İndi "Həyat sığortası" kredit götürmək istəyən vətəndaşların xərclərini bir az da artıracaq. Amma bu addımın vətəndaşların xeyrinə olduğunu düşünənlər də az deyil.
Bundan sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada götürdükləri məbləğin beş faizi miqdarında "Həyat sığortası" ödəməli olacaqlar.
Banco.az portalı xəbər verir ki, "Qafqazinfo" "aktual.az" saytına istinadən bu haqda məlumat verir.
Məlumatda bu gün səhər Mərkəzi Bankdan sözügedən məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən banklara məktub daxil olduğu qeyd olunub.
Məktubda banklardan "Həyat sığortası" tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.
İqtisadçı-ekspert Vüqar Bayramov isə açıqlamasında bu qərardan xəbərdar olduğunu deyib:
"Bilirsiniz ki, son dövrlər banklarda maliyyə böhranı yaşanır. Vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr yaranır. Bu da heç şübhəsiz, bank sektorunda böhranlı vəziyyətə gətirib çıxarır. Bu səbəbdən Mərkəzi Bank çıxış yolu olaraq "Həyat sığortası"nı tətbiq etmək qərarını verib. Artıq bu gündən sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada "Həyat sığortası" paketini almalı olacaqlar. Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komisyon haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində "Həyat sığortası" ödənişini etməyə məcbur olacaq. Misal üçün, 10 min kredit götürən şəxs əlavə olaraq 500 manat sığorta haqqı ödəyəcək. Bu qərar banklara imkan verəcək ki, müştəri vəfat etdikdə onun pulunu sığorta şirkətindən ala bilsin. Yəni bank verdiyi krediti bütün hallarda geri ala biləcək. Hesab edirəm ki, Mərkəzi Bankın qərarından sonra sığorta bazarında canlanma yaranacaq".
Hələ ki, Mərkəzi Bank bu haqda hər hansı bir göstərişin olmasını təkzib edir.
Qeyd edək ki, qanunvericlik, eyni bir şirkətə həm həyat sığortası, həm də qeyri həyat sığortası ilə məşğul olmağa icazə vermir. Sığorta bazarında 27 şirkət vardır ki, bunlardan yalnız 3-ü, Paşa Həyat Sığorta, Atəşgah Həyat Sığorta və Qala Həyat Sığorta şirkətləri həyat sığortası üzrə ixtisaslaşıblar.
2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i və yaxud 73,7 milyon manatı həyat sığortasının payına düşüb.