Karantin rejimi Avropada insanların şəxsi həyatına necə təsir göstərir? | Banco.az

Karantin rejimi Avropada insanların şəxsi həyatına necə təsir göstərir?

Xəbər verdiyimiz kimi Maykl Byurrinin karantinlə əlaqəli fikirlərini paylaşmışdı. Görünür, məşhur investor proqnozunda yanılmayıb. Karantində normal gündəlik həyatına davam edə bilmədiyi üçün şikayətlənən insanlarla yanaşı, sutkanın 24 saatı stess içində yaşayanlar da var. Bir neçə həftə əvvəl ciddi karantin rejiminə keçmiş ölkələr COVID-19 ilə paralel məişət zorakılığı epidemiyasının da yayıldığını xəbər verir.

Milli fərqlərə baxmayaraq bu məsələdə statistika zərərçəkmiş ölkələrin hamısında heyrətamiz dərəcədə bənzərdir. Məsələn, Fransada karantin elan olunduğu vaxtdan ailədaxili zorakılıq halları ilə bağlı polisə daxil olan zənglər 30% artıb. İspaniyada qadınlara kömək qaynar xəttinə 18% daha çox zəng gəlib. “Google” Avstraliyada zorakılıq qurbanlarına yardım göstərən təşkilatlarla bağlı sorğuların qəfil şəkildə artdığını bildirib. Çinin ciddi karantin rejimi altında olan bölgələrində fevral-mart aylarında məişət zorakılığı üç dəfə artıb.

Yeni epidemiyadan qadınlardan savayı uşaqlar da əziyyət çəkir. Müxtəlif ölkələrdə maddi vəziyyəti aşağı olan ailədə böyüyən və özünü əmin-amanlıqda hiss etdiyi yeganə yer təhsil aldığı məktəb olan uşaqlar hal-hazırda eyni gərginliyi yaşayır. Məsələn, İsveçdə uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş qaynar xəttə daxil olan zənglərin sayında iki dəfədən artıq artım müşahidə olunur. Yaşlı insanlara tətbiq olunan şiddət (əksər hallarda onlara qulluq edən şəxslər tərəfindən) sosial sistemi zəif inkişaf etmiş ölkələrdə geniş yayılmış problemdir. Lakin rəsmi statistikada nadirən əks olunur.

Ailədaxili zorakılıq dedikdə birbaşa fiziki aqressiyadan başqa ölümlə təhdid etmə, psixoloji, maddi zorakılıq və s. də nəzərdə tutulur. Bəs inkişaf etmiş ölkələrdə belə bu miqyasda aqressiya partlayışına nə səbəb olur? Pandemiya bütün digər böhranlar kimi cəmiyyətin ağrılı nöqtələrini üzə çıxarır. Məişət zorakılığı göydəndüşmə bəla deyil, o, həmişə olub. Sadəcə sakitçilik dövründə, yəni işə, məktəbə gedərkən və dostlarla görüşərkən qadınlar və uşaqlar bu gərginliyin öhdəsindən müəyyən qədər gələ bilirdilər.

Qapalı məkanda təcrid olunmaq təcavüzkarda cəzasızlıq hissi oyadır: Qurban heç yerə qaça bilməz, onu nəzarətdə saxlamaq daha asandır, göyərmiş əzalarını heç kəs görməyəcək və s.

Həmçinin oxu: Korona depressiyasından necə qorunmaq olar?

Məhdudlaşdırıcı tədbirlər spitli içki istehlakını da əhəmiyyətli dərəcədə artırıb ki, bu da aqressiya doğuran amillərdən biridir. Tədqiqatlara əsasən, yüksək stress səviyyəsi və gərginlik aqressiya və zorakılığa zəmin yaradır. Məhz buna görə də iqtisadi və sosial böhranlar zamanı daha çox insan stress, özünə inamsızlıq və qorxu kimi neqativ duyğularını yaxınlarının üzərinə boşaltmağa başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Zorakılıq epidemiyası ilə qarşılaşmış Avropa dövlətlərinin əksəriyyəti müxtəlif antiböhran tədbirləri görməyə başlayıb. Məsələn, Fransada zorakılıqla üzləşmiş şəxslər üçün əlavə qaynar xətt istifadəyə verilib. Üstəlik, kod sözlər sistemi işlənib hazırlanıb və zərərçəkmişlər bu sözləri söyləyərək yardım istəyə bilər (məsələn, aptekdə). Fransa hökuməti həmçinin minlərlə otel nömrəsinin bronlaşdırılmasına vəsait yatırıb ki, evində özünü təhlükəsiz hiss etməyən qadın və uşaqlar sığına bilsinlər.

İsveç hökuməti isə zorakılıq qurbanlarına kömək edən təşkilatlara dəstək olmaq üçün vəsait ayırıb və böyük bir otel şəbəkəsi ilə əməkdaşlıq edərək dolu sığınacaqları yeni yerlərlə təmin edib.

Görülən tədbirlər, əlbəttə ki, təqdirəlayiqdir, lakin bu yöndə işlər görülməsinə tələbat olması faktı acınacaqlıdır. Yalnız təcavüzkarların layiqli şəkildə cəzalandırılmasını təmin edən adekvat qanunvericilik və hüquq-mühafizə sisteminin kombinasiyası qadın və uşaqların normal yaşamasına rəvac verə bilər.

Bəs bizim öhdəmizə düşən nədir? Karantin müddətində dostlar və tanışlarla əlaqəni itirməmək, onlarla maraqlanmaq, şübhəli bir hal sezdikdə nə baş verdiyini öyrənmək, məsələn, qonşuda münaqişə yarandıqda dərhal polis çağırmaq və ya başqa şəkildə müdaxilə etmək və s. Ən əsası, zorakılığa məruz qalmış insanı qətiyyən mühakimə etmək, sorğu-suala tutmaq olmaz!

Həmçinin oxu: Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar?

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram