Müəllif: Tamara Mustafayeva, Banco.az
“Mitsubishi UFJ Financial Group” bazar dəyəri baxımından “Toyota”nı geridə qoyaraq Yaponiyanın ən dəyərli şirkəti olub.
Banco.az xəbər verir ki, “Bloomberg”in topladığı məlumatlara əsasən, Yaponiyanın ən böyük bankı olan “Mitsubishi UFJ Financial Group”un səhmləri bazar ertəsi günü 2,3 faiz bahalaşaraq 3 541 yenlə tarixi maksimum səviyyəyə yüksəlib. Bununla da bankın bazar dəyəri 42 trilyon yenə (259 milyard dollar) çatıb.
Bu göstərici “Toyota Motor”un təxminən 41 trilyon yenlik və “Kioxia Holdings”in 36,7 trilyon yenlik bazar dəyərini üstələyib. Digər iri maliyyə qurumu olan “Sumitomo Mitsui Financial Group”un səhmləri də 1,6 faiz bahalaşaraq tarixi maksimum səviyyəyə çatıb.
Yaponiya banklarının səhmləri Yaponiya Mərkəzi Bankının (BOJ) 2024-cü ilin mart ayında mənfi faiz siyasətinə son qoymasından sonra yüksəliş trendindədir.
BOJ 2024-cü ildə ilk faiz artımından sonra əsas faiz dərəcəsini 1 faizə çatdırmaq məqsədilə faizləri daha dörd dəfə artırıb. Faiz artımları banklara kredit və depozit faizləri arasındakı marjanın genişlənməsindən daha çox gəlir əldə etməyə imkan yaradaraq onların mənfəətliliyini artırır.
“Mitsubishi UFJ Financial Group” hesab edir ki, faiz dərəcələrinin hər 0,25 faiz bəndi artırılması gələcəkdə bankın illik xalis faiz gəlirlərini təxminən 180 milyard yen artıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
