Qərbin Çindən iqtisadi ayrılığı 23,6 trilyon dollara başa gələ bilər | Banco.az

Qərbin Çindən iqtisadi ayrılığı 23,6 trilyon dollara başa gələ bilər

Müəllf:Mehin Qasımova,banco.az

Avropa ölkələri və ABŞ-ın Çin iqtisadiyyatından asılılığını azaltması üçün qarşıdakı 25 il ərzində əlavə 23,6 trilyon dollar investisiya tələb oluna bilər.

Banco.az xəbər verir ki, bu barədə Financial Times qəzetinin hesabatında qeyd edilib. 

Hesabata görə, yeni istehsal və təchizat zəncirlərinin qurulması, istehsal müəssisələrinin və tədqiqat mərkəzlərinin yaradılması, eləcə də Çin mənşəli proqram təminatının əvəzlənməsi üçün ABŞ-ın 13,7 trilyon dollar, Avrozona ölkələrinin 9,1 trilyon dollar, Böyük Britaniyanın isə təxminən 800 milyard dollar sərmayə yatırması lazım gələcək.

Araşdırmada qeyd olunur ki, ABŞ hökuməti və özəl sektor bu məqsədlə hər il orta hesabla 550 milyard dollar investisiya qoymalıdır. Bu məbləğ ABŞ texnologiya şirkətlərinin 2025-ci ildə məlumat mərkəzlərinin tikintisinə ayırdığı vəsaitə yaxındır. Avropa İttifaqının isə belə bir strategiyanı həyata keçirmək üçün illik büdcəsini təxminən iki dəfə artırmalı olacağı bildirilir.

Ekspertlər hesab edirlər ki, bu investisiyalar Qərb ölkələrinin Çin iqtisadiyyatından asılılığını azaltmaq istiqamətində üzləşəcəyi maliyyə yükünü göstərir.

EY-Parthenon-un analitiki Mats Persson bildirib ki, təchizat zəncirlərinin lokallaşdırılması qarşıdakı illərdə həm biznes, həm də hökumətlər üçün ən böyük çağırışlardan biri olacaq.

Hesabat müəlliflərinin fikrincə, belə bir ayrılma prosesi inflyasiyanı da sürətləndirə bilər. Qiymətləndirmələrə əsasən, bəzi sektorlarda qiymətlər 1-2,5% arta, bunun nəticəsində isə faiz dərəcələri yüksək səviyyədə qala bilər.

Natixis bankının analitiki Alisiya Qarsiya-Herreronun sözlərinə görə, Qərb iqtisadiyyatlarının qısa müddətdə Çindən tam ayrılması real görünmür. O qeyd edib ki, Çin nadir torpaq metalları, əczaçılıq məhsulları və digər strateji sahələrdə mühüm təchizatçı olaraq qalır və bu asılılığın aradan qaldırılması ciddi çətinliklər yaradır.