Minimum əməkhaqqının artırılma mexanizmi necə ola bilər? – İqtisadçı izah etdi | Banco.az

Minimum əməkhaqqının artırılma mexanizmi necə ola bilər? – İqtisadçı izah etdi

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Ölkəmizdə  saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi zəruri görünsə də, tətbiq ediləcəyi təqdirdə büdcə sektorunda çalışanların maaşlarının əvvəlkindən daha çox artacağını gözləməyə dəyməz”. 

Bunu Banco.az-a iqtisadçı Pərviz Heydərov deyib. O hesab edir ki, iş saatına görə ödəniş həm işçi, həm də işəgötürən üçün daha mükəmməl mexanizm sayılır:

“Minimum əməkhaqqının aylıq deyil, saatlıq iş rejimi əsasında tətbiqi büdcə sistemində çalışanların maaşlarına indiyədək olduğundan artıq təsir etməyəcək və edə də bilməz. Minimum əməkhaqqının özünün artırılması məsələsinə isə gəldikdə isə qeyd edim ki, cari ilin birinci rübü ərzində dövlət büdcəsinin icrası nəticələri nöqteyi-nəzərindən buna ilin ikinci yarısında imkan var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi noyabrın 1-dək bu barədə təkliflərini verəcək. Son 5 ildə sözügedən göstərici 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə ötən il, yəni 2023-cü ildə yüksəldilib. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artıb.

Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il xüsusi ilə seçilib. Həmin ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əmək haqqı 130 manatdan 250 manata qaldırıldı. Və sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.  Amma sözügedən göstərici ilə bağlı yenə hər şey tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti, rolu bir daha artırılmalıdır. Qeyd olunan göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Çünki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik götürüb”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı qeyd edib ki, bu məsələdə düşünülməmiş addım atmaq  olmaz. Ekspert hesab edir ki, minimum əməkhaqqının əsassız olaraq artımı dövlət sektorunda çalışan 700 min nəfərdən çox işçinin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın yeminə çevirə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et