Mikromaliyyələşdirmə nədir? | Banco.az

Mikromaliyyələşdirmə nədir?

Mikromaliyyələşdirmə dedikdə - yenicə fəaliyyətə başlayan və inkişaf üçün ənənəvi bank maliyyəsinə yol tapmaqda çətinlik çəkən mikro həcmli və xırda sahibkarların maliyyələşdirilməsi başa düşülür. Hətta bunu bəzi mənbələrdə “ilkin maliyyə yardımı” adlandırırlar. Bu mikromaliyyələşmənin klassik izahından fərqli yanaşmadır. Klassik izahda ona baza - təməl maliyyələşdirmə kimi tərif verirlər yəni, qısa müddətə yuxarı faizlə yeni başlayan müəssisələrə və ya dövriyyə vəsaiti üçün verilən az miqdarda pul.

Hal-hazırda mikromaliyyə Azərbaycanda inkişaf mərhələsindədir. Burada əhalinin müxtəlif səviyyəli təbəqələri təmsil olunur. Belə ki, həm kiçik manufaktura tipli bizneslər, həm də nisbətən kiçik və orta bizneslər, eləcə də ev təsərrüfatı ilə məşğul olan vətəndaşlar belə kreditlərdən istifadə edirlər. Birinci qrup müştərilər əgər öz bizneslərini genişləndirmək məqsədi ilə kredit alırlarsa, ikinci qrup müştərilər isə öz yaşamlarını təmin etməkdən ötrü xırda borclara girib ev təsərrüfatlarını genişləndirirlər. Bu səbəbdən bu kreditlər əhalinin sosial iqtisadi durumuna müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, mikromaliyyələşmənin ilkin mərhələsində, bu proses ölkədə hələ təzə-təzə start götürəndə iri banklar mikrokreditlər verməkdə o qədər də maraqlı deyildilər. Onlar sadəcə əhalinin aşağı təbəqələrindən olan müştərilər ilə işləmək istəmirdi, bu tip müştərilərə güvənmirdi, belə kreditlərin verilməsi riskli hesab olunurdu. Banklar öz diqqətini əsasən Bakı və ona ətraf ərazilərdə cəmləşdirmişdi.

Regionlarda və ucqar ərazilərdə kreditə tələbat daha böyük idi. Adətən, adi kəndli libasında olan və maddi durumları olduqca zəif olan bu insanlar dəbdəbəli bank ofislərinə daxil ola bilmirdi. Məsələ onda deyildi ki, belə insanları banklara buraxmırdılar. Təsəvvür edin ki, insan kənddə yaşayır, təsərrüfatını qoyub harasa gedə bilmir, kredit üçün müraciət etməkdən ötrü o gərək Bakıya gələ, bir neçə dəfə get-gələ düşə, burda qaldığı müddətdə onun xərcləri çıxacaqdı, üstəgəl sadə dillə desək “yol pulu” və s. Sanki bu insanlar həm də daxili kompleks yaşayırdı. Onlar “yox” cavabı alacaqlarını bilirdi. Beləliklə, bu dövrdə yaranan mikromaliyyə təşkilatları öz hədəf seqmentləri kimi məhz əhalinin bu qrupunu seçdilər.

Onların əsas missiyası əlçatmaz ərazilərdə yaşayan, maddi durumu olduqca çətin olan, ev təsərrüfatını və xırda biznesini qurmaq istəyən və ya mövcud biznesini nisbətən böyütmək istəyən, Bakıya gəlib-getməyə imkanları olmayan, iri banklara müraciət etmiş və müraciətləri cavabsız qalmış insanlara yardım göstərmək, onlara öz bizneslərini dirçəlmək şansı vermək idi. Bu proses özünü həqiqətən doğrultdu. Bunun ölkənin ümumi iqtisadi inkişafı və əhalinin maddi rifahının düzəlməsi də sübut edir. Mikro kreditlərə olan tələbat o qədər böyüdü ki, bu sahənin gəlirliyi hətta iri bankların da diqqətini çəkdi. İndi onlar böyük həvəslə bu prosesə qoşulub və ənənəvi sahəsi mikro-kreditlər vermək olan bank olmayan kredit təşkilatları ilə də rəqabətə girirlər. Məsələ ondadır ki, digər kreditlər ilə müqayisədə mikrokreditlərin faizləri daha böyükdür və onlar yüksək gəlir gətirir. Bankların bu işə maraq göstərməsinin əsas səbəbi bundadır. Əgər 2003-cü ildə mikromaliyyələşmə ilə məşğul olan şirkətlərin sayı 13 ədəd idisə (bu sırada yeganə bank Mikro Maliyyələşmə bankı - hazırki Accessbank idi), indi onların sayı 30-a çatıb.

Bu sahədə ad qazanmış bank və kredit təşkilatları bunlardır: 

Accessbank, Finca Azərbaycan BOKT, Vijn Fond Azərbaycan BOKT, Unibank , Viator BOKT  

Bank of Baku

Bu sahədə tədqiqatlarını uzun zamandır həyata keçirən, həmçinin belə demək mümkünsə, keçid dövrü yaşayan Şərqi Avropa ölkələrində bu sahədə təcrübə göstərir ki, mikromaliyyələşdirmə iqtisadiyyatın bazar strukturunun formalaşmasına, sosial gərginliyin aradan qaldırılmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, məşğulluqla təmin olunma və sahibkarlığın inkişafına, inhisarçılığın qarşısının alınmasına, rəqabət şəraitinin yaradılmasına, bazarların əmtəə və xidmətlərlə təmin olunmasına və s. kimi çox mühüm iqtisadi proseslərin həyata keçirilməsində əvəzedilməz rol oynayır.

Ən sərfəli kredit üçün müraciət et

Mikroiqtisadi fəaliyyətlə məşğul olan biznes sahiblərinin və bu sahədə fəaliyyətə yenicə başlayanların maliyyə tələbatları bank sektoru tərəfindən kifayət qədər təmin olunmadıqda, bunların maliyyə xidmətlərilə təmin olunmasının əsas yolu mikromaliyyələşdirmə proqramlarıdır. “Nə üçün bu belədir?” sualı isə müəyyən bir tədqiqatın nəticəsində əldə olunan cavabı əks etdirir.

Böyük həcmli maliyyə tələb edən geniş biznes fəaliyyəti ilə məşğul olan müəssisələr, milli iqtisadiyyatda baza tələbləri “geniş miqyaslı istehsalla qənaət” effekti ilə təmin edirlər. Mikro-xırda sahibkarlıqla məşğul olan müəssisələr isə lokal xarakterli və spesifik tələbi olan xüsusi əmtəələrə olan tələbi ödəyir. Buraya innovasiyaları da aid etmək olar. Bu prinsiplə işləyən müəssisələrin maliyyə vəsaitləri ilə təmin olunması problemi elə buradan aydın olur :

  • xırdadırlar;
  • yenidirlər;
  • kredit tarixçəsinə malik deyillər.

Buna görə banklar da öz növbəsində belə düşünür: ayrılmış kreditin risklilik dərəcəsi böyükdür və şərtlərdə bu nəzərə alınmalıdır. Risklilik dərəcəsinin yuxarı olması ilə təyin edilən şərtlər necə olacaq artıq hər kəsə aydın olur. Bundan başqa bank sektoru daha böyük müəssisələrin maliyyələşməsinə istiqamətlənmiş olur.

Bütün bunlar nəzərə alınaraq, mikro-xırda müəssisələrə dayaq olmaq məqsədilə atılmalı olan addımlar siyahısına güzəştli şərtlərlə maliyyələşmə, bankların, investisiya fondlarının və s. bu sahəyə investisiya cəlb olunması üçün birgə fəaliyyəti, münbit iqtisadi şəraitin yaradılması və s. daxildir.

Mikromaliyyələşmənin əsas məqsədlərindən biri də yoxsulluq ilə mübarizədir. Daha doğrusu, o, qlobal yoxsulluğu aradan qaldırmaq baxımından ən səmərəli strategiya hesab olunur. Bu məqsədlə mikromaliyyə sxeminin dünyada geniş tətbiqini Dünya Bankı, Asiya İnkişaf Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və s. təşkilatlar aktiv sürətdə dəstəkləyirlər.

Mikromaliyyələşmənin müsbət və mənfi təsirləri ilə bağlı bir sıra fikirlər mövcuddur. Mikromaliyyənin müsbət təsirləri haqqında əsas arqumentlər ondan ibarətdir ki, mikromaliyyə sahibkarlığı, o cümlədən, kiçik və orta biznesi iqtisadiyyatın inkişafına yardım edir. Bu da öz növbəsində məşğulluğu, əhalinin aztəminatlı təbəqələrinin gəlirlərinin, aktivlərinin və maddi rifah halının artmasına müsbət təsir göstərərək, maddi-mənəvi yoxsulluğun azaldılmasını təmin edir. Eyni zamanda mikromaliyyə qadınların məşğulluğuna, eləcə də əhalinin həssas qruplarının biznes bacarıqlarının, özünəinam hislərinin, biznes gəlirlərinin və icma səviyyəsində aktivliyin artırılmasına da müsbət təsir göstərir. Mikromaliyyənin mənfi təsirləri ilə bağlı arqumentlər, əsasən, mikro kreditlərin yüksək faiz dərəcəsi nəticəsində müştərilərin daha da yoxsullaşması, uşaq  əməyinin artması və cəmiyyətdə psixoloji gərginliyin yaranması ilə əlaqədardır. Dünyanın bir sıra ölkələrində mikromaliyyələşmə özünün müsbət təsirlərini yoxsulluğun azaldılmasında göstərməkdədir. Buna misal olaraq Banqladeş, Keniya, Peru və s. ölkələri göstərmək olar.

Könül Soltanova /Banco.az