Milad bayramını qeyd etməyən və ya çox fərqli tərzdə qeyd edən ölkələr | Banco.az

Milad bayramını qeyd etməyən və ya çox fərqli tərzdə qeyd edən ölkələr

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yeni ilin ilk xəbərçisi olan Milad ərəfəsi yaxınlaşdıqca demək olar ki, hər yerdə bununla bağlı hazırlıqlar görürük. Avropa ölkələrində onun böyük təm-təraqla qeyd olunduğunu bilirik, bəs görəsən planetin başqa yerlərində vəziyyət necədir. Belə ki, Milad bayramının dünyanın müxtəlif yerlərində fərqli mənaları və qeyd etmə ənənələri var. Bəzi ölkələr ümumiyyətlə bu günü bayram kimi qeyd etməzkən, bəzilərində adət-ənənələr Avropada olduğundan fərqli icra edilir.

Banco.az bugünkü məqalədə bəlkə də heç vaxt gəzib-görmədiyiniz yerlərin bayram ənənələrini təqdim edir.

Əvvəla, məlumat üçün qeyd edək ki, Milad bayramının rəsmi bayram, yəni qeyri-iş günü olmadığı ölkələrə Əfqanıstan, Əlcəzair, Azərbaycan, Bəhreyn, Butan, Bruney, Kamboca, Çin (Honkonq və Makao istisna olmaqla), Komor adaları, İran, İsrail, Yaponiya, Küveyt, Laos, Liviya, Maldiv adaları, Mavritaniya, Mərakeş, Şimali Koreya, Oman, Qətər, Səhravi Respublikası, Səudiyyə Ərəbistanı, Somali, Tayvan (Çin Respublikası), Tacikistan, Tailand, Tunis, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Vyetnam və Yəmən aiddir.

İndi isə gəlin daha ətraflı tanış olaq.

Yaponiya, Çin və Hindistanda Milad bayramı

Yaponiya

Bu üç ölkəni birləşdirən heç bir din və ya inanc olmasa da, onlarda xristianlığın az olması və ya olmaması, əslində hər üçünün ortaq nöqtəsi hesab edilə bilər. Bununla belə, xüsusən Yaponiya Milad bayramının bir çox dünyəvi aspektlərini, məsələn, hədiyyə vermə, dekorasiyalar və şam ağacı bəzəmə adətlərini mənimsəmişlər. Milad adətən Qərbdə ailəvi və emosional bayramdırsa, Yaponiyada bu daha çox dostlarla vaxt keçirmək, alış-veriş etmək və ya cütlük kimi əylənmək üçün əla fürsətdir.

1947-ci ilə qədər İngiltərənin koloniyası olan Hindistanda bir çox ingilis adətləri hələ də qalmaqdadır. Əhalisinin təkcə 2,3 faizlik qismi (1231 milyarddan az) xristian olsa da, Milad bayramı bu ölkədə rəsmi bayram kimi qeyd olunur. Xristianlar, xüsusən də katoliklər Gecəyarısı Ayini mərasimində iştirak edirlər. Hindistandakı bir çox xristian evləri Milad beşikləri və Milad ağacları ilə bəzənir və insanlar evlərinin kənarında parlaq işıqlı ulduzlar asırlar. Xristian missionerləri tərəfindən idarə olunan bir çox məktəblərdə isə uşaqlar Milad proqramlarında fəal iştirak edirlər. Milad bayramı Hindistanda digər dinlərin nümayəndələri tərəfindən də getdikcə daha çox qeyd olunmaqdadır. Şimal və Şimal-Qərbi Hindistanda Milad bayramı "Bada Din" (Böyük Gün) kimi tanınır və insanlar bu günü ağac əkməklə keçirirlər.

Hindistan

Çində isə 25 dekabr, yəni Milad günü qanuni tətil hesab edilmir. Bununla belə, Böyük Britaniya və Portuqaliyanın keçmiş müstəmləkələri olan və hazırda Çinin xüsusi inzibati bölgələri statusu daşıyan Honkonq və Makao hələ də bu günü rəsmi bayram kimi qeyd edir. Çin də Yaponiya kimi Qərbin bir çox adətlərini, məsələn, kart göndərmək, hədiyyələr mübadiləsi, dekorasiyalar, corab asmaq, dostlarla vaxt keçirmək və başqalarını icra edirlər.

Çin

Pravoslav xristianlar üçün Milad bayramı

Xristianlıq, dünyanın əksər hissəsində geniş yayılmış olsa da, bu dinin də müxtəlif qolları mövcud olduğundan xristianlığın yaranışını simvollaşdıran Milad bayramı da fərqli adət-ənənələrlə qeyd olunur.

Pravoslav xristianlıq katoliklik inancının parçalanması və Bizans imperiyasının qüdrətinin daha geniş ərazilərə yayılması nəticəsində ortaya çıxıb. Xristianlığın bu qoluna mənsub olanlar isə əsasən, Mərkəzi Avropa, Balkanlar və hətta Rusiya ərazisinində məskunlaşmışlar.

Dünyanın bu hissələrində meydana gələn mədəniyyətlərin maraqlı qarışığı Milad bayramına Qərbdən fərqləndirən unikal adətlər qazandırıb. Əsaslı fərqlərdən biri isə tarixlə bağlıdır, belə ki, Milad bayramı Qərbdə dekabrın 25-də, pravoslavlar arasında isə yanvarın 7-də qeyd olunur, bu da onların istifadə etdikləri təqvimlə bağlıdır. Çünki katoliklər Qriqorian təqvimindən, provaslavlar isə Yuli təqvimindən istifadə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Avropa ölkələrində (Almaniya, Avstriya və İsveçrə kimi alman dilli ölkələr, eləcə də Çexiya, Polşa, Slovakiya, Sloveniya, Macarıstan) əsas bayram 24 dekabr, yəni Milad ərəfəsi hesab edilir. Gün boyu insanlar adətən oruc tuturlar, axşam isə ənənəvi Milad naharının hazırlanması başlayır. Şam yeməyi ilə bağlı ənənələr isə bölgədən-bölgəyə dəyişir, məsələn, Polşa, Çexiya və Slovakiyada üstünlük verilən yemək, adətən kartof salatı və kələm şorbası ilə servis edilən qızardılmış sazan balığıdır. Mərkəzi Avropada Milad bayramının ümumi atributlarına isə Milad ağacları, ökseotu bitkisi, Milad çələngləri və beşikləri daxildir.

Almaniya

Balkan ölkələrinin daxilində müxtəlifliklər özünü göstərir. Belə ki, Bosniya və Herseqovina, Xorvatiya və Sloveniyada Milad bayramı əsasən dini bayram kimi qeyd olunur. Bu ölkələrdə Milad həmçinin ailə ilə nahar etmək üçün ideal fürsətdir. Həmin gün böyük bir ziyafət hazırlanır və müxtəlif desertlərlə yanaşı kələm dolması, hinduşka, qazan qovurması, pide və hisə verilmiş ət kimi ənənəvi yeməklər servis edilir.

Bayram dövrü Yunan təqvimi ilə noyabrın 30-dan yanvarın 6-dək olan günləri əhatə etsə də, 25 və 26 dekabr Yunanıstanda rəsmi bayramdır. Yunan dilində Milad Christougena (Χριστούγεννα) kimi tanınır və insanlar bir-birinə Kala Christougenna (Καλά Χριστούγεννα) deyərək Milad bayramını təbrik edirlər.

Yunanıstan

Rusiyada da Milad, əsasən dini hadisə kimi əhəmiyyət kəsb edir. Milad ərəfəsində (6 yanvar) İlahi Liturgiya ilə birləşən Kral Saatları və Vesperlər də daxil olmaqla bir neçə uzun ayin icra olunur. Daha sonra ailələr ənənəvi Milad ərəfəsi "Müqəddəs Şam yeməyi" üçün evə qayıdır və bu zaman süfrəyə on iki Həvarinin hər birinə ehtiram əlaməti olaraq 12 yeməkdən düzülür.

Rusiya

İslam ölkələrində Milad bayramı

Milad bayramı xristian dini ilə bağlı olduğu üçün əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə təbii haldır ki, bu gün rəsmi bayram kimi qeyd olunmur. Ancaq Səudiyyə Ərəbistanı və Somalidə isə ümumiyyətlə Milad bayramı ilə bağlı hər hansı tədbirlərin ictimai nümayişi qanunsuzdur. Bununla yanaşı, xüsusən Avropa və ABŞ ilə güclü ticarət əlaqələrinə sahib ölkələr ərazisindəki xristian azlıqların bu bayramına olduqca müsbət yanaşır. Onların arasında da şənliklərin demək olar ki, Avropanın hər hansı bir şəhərində olduğu kimi təm-təraqla keçirildiyi Qətər və Birləşmiş Ərəb Əmirlikləri xüsusən diqqəti cəlb edir.

Birləşmiş Ərəb Əmirlikləri

Dini inancından və düşüncə tərzindən asılı olmayaraq bütün bayramlara əyləncə və sevinc mənbəyi kimi baxan hər kəsə Milad işıqlarının parıltısı kimi gözəl günlər arzu edirik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram