İslam bankçılığı nədir? | Banco.az

İslam bankçılığı nədir?

İslam dininin insan həyatının bütün aspektlərini, o cümlədən iqtisadi və sosial fəaliyyətini əhatə etdiyinə görə müsəlman icmasında maliyyə münasibətlərin təməli İslam dininin yarandığı andan qoyulmuşdur.

Beləliklə, bütün maliyyə-iqtisadi münasibətlər ədalət, əxlaq, dürüstlük və açıqlıq prinsiplərinə əsaslanmalıdır.

 Həmin tələblərə riayət edərək, müasir islam maliyyəsi keçən əsrin sonunda yeni təkan almışdır. Bu təkan Yaxın Şərq ölkələrinin neft sənayesinin kəskin şəkildə inkişafı və bunun nəticəsi olaraq, müsəlman cəmiyyətində likvid vəsaitlərin artmasından irəli gəlmişdir. Yaranan vəziyyətdə İslam qanunvericiliyinin tələblərinə cavab verən maliyyə müəssisələrinin olmaması müasir İslam Maliyyəsinin yaranmasının mühüm səbəbinə çevrilmişdir.

Bu gün Malayziya, İran, Bəhreyn, BƏƏ, Qatar, ABŞ, Böyük Britaniya, və s. kimi ölkələrdə İslam kapital bazarlarının və İslam maliyyə institutlarının sürətli artımı müşahidə olunur. Həmçinin, ənənəvi qərb bankları və maliyyə institutları, məsələn, Citibank N.A, Barclays və Deutsche Bank islam məhsullarını müvəffəqiyyətlə tətbiq edir. Bundan başqa, İslam bankçılığının 2007-2010-cu illər ərzində müşahidə olunan ümumdünya maliyyə böhranının təsirlərinə davam gətirməsi onun sonrakı inkişafı üçün münbit şərait yaradır.

İslam maliyyəsinin ənənəvi maliyyə sistemi ilə oxşarlığına baxmayaraq, İslam qanunvericiliyinin tələblərindən irəli gələn bir çox fərqləndirən xüsusiyyətləri də mövcuddur:

- Sələm (Riba) qadağandır;

- Pulun satış obyekti kimi istifadə oluna bilmədiyinə görə, alqı-satqı və ya lizinq əməliyyatlarının əsasında maddi aktivin mövcud olması vacibdir;

 - İslam prinsiplərinə zidd olan maliyyə xidmətlərinin göstərilməsinə aid olan bütün növ fəaliyyətlərə, qumar biznesinə (Maisir), eləcə də tütün, spirtli içki, silah və bu kimi qadağa olunmuş məhsulların istehsalı, saxlanması və ya ticarəti üçün sərmayənin qoyulması icazəli deyildir.

 - Hər növ risklərin qarşısının alınması üçün ticarət və maliyyə bazarlarında aparılan bütün əməliyyatlarda şəffaflığa və düzgünlüyə riayət olunmalıdır.

 - İslam Maliyyə Institutların fəaliyyətinin İslam qanunvericiliyinə cavab verməsinə nəzarət etmək üçün Müstəqil Şəriət Komitəsinin (Shari’ah Advisory or Supervisory Board) yaradılması tələb olunur.

Komitənin tərkibinə yalnız Fiqh-əl-Müamələ (İslam kommersiya qanunu) sahəsində ixtisaslı mütəxəssislər və İslam maliyyələşdirməsi sahəsində yüksək təcrübəli ekspertlər daxil ola bilər.

Belə məhdudiyyətlərə baxmayaraq, İslam Maliyyə Institutlarının fəaliyyəti bazar iqtisadiyyatının tələbləri ilə ziddiyyət təşkil etmir, hətta faiz tutulmasından imtina etdiyinə baxmayaraq islam banklarının fəaliyyəti xeyriyyəçilik xarakteri daşımır, mənfəət və gəlirlər isə İslam qanunvericiliyi tərəfindən icazəli yollarla əldə olunur.

Ən sərfəli kredit üçün müraciət et

İslam maliyyə sisteminin əsas iştirakçıları aşağıdakılardır:

- Islam bankları. Onların fəaliyyəti ölkənin mövcud qanunvericilikləri ilə tənzimlənir. Məsələn, yalnız üç ölkədə - İran, Sudan və Pakistanda Şəriətin tələblərinə uyğun olaraq vahid qanunvericilik yaradılmışdır. Malayziyada İslam Bankçılığının tənzimlənməsi üçün ayrıca qanunvericilik mövcuddur, Böyük Britaniyada isə islam banklarının fəaliyyətinin asanlaşdırılması üçün ölkənin mövcud maliyyə qanunvericiliyinə müəyyən düzəlişlər edilmişdir;

 - Ənənəvi bankların daxilində yaradılan “Islam Pəncərə”ləri;

 - Digər Islam Maliyyə Institutları.

 - Islam sığortası Takaful.

 - İslam kapital bazarı və onun daxilində olan investisiya bankları.

 İslam maliyyə təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün aşağıda sadalanan beynəlxalq müşahidə və nəzarət agentlikləri mövcuddur:

 - AAOIFI (The Accounting and Auditing Organization for Islamic Financial Institutions) - islam maliyyə institutları üçün mühasibat, audit və idarəetmə standartlarının müəyyənləşdirən müstəqil təşkilat. 1990-cı ildə Bəhreyndə yaradılmışdır. AAOIFI standartları Bəhreyn, Sudan, İordaniya və Qatar dövlətlərində əsas hesab olunur.

- IFSB (Islamic Financial Services Board) - 2002-ci ildə Malayziyada yaradılmış islam maliyyə xidmətləri şurası. Şuranın əsas fəaliyyəti islam maliyyə müəssisələri üçün standartların, qaydaların və texniki göstərişlərin tərtib olunmasından ibarətdir.

 - Beynəlxalq İslam Maliyyə Bazarı (The International Islamic Financial Market) – Bəhreyn, Bruney, İndoneziya, Malayziya, Sudan dövlətlərinin mərkəzi banları, valyuta agentlikləri və İslam İnkişaf Bankı tərəfindən təsis edilmişdir. Beynəlxalq İslam Maliyyə Bazarının fəaliyyəti islam maliyyə instrumentlərinin kontraktlarının təkmilləşdirilməsi və standartlaşdırılması, məhsulların işlənib hazırlanması və infrastrukturun inkişaf etdirilməsi, islam kapital bazarının və valyuta bazarlarının möhkəmləndirilməsi üçün əsas prinsiplərin və tövsiyələrin hazırlanması, həmçinin, ümumdünya birinci və ikinci islam kapital bazarının və qısamüddətli maliyyə bazarının, islam maliyyə instrumentləri bazarının inkişafı ilə bağlıdır.

 - İslam İnkişaf Bankı (The Islamic Development Bank) – iştirakçı ölkələrdə iqtisadi və sosial inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə 1975-ci ildə İslam Konfransı Təşkilatının iştirakçı dövlətləri tərəfindən yaradılmışdır.

Mənbə: http://www.ibaislamic.az/