İpoteka kreditlərini hansı şərtlərlə əldə edə bilərik? | Banco.az

İpoteka kreditlərini hansı şərtlərlə əldə edə bilərik?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İpoteka kreditləri İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına və bankların daxili vəsaiti hesabına verilə bilər. İpoteka Fondu hesabına verilən kreditlər dövlət tərəfindən müəyyən edilən standart şərtlərə cavab verməlidir.

Bəs bu şərtlər hansılardır? Vətəndaşlar hansı şərtlərlə kredit əldə edə bilərlər?

İKZF-nin hesabına verilən kreditlər üçün şərtləri təqdim edirik:

Fondun hesabına verilən adi ipoteka kreditlərinin maksimal məbləği 150 000 AZN (güzəştli ipoteka kreditləri üçün 100 000 AZN), maksimal müddəti 25 il (güzəştli kreditlərdə 30 il), minimal ilkin ödənişi 15%-dir (güzəştli kreditlərdə 10%). Maksimal illik faiz dərəcəsi zəmanət verilmiş kreditlər üçün 8%, zəmanət verilməmiş kreditlər üzrə isə 7%-dir.

Qeyd edək ki, güzəştli kreditlərdə bu göstəricilər müvafiq olar 4% və 3,7% təşkil edir.

İKZF-nin vəsaiti hesabına verilən ipoteka kreditləri aşağıdakı tələblərə cavab verməlidir:

1. Kredit Azərbaycan manatı ilə verilməlidir;

2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

3. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

4. Güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizindən, güzəştli ipotekaya aid olmayan kreditin məbləği isə 85 faizindən çox olmamalıdır;

5. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir;

6. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;

7. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;

8. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

9. İpoteka ilə yüklü edilən yaşayış sahəsi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;

Ən sərfəli kredit üçün müraciət et

10. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

11. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

12. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;

13. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır;

14. İpoteka krediti almaq istəyən şəxsin gecikməsi olan cari kredit öhdəlikləri olmamalıdır;

15. İpoteka krediti üzrə borcalanların sayı 3 nəfərdən artıq ola bilməz;

16. Bir şəxs eyni vaxtda yalnız 2 ipoteka krediti üzrə borcalan qismində çıxış edə bilər;

17. Eyni ipoteka krediti üzrə borcalanlar qismində yalnız yaxın ailə üzvləri – ər/arvad, bacı və qardaş, övlad və valideynlər, baba və nənələr çıxış edə bilər;

18. İpoteka krediti hesabına alınmış yaşayış sahəsi üzərində mülkiyyət hüquqları yalnız borcalanlardan birinin adına rəsmiləşdirilə bilər;

19. İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir; 

20. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, ipoteka krediti üzrə öhdəliklər tam icra olunanadək ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin özgəninkiləşdirilməsinə icazə verilmir;

21. Ümumi paylı mülkiyyətdə olan yaşayış sahəsinin bir hissəsi ayrılıqda ipoteka predmeti kimi çıxış edə bilməz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram