Korona depressiyasından necə qorunmaq olar? | Banco.az

Korona depressiyasından necə qorunmaq olar?

Amy Morin – psixoterapevt, lisenziyalı klinik sosial işçi, mental kouç və beynəlxalq bestsellerlərin müəllifidir. O, sosial məsafə, fəaliyyət məhdudiyyətləri və dostlarla görüşməyə maneə kimi nəticələr doğuran COVID-19 pandemiyasının depressiya riskini artıra biləcəyini izah edir. Bir çox insan sosial izolyasiyanın ilk iki həftəsində özünü normal hiss edirdi. Ancaq artıq bir çox insan depressiyanın astanasındadır. Morin dostlar və ailə üzvləri ilə söhbətə vaxt ayırmağı, istədiyiniz hər hansı bir formada idmanla məşğul olmağı və maraqlı tədbirlər planlaşdırmağı tövsiyə edir.

Həmçinin oxu: Karantin müddətində zehni və fiziki sağlamlığınızı necə qoruya bilərsiniz?

Bəzi tövsiyələrə əməl edərək hər şəraitdə gümrahlığınızı və nikbinliyinizi qoruyub saxlaya bilərsiniz.

1. Müsbət sosial qarşılıqlı əlaqə üçün imkanlar yaradın

Kinoteatr, teatr, park və s. kimi sevdiyiniz yerlərə getməkdən məhrum olduğunuza görə kədərlənirsinizsə, tək deyilsiniz. Tədqiqatlar göstərir ki, ünsiyyət depressiyanın inkişafını nəzarətdə saxlamağa kömək edə bilər. Ancaq bu, digər insanlarla sırf müsbət qarşılıqlı təsir olmalıdır. Sosial şəbəkələrdə qızğın siyasi müzakirələrdən uzaq durun ki, özünüzü boş yerə qəzəbləndirib enerjinizi tamamilə tükəndirməyəsiniz. Sosial əlaqə üzbəüz görüşmədən də mümkündür. Video-çat və mesajlaşmalar da əhvalınızı yaxşılaşdıra bilər. Əsas odur ki, söhbətiniz müsbət notlarda keçsin.

2. İdmanla məşğul olun

Fiziki aktivlik psixoloji rifaha çox böyük təsir göstərir. Hər həftə cəmi 200 dəqiqə (təxminən 3,5 saat) yerimək depressiya simptomlarının qarşısını ala və ya azalda bilər. Trenajor zalına gedə və gəzintiyə çıxa bilmədiyiniz bu günlərdə bəzi fitnes məşqçilərinin videolarına baxaraq ev şəraitində də hərəkətdə olmaq mümkündür.

Həmçinin oxu: Karantin dövrünün mənfi psixoloji təsirlərindən necə uzaq qalmaq olar? 

3. Şən əyləncələr planlaşdırın

Terapevtlər bunu “davranış aktivləşməsi” və ya “xoş fəaliyyətlər planlaşdırma” adlandırırlar və bunun depressiyanın qarşısını təsirli bir şəkildə aldığını və ya azaltdığını göstərən tədqiqatlar var.

Uzun müddət izləyə bilmədiyiniz bir filmə baxmaq və ya dadlı bir şey bişirmək, övladınız və həyat yoldaşınızla kiçik bir tamaşa qurmaq üçün vaxt ayırmağı və s. planlaşdıra bilərsiniz. Daha kreativ məşğuliyyət də fikirləşib tapmaq olar. Burada diqqət çəkən məqam bu fəaliyyəti cədvəlinizə daxil etməkdir. Təqvimdə həmin iş üçün bir yer planlaşdırmaq və ona vaxt tapmaq insana güclü psixoloji impuls verir. Belə ki, hansısa maraqlı fəaliyyəti səbirsizliklə gözləmək və daha sonra o məşğuliyyətdən zövq almaq əhval-ruhiyyəni yaxşılaşdırır. Yaranmış müsbət xatirələrin təsiri ilə bir müddət pozitiv aurada qalacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

4. Dilinizi dəyişdirin

Özünüzü qurban yerinə qoymaq və “evdə ilişib qalmışam, heç nə edə bilmirəm” demək yerinə “özümün və ətrafdakıların təhlükəsizliyi üçün evdə qalıram” söyləyin. Siz şüurlu bir fərdsiniz və bu, sizin seçiminizdir.

5. Şükür etməyi öyrənin

25% daha xoşbəxt olmaq istəyirsiniz? 2003-cü ildə aparılmış bir tədqiqat göstərib ki, şikayət əvəzinə şükür etmək ani şəkildə 25% xoşbəxtlik artımına səbəb olur. Bu, daha yüksək özünəinam, daha keyfiyyətli yuxu və s. kimi müsbət nəticələrə də gətirib çıxarır, üstəlik, özünü daha yaxşı hiss etməyin ən tez və ən asan yoludur. Şükür etdiyiniz şeylərin gündəliyini tutursunuzsa və ya bunları ailənizlə paylaşırsınızsa, deməli, müsbət təsirini görürsünüz. Birinə ona niyə minnətdar olduğunuzu açıqlayan təşəkkür məktubu yazın. Beləliklə, sizinlə yanaşı başqa birinin də əhval-ruhiyyəsini yüksəltmiş olacaqsınız.

Nə vaxt peşəkar yardım lazımdır

Heç bir üsulun sizə kömək etmədiyini və günü-gündən əzginləşdiyinizi hiss edirsinizsə, psixoterapevtə müraciət edin. Xeyr, siz zəif deyilsiniz. Sadəcə dişinizi və ya mədənizi özünüz sağalda bilmədiyiniz kimi bəzən ruhu da müalicə etmək üçün peşəkara ehtiyac duyulur. Çox insanın özünütəcrid şəraitində işlədiyi dövrdə onlayn və ya telefonla xidmət göstərən psixoloqların konsultasiyalarından yararlanmaq mümkündür.

Həmçinin oxu: Karantin müddətində gözəl və sağlam qalmaq üçün nə etməlisiniz?

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et