Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan planlı yoxlamalar nəticəsində iki ödəniş xidməti təchizatçısında qanunvericilik və normativ tələblərin pozulması aşkar edilib.
AMB xəbər verir ki, Baku Pay MMC-də ödəniş xidməti istifadəçilərinə məxsus vəsaitlərin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sahələrində ciddi çatışmazlıqlar müəyyən olunub. Bu səbəbdən şirkətə aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.
Eyni zamanda Fizza Pay MMC üzrə aparılan nəzarət tədbirləri çərçivəsində daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi sahələrində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş tətbiq olunub.
Qərarlar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 48.2.4-cü maddəsi və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən qəbul edilib.
