İqtisadçı ekspert Samir Əliyev 1905.az portalına müsahibəsində Azərbaycanda iqtisadi jurnalistikanın ümumi vəziyyəti, xəbərlərin təqdim olunmasında yol verilən qeyri-peşəkarlıq və mövcud problemin aradan qaldırılması üçün köməyə çata biləcək həll yollarından danışıb.
– Bizim dilimizdə vətən, çörək, kitab və s kimi ümumişlək sözlər var. Brent markalı neft, inflyasiya, devalvasiya və s kimi iqtisadi terminlər də son zamanlar dilimizdə ümumişlək sözə çevrilərək, obrazlı desək başqa sözləri unutdurub. Necə düşünürsünüz, qışda baş verən məlum devalvasiyadan sonra bu sözlərin tez-tez işlənməsi mətbuatda ümumi balansı pozmur?
– Son zamanlar mətbuatda birmənalı olaraq vəziyyət iqtisadi xəbərlərin xeyrinə dəyişib. İstər cəbhə xəbərləri, istərsə də siyasi xəbərlər bir növ arxa plana keçib, kölgədə qalıb. Əslində bu da təbiidir. Çünki insanlar ilk növbədə, öz problemi barədə düşünür, sonra cəmiyyətin probleminə reaksiya verir. Hamımız “Maslounun tələbatlar piramidası” məsələsini eşitmişik. Onun piramidasında birinci yerdə fizioloji tələbat gəlir. Yəni insan yeməyə çörək axtarır. Çörək tapandan sonra sosial tələbat haqda düşünür. Ona görə də devalvasiya mövzusunda insanların panikaya düşməsi normaldır. Çünki əldə az-çox pul var. 15 il əvvəl devalvasiya xəbərləri insanlar üçün o qədər də maraqlı deyildi. Məsələn, 1994-cü ildə Azərbaycanda bir gündə təxminən 500%-lik devalvasiya oldu. Amma indiki qədər panika yaranmamışdı və bu hiss edilməmişdi. Çünki əldə pul yox idi və pulun dəyəri sürətlə düşürdü. Ancaq bu gün 34%-35%-lik devalvasiya hamını narahat edir. Bizim iqtisadiyyatın böyük faizinin neftdən asılı olduğunu nəzərə alsaq çox güman ki, hələ bir müddət iqtisadi xəbərlər mətbuatda öz aktuallığını qoruyub saxlayacaq.
– İqtisadi xəbərlərin təqdim olunmasından danışaq. Hər gün “Dollar bahalaşdı, avro ucuzlaşdı” və s kimi başlıqlı xəbərlər oxuyuruq. Halbuki bu artım 0,0001 qəpikdən çox deyil. Sizə elə gəlmir ki, oxucunun iqtisadi xəbərlərə marağının artması həm də iqtisadi mövzuda işıqlandırılan xəbərlərin keyfiyyətsizliyini ortaya qoydu?
– Bu gün təəssüf ki, peşəkarlıq səviyyəsi çox aşağı düşüb. Nəzərə alsaq ki, iqtisadiyyat bir az spesifik sahədir, bu haqda yazan jurnalistin elementar iqtisadi bilikləri olmalıdır. Məsələn, dünəndən bu günə məzənnə hər 100 dollara 4 qəpik qalxıb. Bu o qədər də böyük göstərici deyil, amma mətbuatda bu xəbər belə təqdim edilir: “Dollar qalxdı, avro ucuzlaşdı”. Bu artımı Mərkəzi Bank müəyyən edir. Ola bilər ki, kiçik dəyişklik heç valyuta məntəqəsinə təsir etməsin. Bu baxımdan bu tipli məlumatların panika yaratmasına gərək yoxdur. Ancaq təqdimat o cür veriləndə insanlar panikaya düşürlər. Son zamanlar insanlar iqtisadi xəbərləri həm də sosial şəbəkələr-feysbuk və s vasitəsi ilə izləyirlər. Peşəkar olmaq lazımdır. Bir dəfə mənə sual verdilər ki, devalvasiya olacaqmı? Cavabımda “Baxmayaraq ki, fevralda devalvasiya olub, devalvasiya ehtimalı hələ də aktualdır. Neftin qiyməti 70 dollara qədər qalxamayana kimi devalvasiyanın baş vermə ehtimalı həmişə aktual olacaq” dedim. Bu açıqlamam mətbuatda belə yayımlandı: Ekspert Samir Əliyev: “İkinci devalvasiya gözlənilir”. Bu xəbər tirajlandı. Halbuki, mən elə deməmişdim. Mən ehtimalın hələ də qaldığını demişdim. Bu cür başlıqla verilən xəbərlər, əlbəttə, arzuedilən deyil. Yəqin ki, bu da reytinq xatirinə olan xəbərçilikdir. Çox vaxt başlıqla xəbərin içində olan ifadələr bir-birinə uyğun gəlmir. İqtisadiyyat böyük xəbərlərə həssas reaksiya verir. Məsələn, açıqlama verilir ki, Amerika iqtisadiyyatı yüksək nəticələr əldə edib. Həmin gün dollar bahalaşır. Yəni bir xəbərlə bazarı oynatmaq mümkündür. Çox həssas dövrdür. İnandırıcı olmasa da, Azərbaycanda da bəzən bir açıqlama panika yarada və panikanı yatıra bilir.
Ən sərfəli kredit üçün müraciət et – Çox lazımlı bir sahədir. Bununla bağlı müəyyən addımlar atılır. Məsələn, bildiyim qədər “British Council” təşkilatının “Biznes Jurnalistikası” adlı təlim layihəsi var. Bu layihə jurnalistikanın inkişafı sahəsində öz töhfəsini verir. Bu gün iqtisadi mövzuda yaza biləcək jurnalistlərə böyük ehtiyac var. Çünki vaxtilə bu sahədə çalışan jurnalistlər ya mətbuatı tərk edib, ya da ekspert qismində çalışırlar. Onların yerini dolduran yeni nəslin isə iqtisadi savadı çox aşağıdır. Çox böyük qüsurlar var. Adicə devalvasiya sözünü düzgün yaza bilmirlər. Mətbuatda hələ də “devolvasiya” sözünə rast gəlirik. Sözün düzgün yazılışını səhv yazmaq bir tərəfə, hərdən mənasını da təhrif edirlər. Jurnalistlərin iqtisadi biliklərinin artırılması üçün zəruri təlimlərin təşkilinə ehtiyac var. Müvafiq iqtisadi bələdçilərə, izahlı lüğətlərə ehtiyac var. Fikrimcə, vətəndaş cəmiyyəti bu sahəyə diqqəti artırmalıdır. Müvafiq dövlət qurumları da öz sahəsində jurnalistlərə metodoloji dəstək verməlidir. İqtisadçı ekspertlərin üzərinə də çox böyük yük düşür. Ekspertlər sosial şəbəkələrdə müxtəlif iqtisadi məsələləri qabardır, onlara operativ qiymət verirlər. Amma nəzərə almaq lazımdır ki, onların da vaxtı və imkanları məhduddur. Mətbuat bu məsələdə onlara dəstək verməlidir. Məsələn, Mərkəzi Bankın hər ay bülleteni dərc olunur. Rəqəmlərlə dolu məlumatları jurnalistlər “oxuya” bilməzlər. Bu işdə ekspertlər onlara yardım edir. Dövlət qurumları vətəndaş cəmiyyəti ilə zəif işləyir. Baş verən proseslərə cavabı adekvat olmur. İqtisadiyyatda baş verən proseslər ekspertlərin iştirakı ilə ictimaiyyətdə ciddi müzakirə olunmalıdır. Rusiya Mərkəzi Bankı bu günlərdə “stress test”in keçirilməsi ilə bağlı qərar verdi. Yəni məsələn, 1 dollar 120 rubl olsa bu bank sektoruna necə təsir göstərəcək? Gəlin, görək bizdə belə testlər keçirilirmi? Bəlkə də keçirilir, amma ictimaiyyət bundan xəbərsizdir.
– Bizdə bu cür görüşlər əlavə panikaya gətirib çıxarmaz, sizcə?
– Bu fikirlə razılaşmaq olar, ancaq əsaslı arqument deyil. Müzakirələr bir çox suallara aydınlıq gətirir. Onlar dövrü aparıldıqda isə artıq cəmiyyətdə adi hala çevrilir, elə buna görə də panika yaranmır. Müəyyən dövlət qurumları var ki mətbuatla işləyir. Ancaq bu əməkdaşlıq jurnalistlərə hədiyyələr verməklə , onlar üçün səfərlər təşkil etməklə məhdudlaşır. Vətəndaş cəmiyyəti, müstəqil ekspertlərlə az işlənilir. Pis-yaxşı bu eskpertlər cəmiyyətdə fikir formalaşdırırlar. Bəzən rəylər səslənir ki, ekspertlərin fikirləri cəmiyyətdə panika yaradır. Əgər belədirsə, bu halda onlar panikanı yatırmaq gücünə də malikdirlər. Deməli, onlarla işləmək lazımdır. Düşünürəm vətəndaş cəmiyyətinin iştirakı ilə məsləhət mərkəzi yaradılmalıdır. Dövlət qurumunun mütəxəssisləri, QHT nümayəndələri, müstəqil ekspertlər, mətbuat işçiləri bu quruma daxil edilməlidir. Məlumatlar qapalı qaldıqca panika artır. Rusiyada bu təcrübədən geniş istifadə edir və müsbət effekt verir.