrama aid bu tip suallar verilə bilər:

- Vətəndaşların hansı hüquqları vardır?

- Vətəndaşların hansı azadlıqları vardır?

- Filan maddəni izah edə bilərsiniz? (Əsasən Konstitusiyanın birinci və ikinci bölməsindən bu tip suallar verilir)

- Tutaq ki, iş yerinizdə belə bir vəziyyət yarandı, siz necə hərəkət edərdiniz? Bu, sizin Konstitusiyada müəyyən olunmuş hansı hüquq və ya vəzifənizi əks etdirir? (Buradan aydın olur ki, hüquq, vəzifə və azadlıqlarınızı anlayaraq öyrənməlisiniz. Situasiya sualları zamanı əzbərçilik fayda vermir)

Ən sərfəli kredit üçün müraciət et

- Dövlət qulluğu haqqında AR Qanununda filan maddə necədir? (Bu qanundan mütləq sual veriləcək)

Dövlət orqanı üzrə proqrama dair suallara ərizə verdiyiniz dövlət orqanının əsasnaməsi, strukturu, beynəlxalq əlaqələri, vəzifə və funksiyaları, hüquqları və s. daxildir. Sadaladıqlarım mütləq soruşulacaq.

Vəzifə üzrə proqram da qeyri-adi çətinlik ehtiva etmir. Zamanında proqramı oxumağa başlasanız, bütün suallara cavab verəcəksiniz. Çünki proqramdan kənar heç bir sual verilmir. Situasiya suallarına cavab vermək üçün isə proqramı dəqiq bilmək kifayətdir.

Müsahibədə ilk əvvəl aşağıdakı suallar veriləcək:

- Özünüzü təqdim edin (Tərcümeyi-halınızı danışmayın, onsuz da müraciət formanızda bütün məlumatlar var). Mən — Filankəsova Filankəs Filankəs qızı(oğlu) filan tarixdə filan yerdə anadan olmuşam. Filan ali məktəbdə filan ixtisas üzrə təhsil almışam. Və maksimum bir əlavə cümlə ilə özünüzü xarakterizə edin.

- Ərizə verdiyiniz dövlət orqanının, şöbənin, vakansiyanın adı nədir? Vəzifə öhdəliklərini bilirsinizmi? (Bu iki suala cavab verə bilməmək müsahibədən keçmək şansınızı minimum 90% azaldır)

Qeyd edim ki, xarici dil biliklərinizi yoxlamaq üçün, çox güman ki, bitirdiyiniz ali təhsil müəssisəsinin, ixtisasınızın, ərizə verdiyiniz dövlət orqanının, vəzifənin adını ingiliscə və ya rusca deməyiniz tələb olunacaq. Bu tip suallar bank müsahibələrində HR tərəfindən də verilir. Belə bəsit suallara cavab verə bilməmək sizin üçün böyük mənfidir.

Müsahibədə dünyagörüşü üzrə suallar da böyük əhəmiyyət daşıyır. Aşağıdakı tip suallar verilə bilər:

- 2019-cu il nə ili elan olunub? – Nəsimi ili... – Niyə məhz Nəsimi ili? (Səbəbini bilməyiniz də məqsədəuyğundur. Yaxşı olardı ki, 2015-ci ildən bəri bütün illərin nə ili elan olunduğunu biləsiniz)

- Son dövrlərdə dünyada hansı prosesləri izləyirsiniz? (Konkret cavab verməklə kifayətlənə bilməyəcəksiniz. Tutaq ki, ABŞ-Çin münaqişəsi ilə maraqlandığınızı söyləyəcəksiniz. Elədirsə, münaqişənin yaranma səbəblərini, təfərrüatlarını araşdırın. Diletant olmayın, məsələyə səthi yanaşmaqla komissiyadan əlavə bir xal qazana bilməyəcəksiniz)

Müsahibəyə gedəcəyiniz günün axşamı özünüzü yuxudan məhrum etməyin. Yuxusuzluq insanı yorğun, stresli edir ki, bu da müsahibədə istədiyiniz balı qazanmağa mane ola bilər. Müsahibə əsnasında bədən dilinizə də diqqət yetirin. “Youtube”da bu barədə ətraflı videolar mövcuddur, onları hökmən izləyin. Uzaqgörmə eynəyi taxanlar bu məsləhətimə əməl etsin: Kontakt linza istifadə edə bilirsinizsə, müsahibəyə eynəklə getməyin. Həyəcanlı olduqda refleksiv olaraq əlinizi tez-tez eynəyə aparacaqsınız. Bu da sizin stressinizi biruzə verəcək. Özünüzü gözəl hiss etdiyiniz işgüzar geyiminizi geyinin (minimalizmə əməl edin) və özünəinam, pozitiv hisslərlə müsahibə zalına daxil olun.

Müsahibəyə hazırlaşarkən özünüzü mənfi kökləməyin. Komissiya üzvləri sizə elə bir şərait yaradacaq ki, özünüzü və fikrinizi tam aça biləsiniz. Sizdən sadəcə proqramı tam mənimsəmək tələb olunur. Hər kəsə uğurlar!

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç