Elektron informasiya sisteminin tətbiqi ilə Azərbaycanda iş yerindən əmək haqqının məbləği barədə verilən arayış ləğv olunacaq. Artıq bu məlumatı yeni sistem vasitəsilə əldə etmək mümkün olacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Nazirlik tərəfindən hökumətə tam şəkildə işlənib hazırlanmış tətbiq edilmə qaydalarını və əmək müqavilələrinin elektron informasiya sistemindən istifadə prosedurlarını əhatə edən sənəd təqdim edilib.
Qaydalar təsdiq olunduqdan sonra qısa müddət ərzində elektron hökumət portalı vaitəsilə əmək müqavilələrinin elektron informasiya sistemini idarə etmək mümkün olacaq. Elektron inormasiya sistemi işçilərin hüquqlarını təmin etməklə yanaşı, eyni zamanda işçilərin rəsmi qeydiyyat faktlarını aradan qaldıracaq.
Əmək məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda 2014-cü ilin 1 iyul tarixinədək işəgötürənlər mövcud əmək müqavilələri haqqında bütün məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməlidirlər. Qeyd edək ki, sözügedən dəyişiklik AR-nın Prezidenti İlham Əliyev tərəfindən cari ilin 3 fevral tarixində təsdiq edilmişdir. Əks təqdirdə, işəgötürənləri 7-10 min manat məbləğində cərimə və ya 3 il müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sevinc İbadova/Banco.az