Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar? | Banco.az

Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar?

Böhran dövründə hadisələrdən xəbərdar olmaq çox vacibdir, ancaq hər şey qədərində yaxşıdır, çox da aludə olmamalısınız. Xəbərlər hətta sakit bir vaxtda da insanın fikrini yayındırır, nəinki qlobal pandemiya zamanı. Düzdür, indi dünyada bir çox vacib hadisələr baş verir. Ancaq ifrat dərəcədə məlumat oxuduqca daxili harmoniyamızı itiririk, daha az xoşbəxt və məhsuldar oluruq.

Bunu təsdiqləyən araşdırma mövcuddur. Təcrübə zamanı tədqiqatçılar iştirakçılara səhər üç dəqiqə mənfi xəbərləri izləməyə icazə veriblər. Günün sonunda iştirakçıların xoşbəxtlik səviyyəsini ölçdükdə onların göstəricilərinin nəzarət qrupu ilə müqayisədə 27% aşağı olduğu aşkarlanıb.

“Ideanomics.ru” özünüinkişaf bloqunun müəllifi Kris Beylinin böhran zamanı xəbərləri daha az izləmək və oxumaqla bağlı tövsiyələrini paylaşır:

Qrafik hazırlayın. Hər günün əvvəlində xəbərləri oxuyacağınız və ya izləyəcəyiniz vaxtı təyin edin. Bu plana riayət edərək görəcəksiniz ki, özünüzü daha yaxşı hiss edirsiniz və hər şey nəzarətiniz altındadır. Xəbər saatınızı ölkənizdəki vacib mətbuat konfransları ilə uyğunlaşdırın. Xəbərləri belə mətbuat konfransları keçirildiyi vaxtda oxuyun.

Gününüzü xəbər oxumaq yerinə sakit fəaliyyətlərlə başlayın. Səhəri necə keçirməyimiz bütün günə təsir göstərir. Yeni günə narahat xəbərlərlə başlasanız, qalan müddət ərzində bunları nəzərdən keçirməyə davam etmək ehtimalınız artacaq. Sakit notlarla başlayın: yaxşı bir kitab oxuya-oxuya və ya yoldaşınızla söhbət edərkən səhər qəhvənizi və ya çayınızı için, tək yaşayırsınızsa, video-çatla dostlarınızdan biri ilə söhbət edin. Bu cür başlanğıc sizin üçün faydalı olacaq.

Yalnız bir mənbədən push-bildiriş alın — qoy bu, yerli xəbərlər olsun. Gün ərzində baş verən hadisələrdən məlumatlı olmaq və xəbərlərdən tamamilə imtina etmək istəmirsinizsə, bir yerli xəbər mənbəyindən gələn bildirişlərə abunə olun. Alternativ olaraq yeni bir Twitter hesabı yaradıb yalnız bir yerli qəzetə abunə olaraq hər xəbərin bildirişlərini ala bilərsiniz. Bu yolla zehninizi daha az yoraraq yerli xəbərlərdən agah ola bilərsiniz.

Həmçinin oxu: Milyonerlər koronavirusdan necə qorunacaq?

Ən sərfəli kredit üçün müraciət et

Xəbərlərə baxmaq səbəbinizi müəyyənləşdirin. Çox vaxt dəqiq bir səbəb olmadan lüzumsuz yerə saysız-hesabsız informasiya ilə beynimizi yükləyirik. Özünüz üçün dəqiqləşdirin: Xəbərləri niyə oxuyursunuz? Narahat olduğunuz üçün, yoxsa, həqiqətən, baş verənlərdən xəbərdar olmaq üçün?

İdarə və nəzarət edə biləcəyiniz və edə bilmədiyiniz şeylərin siyahısını tərtib edin. Çox güman ki, bunu əvvəllər də eşitmisiniz: təsir edə bilməyəcəyin hadisələrə görə narahatlıq keçirməyin mənası yoxdur. Burada həqiqət payı var. Bir qələm və bir kağız parçası götürün və iki sütuna bölün. Onlardan birində nəzarətinizdə olan hər şeyi (məsələn, xəbər istehlakı), digərində isə idarə edə bilmədiyiniz şeyləri sadalayın (məsələn, pandemiyanın yayılma sürəti). Kris Beyli bu məşqi tamamladıqdan sonra xəbərləri daha az oxuduğunu iddia edir.

Hazırda işləmirsinizsə, özünüz üçün maraqlı bir məşğuliyyət tapın. Bizi bir işlə məşğul olmaqdan daha çox nə xoşbəxt edə bilər ki? Vaxtınız varsa, onlayn kursdan yararlanın. Uzun müddət evinizin bir küncündə dekor kimi qalmış musiqi alətini götürün və dünya səviyyəli bir musiqiçi olmaq istəyirmişsiniz kimi məşq edin. Maraqlı hobbiləriniz olanda məqsədsizcə saysız-hesabsız xəbərləri bir daha oxumaq istəməyəcəksiniz.

Özünüzə meydan oxuyun: bu gün xəbərləri yalnız iki dəfə oxuyun və ya izləyin. Bu, siyahının ən çətin maddələrindən biri ola bilər, ancaq səy göstərməlisiniz. Xəbərləri az oxuduğunuz günlər ilə aramsız izlədiyiniz günləri müqayisə edin. Hansı günün sonunda özünüzü daha yaxşı hiss edirsiniz?

Xəbərlərin istehlakının psixi sağlamlığınıza mənfi təsir etdiyini görürsünüzsə, sadalanan strategiyalar sizə kömək edəcəkdir.

Həmçinin oxu: Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et