Bu ilin noyabrın 21-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti “Kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxslərin bu fəaliyyətə cəlb edilməsi üçün yararlılıq tələbləri” təsdiqləyib.
Qərar noyabrın 28-dən qüvvəyə minib.
Bu Tələblər xarici fiziki şəxslərin aqrar sığorta sistemində kənd təsərrüfatı sığortası üzrə risklərin və (və ya) zərərlərin qiymətləndirilməsi, habelə sığorta hadisələrinin araşdırılması fəaliyyətinə cəlb edilməsi üçün yararlılıq tələblərini müəyyən edir. Kənd təsərrüfatı sığortasında riskləri və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran xarici fiziki şəxs Azərbaycan Respublikasının aqrar sığorta sistemində fəaliyyətə cəlb olunmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:
- müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır;
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura sahələrinin hər hansı biri üzrə ali yaxud peşə və ya orta ixtisas təhsilə malik olmalı, fəaliyyətə cəlb olunacağı müvafiq sahə üzrə rezidenti olduğu ölkənin müvafiq səlahiyyətli orqan tərəfindən müstəqil ekspert fəaliyyətinə icazə verilməli, həmçinin müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsinə malik olmalı və son 3 il ərzində müvafiq sahə üzrə fəaliyyət göstərməlidir:
- tam fəaliyyət qabiliyyətli olmalıdır;
- “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş dövlətlərin “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş rezidenti olmamalıdır.
Xarici fiziki şəxsin göstərdiyi digər fəaliyyəti ilə bağlı maraqlarının sığorta müqaviləsi üzrə riskləri və zərərləri qiymətləndirməsinə, habelə sığorta hadisələrini araşdırılmasına dair müstəqil qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verən hallar mövcud olduqda həmin xarici fiziki şəxs müvafiq sığorta müqaviləsi üzrə fəaliyyət göstərə bilməz. Bu Tələblərin hər hansı birinə cavab verməyən şəxs və ya həmin Tələbləri pozan xarici fiziki şəxs aqrar sığorta orqanı tərəfindən fəaliyyətə cəlb edilmir.
Aqrar sığorta sistemində fəaliyyət göstərmək istəyən xarici fiziki şəxslər aşağıdakı sənədləri aqrar sığorta orqanına təqdim edir:
- Müraciət ərizəsi;
- rezidenti olduqları ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən sənədin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti;
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura sahələri tələb edilən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti. Həmin sənədlər Azərbaycan Respublikasının dövlət dilinə tərcümə edilməlidir.
Xarici fiziki şəxs müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması barədə sənədləri rezidenti olduğu ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən verildiyi tarixdən etibarən hər iki ildən bir yenilənərək aqrar sığorta orqanına təqdim etməlidir. Xarici fiziki şəxslərin aqrar sığorta orqanı tərəfindən fəaliyyətə cəlb edildikdən sonra bu Tələblərlə tələb olunan məlumatlarda və ya sənədlərin məzmununda dəyişiklik olduqda, habelə müstəqil ekspert fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə həmin şəxs bu barədə dəyişikliyin baş verməsindən ən gec 30 gün müddətində aqrar sığorta orqanına məlumat verməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarə edilməsinin təkmilləşdirilməsi haqqında” 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Mərkəzi Banka verilib.
APA