Müəllif: Gülnar Əhmədli, Banco.az
Kredit bir çox insan üçün yaşayış şəraitini yaxşılaşdırmağın, övladının təhsil xərclərinin qarşılamağın, biznes qurmağın və ya gözlənilməz maliyyə çətinliklərinin öhdəsindən gəlməyin əsas vasitələrindən biridir. Kredit almaq yalnız bugünkü ehtiyacları ödəmək deyil, həm də gələcək məsuliyyətlərə hazır olmaq deməkdir. Elə bu səbəbdən, kredit götürənlərin həyat risklərində sığorta təminatı günümüzdə təkcə maliyyə aləti yox, sosial təhlükəsizlik vasitəsi kimi də önə çıxır.
Son zamanlarda ölkəmizdə sığorta sahəsində baş verən irəliləyişlərdən biri də kredit həyat sığortasının gündəmə gəlməsi olub.
Nədir kredit sığortası?
Kredit götürən şəxsin həyatında baş verə biləcək gözlənilməz hallar – ölüm, əlilik təkcə onun üçün deyil, ailəsi və krediti verən bank üçün də ciddi maliyyə riskidir. Kredit sığortası belə hallar zamanı borcun qaytarılmasını təmin edən edən maliyyə məhsulu növüdür. Bu zaman həyat sığortası vasitəsilə yaranan borcun ödənməsi sığorta şirkətinin üzərinə keçir və ailəni yükdən azad olur.
Bu cür sığorta məhsulu kredit götürənə:
Həyatının risk altında olduğu hallarda yaxınlarını borcdan qorumağa, banklara isə kreditin qaytarılma riskini azaltmağa imkan verir. Yekunda vətəndaş kredit götürərkən ailə üzvünü borcla baş-başa qoymur.
Təsəvvür edin ki, bir ata öz gələcəkləri üçün kredit götürür. Ödəniş planını qurur, ümidlə sabahı düşünür. Amma sabah gəlmir. Qəfil bir ölüm gəlir. Və ondan geriyə yalnız xatirələr və kredit sənədləri qalır.
Bu ssenari uydurma deyil. Bu gün Azərbaycanda belə ailələrin sayı kifayət qədərdir. Bank isə yalnız sənədə baxır: kredit var – deməli, ödəmə olmalıdır.
Bu zaman həyat sığortası sadəcə maliyyə aləti kimi deyil, bir qalxan kimi ailənin köməyinə yetişir. O, ailəni qoruyan görünməz müdafiə xəttidir. Əgər vəfat edən şəxs vaxtında kreditini sığortalayıbsa, həyat yoldaşı, qızı və ya oğlu onun gedişindən sonra daha bir çətinliklə üzləşməli olmur.
Belə bir misala da nəzər salaq:
Ötən il 100 nəfər kredit götürəndən 3 nəfəri qəfil vəfat edibsə, onun krediti (10 000, 15 000 manat və. s daha yuxarı məbləğdə) ailəsinə və ya zaminə miras qalıb. Bu zaman bir sual yaranır: Əgər kredit götürən vəfat edəcəyini bilsəydi, yenə də sığortasız kredit götürərdimi?
Sığortasız kredit açarsız bir kiliddir. Qapı bağlananda ailə içəridə qalır. Ona görə, kredit alan zaman hər şey yaxşı olacaq deyərkən, nəzərə almaq lazımdır ki, həyat planlarla yox, sürprizlərdə işləyir. Sabah nə olacağını bu gündən bilmək olmaz. Hazırlıqlı olmaq lazımdır. Çünki sığortaya ödədiyimiz məbləğ aldığımız kredit qarşısında çox cüzidir.
Kredit sığortasının mahiyyəti nədir? Nələri əhatə edir?
Əvvəllər kredit götürənin vəfatı və ya əlilliyi baş verən zaman sənədlər təqdim etmək zərərçəkmişin və ya vərəsələrin öhdəsində qalırdı ki, bu da əlavə vaxt itkisi və get-gələ səbəb ola bilirdi.
Borclunun vəfatı halında varislərin müəyyən olunması, banka məlumat verilməsi, bankın sığorta şirkətini məlumatlandırması kimi hallar sonda vərəsələrin kredit və bu itirilmiş zaman ərzində əlavə faiz öhdəlikləri ilə qarşı-qarşıya qalmasına şərait yaradırdı.
Azərbaycan Mərkəzi Bankının 2024-cü ildə həyata keçirdiyi təşəbbüs ilə artıq banklar kredit verən zaman həyat sığortasını da təklif etməlidirlər. Sığortanı qəbul edib-etməmək isə müştərinin istəyindən asılıdır. Müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim edilir, ərizəyə əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçmək hüququna malikdir.
Əvvəllər bank öz istəyi əsasında bunu təklif edirdi.
Dəyişikliklə artıq sığorta müqaviləsi borcun qalığını deyil, həm də faizləri əhatə edir. Lakin əvvəllər bu, yalnız əsas borcun qalığı ilə məhdudlaşdırıla bilərdi. Eyni zamanda sığorta müddəti də kreditin qalan müddətinə bərabər olmalıdır.
Borcalan vəfat edərsə, sığorta şirkəti tərəfindən sığorta məbləğinin 100%-i həcmində, sığortalının əmək qabiliyyətini itirdiyi halında isə sığorta məbləğinin sığortalıya təyin olunan orqanizmin funksiyalarının pozulması faizi həcmində ödəniş edilir.
Sığortalı kreditdə borc vərəsəyə keçmir, ailə maliyyə yükü daşımır, hüquqi proseslər başlamır, kreditin götürənin ölümü və ya sağlamlığını itirməsi halında borc bağlanmış hesab edilir.
Əhali kredit sığortasından nə dərəcədə istifadə edir?
Biz həyat sığortasını sadəcə bir kağız sanırıq. Çünki cəmiyyətimizdə həyat sığortası haqqında yanlış yanaşmalar var. “Onsuz da başıma pis bir şey gəlməz”, “Lazımsız xərcdir”, “Bank istəyir deyə edirəm” – bütün bu düşüncələr həqiqəti görməməyə hesablanıb. Amma bu kağız bir sənəddən daha artığıdır.
Keçirdiyim kiçik bir sorğu nəticəsində də məlum oldu ki, həqiqətən hələ də çox insan sığortanın önəmini tam dərk etmir. 100 nəfərdən 33 nəfər kredit sığortasının vacib və qoruyucu olduğunu başa düşür, 50 nəfər bu barədə məlumatsızdır, 17 nəfər isə düşünür ki, bu məhsul “Bankın əlavə pul alması” üçün etdiyi bir vasitədir. Buna görə də əhali arasında daha geniş maarifləndirməyə ehtiyac duyulur. Sığorta mədəniyyətini tamamilə formalaşdırılması üçün hələ zamana ehtiyac var.
Cədvəl formasında da sığortalı və sığortasız kreditin nəticələrinə nəzər salaq:
Real risklər |
Sığortası olan kreditin nəticəsi |
Sığortası olmayan kreditin nəticəsi |
Baş verə biləcək təhlükə zamanı |
Qəfil ölüm, sağlamlığın itirilməsi halında sığorta şirkəti borcu ödəyir |
Qalan borc vərəsələr və ya zaminin öhdəliyinə keçir |
Ailə üçün maliyyə yükü |
Ailə əlavə maliyyə yükü daşımır |
Ailə həm ailə başçısını, ailənin gəlir mənbəyini itirir, həm də banka qarşı əlavə yükü yaranır |
Hüquqi nəticə |
Sığorta müqaviləsi ailəni qoruyur |
Ailə bankla və ya zaminlə qarşı-qarşıya qalır |
Bankla münasibət |
Bank daha rahat olur, çünki borcu sığorta şirkəti ödəyir |
Bank daha sərt addımlar ata bilər, məhkəmə, əmlakın müsadirəsi və s. qaçınılmaz olur |
Daha çox insanın sığortadan istifadə etməsini təmin etmək üçün banklar, həyat sığortası şirkətləri əhalini məlumatlandırmaq üçün birgə layihələr həyata keçirməlidirlər. Şirkətlər isə satışyönümlü deyil, maarifləndirici təşəbbüslə çıxış etməlidirlər. Bankların da burada rolu böyükdür. Onlar müştəriyə sığortanın formal olduğunu deyil, ailəni qoruma vasitəsi olduğunu izah etməlidirlər. Bank və sığorta şirkətləri arasında daha şəffaf və çevik əməkdaşlıq mexanizmləri qurulmalıdır. Kredit sığortası bankın da qoruyucusudur.
Bütün ölkə ərazisində bu cür tədbirlər görülməlidir. Eyni zamanda xarici təcrübənin istifadəsi də faydalı ola bilər. Kredit sığortası kredit faizlərinin də azalmasına səbəb ola bilər. Çünki bu zaman bankın riski azalır və krediti daha aşağı faizlə təklif edir. Bank məhsulunu daha çox müştəriyə təqdim edə bilsə, bu faizlərin azalmasına səbəb ola bilər. Regionlarda kredit faizləri paytaxla müqayisədə daha bahadır. Bu səbəblə xüsusilə regionlarda daimi maarifləndirməyə ehtiyac duyulur.
Sığorta məhsullarında rahatlıq da olmalıdır ki, müştəri başa düşsün pulunu nəyə ödəyir. Hər iki tərəf arasında faydalı mexanizm yaradılmalıdır.
Əhali arasında məlumatlılığın az olmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Asossasiyasının gördüyü işləri də qeyd etməsək olmaz. Görülən tədbrilər sayəsində son ildə kredit həyat sığortası üzrə yığımlar və ödənişlər xeyli artıb.
2025-ci ilin yanvar-may aylarında könüllü həyat sığortası üzrə yığımların məbləği 370.6 milyon manata bərabər olub. Eyni dövrdə ödənişlərin məbləği isə 203.1 milyon manat təşkil edib. Yığımların və ödənişlərin məbləği isə illik müqayisədə müvafiq olaraq 53.6 milyon manat (16.9%) və 34.2 milyon manat (20.3%) artıb.
Kredit sığortası üzrə isə son 5 illik (yanvar-may ayları) statistika aşağıdakı kimidir:
İllər (yanvar-may ayları) |
Yığımlar (manat) |
Ödənişlər (manat) |
2025 |
1 milyon 381 min |
34 min |
2024 |
1 milyon 880 min |
34.7 min |
2023 |
892.1 min |
0.5 min |
2022 |
202.2 min |
0 |
2021 |
78.6 min |
0 |
Cədvəldən də göründüyü kimi xüsusilə ödənişlərində səssizlik hökm sürən kredit sığortası son 2 ildə canlanmağa başlayıb. Bu baxımdan kredit götürənlər üçün həyat sığortası geniş şəkildə təqdim olunmalı, real təminat kimi qəbul etdirilməlidir.
Rəqəmsal platformalar vasitəsilə də sığortalanma prosesi daha əlçatan olmalıdır.
Ən əsası, insanlar başa düşməlidir ki, həyat sığortası kreditin şərti deyil, ailənin sabahının müdafiəsidir. Unutmayaq ki, kredit öhdəliyi təkcə imza ilə yox, məsuliyyətlə də təsdiqlənir.
Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!