OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,9 milyon barel olacaq | Banco.az

OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,9 milyon barel olacaq

Müəllif:Mehin Qasımova,Banco.az

OPEC 2026-cı ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu ardıcıl üçüncü ay aşağı salıb.

Banco.az xəbər verir ki, təşkilatın aylıq hesabatına əsasən, gələn il qlobal neft tələbatının gündəlik 780 min barel artaraq 105,94 milyon barelə çatacağı gözlənilir. Əvvəlki proqnoz isə 106,13 milyon barel idi.

Proqnozun aşağı salınmasına əsas səbəb Çin və Hindistanda neft istehlakı ilə bağlı gözləntilərin zəifləməsi olub. OPEC Çində gündəlik neft tələbatının 120 min barel artaraq 17 milyon barelə, Hindistanda isə 90 min barel artaraq 5,7 milyon barelə çatacağını proqnozlaşdırır. Hər iki göstərici əvvəlki qiymətləndirmədən aşağıdır.

Bundan əlavə, Avropada neft istehlakının azalacağı ilə bağlı proqnoz da artırılıb. Hazırda təşkilat Avropa ölkələrində gündəlik neft tələbatının 90 min barel azalaraq 13,34 milyon barel olacağını gözləyir.

Hesabata əsasən, OPEC 2025-ci il üzrə qlobal neft tələbatı proqnozunu 105,16 milyon barel/gün səviyyəsində dəyişməz saxlayıb. Təşkilat 2027-ci ildə isə qlobal neft istehlakının 107,86 milyon barelə yüksələcəyini proqnozlaşdırır.

Analitiklərin fikrincə, gələcək illərdə neft tələbatının əsas artım mənbəyi qeyri-İƏİT ölkələri olacaq. İnkişaf etməkdə olan iqtisadiyyatlarda enerji istehlakının artması qlobal bazarda tələbi dəstəkləyən əsas amil kimi qiymətləndirilir.

OPEC-in ilkin məlumatına görə, may ayında İƏİT ölkələrində kommersiya neft ehtiyatları əvvəlki ayla müqayisədə 21,8 milyon barel azalaraq 2,77 milyard barelə düşüb. Bu göstərici həm ötən ilin eyni dövründən, həm də son beş ilin orta səviyyəsindən aşağıdır.