“Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artmasının manatın “tam üzən məzənnə”yə keçidi ilə heç bir əlaqəsi yoxdur.
Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni, onsuz da baş bankımız valyuta satmırdı. Yanvarda dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb”.
Banco.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.
Ekspert AMB-nin valyuta ehtiyatlarının artımını Neft Fondundan transfer edilən pullar ilə əlaqələndirir.
“Valyuta ehtiyatına daxil edilən avro 2,7%, funt sterlinq isə 1,9% bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15% civarındadır.
Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait haradan yaranıb? Ehtiyatların idarə edilməsindən o qədər artım əldə etmək mümkün deyil.
Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6,7% azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir.
Yeganə səbəb kimi Neft Fondunun “makroiqtisadi sabitlik” məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar.
Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb”.
Onun sözlərinə görə, bank Neft Fondunun pullarından valyuta ehtiyatlarının növbəti aylarda artırılması üçün istifadə etməyəcək:
“Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların (Beynəlxalq Bank, dövlət şirkətləri və s.), həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də, növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı fevralın 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb.
Məlum olur ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9% artaraq 4 milyard 327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb.