Daşınmaz əmlakdan gəlir götürmək istəyənlər nəyə baxmalıdır? – Ekspert açıqladı | Banco.az

Daşınmaz əmlakdan gəlir götürmək istəyənlər nəyə baxmalıdır? – Ekspert açıqladı

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Daşınmaz əmlak alışı təkcə yaşayış yeri əldə etmək deyil, həm də gəlir mənbəyi yaratmaq imkanıdır. Lakin mənzil almağa yatırılan vəsaitin nə dərəcədə gəlirli olacağı bir sıra amillərdən asılıdır. Bəzən yüksək qiymətə alınan əmlak gözlənilən qazancı gətirmir, bəzi hallarda isə düzgün seçim uzunmüddətli gəlir əldə etməyə imkan yaradır. Əmlak bazarında qiymətlərin dəyişməsi, kirayə tələbatı və investisiya riskləri alıcıların qərarlarına birbaşa təsir göstərir. Bəs daşınmaz əmlaka vəsait yatırarkən hansı məqamları nəzərə almaq lazımdır? Əmlakın gəlirliliyini müəyyənləşdirən əsas göstəricilər hansılardır və düzgün seçim etmək üçün nələrə diqqət yetirilməlidir?

Daşınmaz əmlak üzrə ekspert Vüqar Oruc Banco.az-a bildirir ki, daşınmaz əmlak təkcə yaşayış məkanı deyil, eyni zamanda investisiya istiqamətidir.

“Bu gün daşınmaz əmlakı kirayəyə verməklə kifayət qədər gəlir əldə etmək mümkündür. Nəzərə alsaq ki, daşınmaz əmlakın qiyməti ildən-ilə artır, hətta ondan istifadə edilmədikdə belə dəyəri yüksəlir, bu, onun investisiya istiqaməti kimi prioritet hesab olunmasına əsas verir. Zənnimcə, hazırda ölkəmizdə daşınmaz əmlak qədər gəlir əldə etmək imkanı yaradan başqa bir sahə yoxdur.

Məsələn, qızıl kapitalın qorunmasına imkan yaratsa da, onun qiyməti tez-tez dəyişir və artımına zəmanət yoxdur. Daşınmaz əmlakda isə qiymət artımı uzunmüddətli tendensiya kimi müşahidə olunur. Qiymətlərdə müəyyən azalmalar baş versə belə, onların əvvəlki səviyyəyə qayıtması və ya daha da yüksəlməsi mümkündür.

Digər tərəfdən, daşınmaz əmlak ikiqat gəlir əldə etməyə imkan verir. Belə ki, əmlakdan həm kirayə və ya icarə haqqı vasitəsilə gəlir götürmək, həm də illər ərzində onun dəyərinin artmasından faydalanmaq mümkündür. Dünyada elə bir çox aktiv yoxdur ki, istifadə olunduqca və istismar edildikcə bazar dəyərini artıra bilsin. Daşınmaz əmlakın qiymətinin illər ərzində yüksəlməsi də onun gəlirliliyini göstərən amillərdən biridir”.

O deyir ki, bununla belə, daşınmaz əmlakın investisiya baxımından cəlbediciliyini qiymətləndirmək üçün müxtəlif göstəricilərdən istifadə olunur: “Onlardan biri kapitallaşma əmsalıdır. Bu göstərici əmlakın illik kirayə və ya icarə gəlirinin onun bazar dəyərinə nisbəti əsasında hesablanır. Əgər kapitallaşma əmsalı 5%-dən aşağıdırsa, investisiyanın gəlirliliyi aşağı hesab oluna bilər. Göstəricinin 5% və ya daha yüksək olması isə əmlakın gəlirlilik baxımından daha əlverişli olduğunu göstərə bilər.

Məsələn, bir mənzili ayda 1 000 manata kirayəyə verdikdə il ərzində 12 000 manat gəlir əldə olunur. Əgər həmin mənzilin satış qiyməti 400 000 manatdırsa, illik kirayə gəlirini satış qiymətinə bölməklə kapitallaşma əmsalını hesablamaq mümkündür. Bu halda göstərici 3% təşkil edir. Əgər kapitallaşma əmsalı 5% və ya daha yüksəkdirsə, əmlak gəlirlilik baxımından daha məqsədəuyğun investisiya hesab oluna bilər”.

“Bu baxımdan, daşınmaz əmlaka investisiya qoyarkən onun qiymətini, əldə ediləcək kirayə gəlirini və kapitallaşma əmsalını birlikdə qiymətləndirmək vacibdir. Ümumilikdə, daşınmaz əmlak uzunmüddətli gəlir əldə etmək və kapitalı qorumaq baxımından cəlbedici investisiya istiqamətlərindən biridir” – deyə ekspert əlavə edib.