“Müdirlər qorxur ki, işçini yetişdirsələr, o gedə bilər” – İlkin Mirzəzadə | Banco.az

“Müdirlər qorxur ki, işçini yetişdirsələr, o gedə bilər” – İlkin Mirzəzadə

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

“Azərbaycan biznes reallığında liderlərdən daha çox müdirlər var.Onlar hər xırda detalı özünün bildiyi kimi edir,işçinin fikri ilə demək olar hesablaşmırlar. Düşünürəm ki,ölkədə bu düşüncədə olan 99 faiz rəhbər statusunda olanlar müdirlərdir”.

Bu fikirləri Banco.az-a “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyib.

Onunla biznes dünyasında lider və müdir anlayışları arasında fərqliliklər, şirkəti inkişafına və zəifləməsinə səbəb olan məqamlar barədə söhbət etdik. Bu haqqda olan müsahibəmizi təqdim edirik:

-İlkin bəy, liderin üstün keyfiyyətləri hansıdır?

Bilirsiniz, çox az adam həqiqətən də lider olmağı bacarır. Həmin liderlər proseslərdən daha çox nəticəyə fokuslanırlar. Lider olan şəxs komandanı ideyaları ətrafında bir hədəfə doğru birləşdirən şəxsdir. Lider ruhlandırmalı, hörmət etməyi, eləcə də liderə qarşı hörmət olunmasını tələb etməyi bacarmalıdır. Ümumiyyətlə, şəxsin liderlik qabiliyyəti çətin zamanlarda bilinir. Yaxşı zamanda liderlik etməyi hamı bacara bilər. Əgər lider çətin zamanlarda situasiyalardan çıxa bilərsə, həmin şəxsin lider olduğunu deyə bilərik. Dünyanın siyasi tarixinə baxsaq görərik ki,  belə zamanlarda edilən liderlik daha çox yadda qalır, nəinki daha rahat zamanda.

Kollektivi komandaya çevirən liderdir. Bəs bir komanda da bir neçə lider olarsa, bu fayda verər yoxsa əksinə?

Komandada bir idarəedici şəxsin olması daha yaxşıdır. Ondan aşağı kateqoriyada başdakı liderin ideyalarını tətbiq edəcək şəxsin olması daha üstün sayılır. Başdakı liderin ideyası komandanı başqa bir tərəfə çəkə bilər, onun altındakı olan liderin ideyası isə digər yönə. Bu da komandanın dağılmasına gətirib çıxara bilər.  Hətta bir neçə lider olsa belə onlar vahid hədəfə doğru getməyi bacarmalıdırlar.

- Necə düşünürsünüz, iş yerlərində müdir olmaq keyfiyyətə daha çox təsir edir, yoxsa lider olmaq?

Lider olmaq daha çox keyfiyyətə təsir edir.  Lider olanda işçilər sənin yanında uzunmüddətli qalır, liderə qarşı loyal olur, həmin əməkdaşlarla istənilən nəticəni ortalığa qoymaq olur. Nəticədə, liderin idarə etdiyi şirkət inkişaf edir. Bu daha yaxşıdır. Müdirlər isə  daha çox sərt reaksiya ortalığa qoyan belə bir yanaşma nümayiş etdirən şəxslərdir. Düzdür, lider də çox yumuşaq deyil,  balanslı siyasət yürütməyi bacarmalıdır. Bu da işin keyfiyyətinə müsbət təsir edir.

- Nə üçün əksər iş yerlərində işçinin inkişafından daha çox müdirin şəxsi maraqları ön planda olur?

Azərbaycanda əksər sahibkarlar bəlli bir hirsə görə iş qururlar. Misal üçün,hansısa bir şəxsin əmək haqqısı gecikdirilib, ideyalarına dəyər verilməyib, o da özünü ön plana çıxarmaq üçün iş qurur. Belə şəxslər işçinin inkişafını ikinci tərəfə qoyurlar.

Bizim ölkədə real biznes şəraiti 2015-ci ildən yavaş-yavaş yaranmağa başlasa da, 2019-cu ildən sonra inkişaf etsə də, 2020-ci ildə pandemiya dövrü biznes dünyasını iflic etdi.  Bundan sonra yenidən dirilən bu sferada şirkətlər  təsis olundu, bazar canlanmağa başladı. Təbii ki, bu da şirkət daxilində formalaşan auraya bir qədər təsir edir.

 - Müdirlər gələcək üçün məhsuldar işçi yetişdirməkdən niyə qorxurlar?

Çünki düşünürlər ki,  işçini yetişdirəndən sonra o gedə bilər. Amma bu yanaşmadan daha çox “Mən işçini yetişdirməsəm, mənə nə qədər ziyan vurar?”,- deyə düşünmək lazımdır.

Bizdə konsaltinq şirkətidir, mən işçini yetişdirməsəm, o qanuni sənədləri səhv hazırlayıb həm mənə, həm də  müştəriyə ziyan vuracaq.  Ona görə də işçini yetişdirmək, müsbət iş şəraiti yaratmaq lazımdır ki, o liderin yanında qalsın getməsin. Əgər rəhbər özünə güvənirsə, pozitiv iş şəraiti varsa, işçi o mühitdən getmək istəməyəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

- Yerli iş sferasında dörd adamın işini görə biləcək işçilərə daha çox tələbat var. Bu prizmadan yanaşan idarəçilər kəmiyyətin təsirlərinin fərqində niyə olmurlar?

Bəli, yerli sektorda  bir neçə şəxsin işini bir nəfərə yükləyirlər. Bu Azərbaycanın mənfi reallığıdır.  Əlbəttə, bu düzgün yanaşma deyil. Bəlli bir nöqtədən sonra da effekt olmur, qırılır. Amma belə bir nüans var ki, yeni yaranan şirkətlərdə bir neçə nəfərin işini bir nəfər görməyə məcburdur. Amma inkişaf etmiş, müəyyən qədər oturuşmuş, bir neçə il ayaqda qalmış biznesdə artıq bir nəfər bir neçə nəfərin işini görməli deyil. Bu da keyfiyyətə çox təsir göstərir.

-Tez-tez rastlaşdığımız vəziyyətlərdən biridir. Şirkətdə 20  işçi var, amma əksəriyyət eyni işi görür, nəticə də təbii ki, zəifdir. Nə üçün bir çox rəhbərlər, HR-lar  işçi seçərkən onların potensialını düzgün qiymətləndirə bilmirlər?

Doğrudur, belə faktlar çoxdur.  Şirkətdə əksəriyyət eyni işi görür, hər on nəfərdən yeddi- səkkizi müdirdir rəhbərdi. Belə şeylər çox olur. Bəzi HR-lar düşünür ki, potensiallı işçi gətirərəm, o da inkişaf edib mənim yerimi tuta bilər. Ona görə işçinin potensialını düzgün qiymətləndirmir, özlərinin yerinə keçəcəklərindən qorxurlar.

 Bu çox səhv yanaşmadır, şirkətin zəif nəticə göstərməsinə səbəb olur. Yəni bu heç bir şəkildə düzgün deyil.

 -  İlkin bəy, bir az da bu vəziyyətə görə işçi günahkar sayıla bilərmi? Rəhbərin gözündə yaxşı görünmək, işini itirməmək üçün bir çoxları yükü ağır olsa da səsini çıxarmır.

Ümumiyyətlə, şirkətdə siyasət olmamalıdır. Şirkətdə hamı bir-birinə qarşı səmimi olmalı, konkret nə var, nə yox deməyi bacarmalıdır. “Ağır yükü götürüm mənə xoş baxsınlar”,-fikri düzgün deyil. Eləcə də qarşı tərəfindən rəhbərin də bundan sui-istifadə etməsi də doğru sayılmır. Müdirlər tərəfindən daima işçini yükləmək,  sonunda “burnout”a gətirib çıxarır. Bu zaman  işçilər tükənir və həmin şirkətdən gedir.

 -  Gənc nəsil daha çox Amerika filmlərinin təsiri altında bir anda yüksəlmək və ya bəzi milyarderlər kimi təhsili yarımçıq qoyub varlanmaq həvəsində karyeraya hədəflənirlər.  Bir zamanlar mən də “Avropada, Amerikada doğulsaydım daha şanslı olub addımlayardım”,  – deyə düşünmüşəm. Necə fikirləşirsiniz, bu prizmadan yanaşaraq iş dünyasında “Coğrafiya da taleyə təsir edir” düşünüb hədəflərə fokuslanmalı yoxsa ağıllı insan, lider olmağı hədəfləyənlər üçün mühitin heç bir təsiri yoxdur?

Çox maraqlı sualdır. (Gülür) Bilirsiniz, uğurlu  insanların böyük həyatının yalnız bir qismini paylaşıb insanları heyrətə salırlar. Misal üçün,  filankəs təhsilini atdı, milyarder oldu. Amma heç kim o şəxsin təhsilini atdıqdan sonra milyarder olmağa qədər keçdiyi o dövr barədə düşünmür. Hər bir ölkənin iqtisadiyyatı fərqlidir.  Amerika kimi liberal iqtisadiyyatı olan ölkələrdə  daha çox çalışsan, Azərbaycandan 20-30 dəfə daha çox nəticə ortalığa qoya bilərsən. Amma bu o demək deyil ki, Azərbaycanda heç bir nəticə ortalığa qoya bilməzsən. Hər bir insanın potensial iş görməli olduğu ölkə var. Hamı müdir, rəhbər ola bilməz. Əgər hamı rəhbər olsa, bəs əməkdaş kimi olacaq?. Ona görə də potensialı düzgün qiymətləndirmək lazımdır. Fərz edək ki, milyarder oldun, bəs sonra  o prosesi idarə etmək, varlığını qorumaq var. Yəni hər bir mərhələdə problem daha çox olur.

İnsanlar düşünür ki, bu gün 500 manat əmək haqqı alıramsa, sabah o 1500 manat olsa bu məbləğin 1000 manatı kənara qoya bilərəm. Amma bu elə olmur. Çünki sən çox qazandıqca xərclərin də artır.Kapitalist sistemin qaydası budur. Həyatını gözəlləşdirmək üçün daha çox xərcləməli olursan. Ona görə də düşünürəm ki, xəyallara qapılmayıb real iş görmək lazımdır.

Müsahibə üçün təşəkkür edirəm.

Mən də təşəkkür edirəm, Uğurlar!.