Nurlan Hacıyev: Visa texnologiyaları şirkətin qlobal strategiyasını və yerli bazar ehtiyaclarını özündə birləşdirir - MÜSAHİBƏ
Banco.az Visa-nın baş direktoru və Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev ilə müsahibəni təqdim edir.
Visa regionda hansı layihələri icra edir və bugün hansı istiqamətlər şirkətin prioritetidir?
Fəaliyyətimizdə öz strategiyamızı rəhbər tuturuq. Visa şirkətinin yeni strategiyası 2030-cu ilə qədər olan dövrü əhatə edir və 3 əsas istiqamətdən ibarətdir. Birinci istiqamət həyatı asanlaşdıran, daha rahat və təhlükəsiz edən adi və gündəlik ödənişlərimiz kimi istehlak ödənişlərinin inkişafıdır. Məsələn, buraya "Apple Pay" və "Google Pay" xidmətlərinin bazara çıxarılmasında rolu olan "Visa Token Service" texnologiyasının genişləndirilməsi daxildir.
Azərbaycanda rəqəmsal pul kisələrinin geniş yayılması yeni reallıqdır. Ödəniş edərkən getdikcə kartlardan daha az, cihazlardan isə daha çox istifadə edirik ki, bu da yeniliklərə olan ehtiyacımızı yaxşı əks etdirir. Azərbaycan sakinləri yeni həllərə müsbət yanaşır və onları fəal şəkildə mənimsəyirlər ki, bu da bazarımızın fərqləndirici keyfiyyətlərindən biridir.
Başqa bir həll — "Tap to Add Card" rəqəmsal pul kisəsindən istifadənin inkişafında növbəti addımdır. Bu innovativ texnologiya vasitəsilə mobil cihazlarda bir toxunuşla asanlıqla kart əlavə etmək olar. Bu, təhlükəsiz, sadə və innovativ vasitədir.
Növbəti prioritet istiqamət yeni ödəniş axınlarının inkişafı, yəni çox sayda müxtəlif ödəniş ssenarisinə uyğun olaraq vəsaitlərin bir nöqtədən digərinə köçürülməsinin təmin edilməsidir. Burada söhbət təkcə "alıcı —satıcı" axınından deyil, bütün növ maliyyə axınlarının rəqəmsallaşdırılması və sadələşdirilməsindən gedir. Burada əsas element müxtəlif istiqamətlərdə — kartdan karta, kartdan bank hesabına, B2B Connect vasitəsilə hüquqi şəxslər arasında pul köçürməyə imkan verən "Visa Direct" texnologiyasıdır.
Qeyd etmək lazımdır ki, Visa şirkətinin 65 ildən çox inkişaf tarixi var və toplanmış təcrübə bizə bazara əlavə dəyər həlləri (Value-Added Services) təklif etməyə imkan verir — bu da strategiyada üçüncü istiqamətdir. Buraya, məsələn, risk menecment vasitələri, konsaltinq xidmətləri, marketinq xidmətləri və daha çoxu daxildir.
Visa şirkətinin Azərbaycanda əsas iş istiqamətlərindən danışarkən KOB ilə iş və qadın sahibkarlığına xüsusi diqqət yetirməklə mikro bizneslərə dəstəkdən danışmamaq olmaz. Belə ki, Visa şirkətinin "Tap to Phone" texnologiyası ənənəvi ödəniş terminalı olmadan smartfon vasitəsilə ödəniş qəbul etməyə imkan verir. Bu, hər bir sahibkar üçün mümkün qədər rahat, sürətli və əlçatandır. Eyni zamanda, 2021-ci ildən Azərbaycanda həyata keçirilən "She’s Next Empowered by Visa" qlobal təşəbbüsü yalnız qadınlara məxsus bizneslərə yönəlib. Bu təşəbbüs sahibkarlara ödənişsiz təhsil proqramları, mentor dəstəyi və əlavə maliyyə təmin etməklə bizneslərini inkişaf etdirmələrinə kömək edir.
Visa şirkətinin dünyada və Azərbaycanda əsas göstəriciləri necədir?
Visa şirkətinin maliyyə ili ötən ilin oktyabrından cari ilin oktyabrına qədər olan dövrü əhatə edir. Hazırda şirkət növbəti maliyyə ilini başa vurur. Visa 2024-cü maliyyə ilində dünya miqyasında 160 fərqli valyutada 234 milyarddan çox tranzaksiya emal edib.
Şirkətin məlumatlarına görə, Azərbaycanda son 1 ildə ( Oktyabr 2023 - Sentyabr 2024 - red.) elektron ticarətdə tokenləşdirilmiş tranzaksiyaların payı 40 dəfə, ödəniş terminalından istifadə edilən tranzaksiyaların sayı isə 2 dəfədən çox artıb. Bu cür artım templərindən danışarkən "Apple Pay" və "Google Pay"in istifadəyə verilməsinin əsasını qoyan "Visa Token Service", həmçinin hazırda 9 yerli bankın qoşulduğu "Tap to Phone" kimi texnologiyaları bir daha qeyd etməyə bilmərəm. 2024-cü ildə "Tap to Phone" texnologiyası qlobal miqyasda 200% artım göstərdi, Azərbaycanda isə tətbiq sürəti 36,7% artdı.
Bugün artıq Azərbaycanda "Apple Pay" və "Google Pay"ə müvafiq olaraq 16 və 17 bank qoşulub. "Tap to Phone"a isə 9 bank. Biz bu həllərin nüfuzunu daha da genişləndirəcəyik, həmçinin yeni aktual məhsulların Azərbaycan bazarına çıxarılması istiqamətində səylər göstərəcəyik.
Onu da qeyd edim ki, daxili ödənişlərin həcmi 1,2 dəfə artıb. Bunlar əhəmiyyətli göstəricilərdir və əminik ki, onların artmasını daha da sürətləndirə və daha çoxuna nail ola bilərik.
2024-cü ildə "Visa Protect" çərçivəsində ödənişlərin təhlükəsizliyini artırmaq və fırıldaqçılığa qarşı mübarizə üçün 3 innovativ texnologiya tətbiq edilib. Bu həllər haqqında danışa bilərsinizmi?
Visa şirkəti 1993-cü ildən bəri risk menecment və fırıldaqçılığa qarşı mübarizə üçün süni intellekt texnologiyalarını tətbiq edir. 2010-cu illərdə infrastrukturu qorumaq və sistemlərimizi inkişaf etdirmək üçün proqnozlaşdırıcı analitika və neyroşəbəkələrdən fəal şəkildə istifadə etməyə başladıq. Bugün, 2020-ci illərdə isə Visa həm daxili proseslər, həm də müştəri təcrübəsini yaxşılaşdırmaq üçün generativ süni intellektdən istifadə üzrə liderdir.
30 ildən çoxdur ki, süni intellektin tətbiqi və bütövlükdə fırıldaqçılığın qarşısının alınması istiqamətində ekosistemə davamlı investisiya yatırmaqla çox işlər görmüşük. Təkcə son 5 ildə şirkət fırıldaqçılığa qarşı vasitələrin işlənib-hazırlanması və tətbiqinə 12 milyard ABŞ dolları həcmində investisiya yatırıb.
"Visa Protect"ə gəldikdə, bu, ödənişlərin hərəkətini təmin edən risk menecment həllidir. "Visa Protect" vasitələri ödəniş prosesi boyunca real vaxt rejimində süni intellekt tətbiq etməklə hər mərhələdə fırıldaqçılığı minimuma endirir. 2024-cü ildə "Visa Protect" paketinə yeni həllər əlavə edilib.
Bunlardan biri e-ticarət tranzaksiyalarının riskini qiymətləndirmək üçün nəzərdə tutulan "Visa Deep Authorization" həllidir. Bu, fiziki ödəniş kartının iştirakı olmadan icra edilən tranzaksiyaların təhlükəsizliyini təmin etməyə kömək edir. "Visa Advanced Authorization (VAA)" və "Visa Risk Manager (VRM)" funksiyaları Visa kartlarından olmayan ödənişlərə də genişləndirilmişdir. Daha bir istiqamət hesabdan hesaba ödənişlər üçün "Visa Protect"dir. Bu, ani ödənişlər, o cümlədən "peer to peer" rəqəmsal pul kisələri, "account to account" əməliyyatları və mərkəzi bankların ani ödəniş sistemləri üçün xüsusi olaraq hazırlanmış ilk Visa həllidir. Bu innovasiyalar 40 milyard ABŞ dolları dəyərində fırıldaqçılıq tranzaksiyalarının uğurla bloklanmasına kömək etdi.
2023-cü ilin dekabrında Azərbaycanda ilk dəfə "Cybersource" platformasını birlikdə işə saldığımız yerli tərəfdaşların töhfələrini ayrıca qeyd etmək istərdim. Bu, e-ticarətdə fırıldaqçılığın qarşısının alınması sahəsində dünyanın ən qabaqcıl həllərindən biridir. Layihə "Azər Türk Bank" ilə tərəfdaşlıqda həyata keçirilib.
Həm də bu yaxınlarda ən etibarlı, rahat və sürətli ödəniş üsullarından biri olan tokenizasiyanın tətbiqini genişləndirdik. Tərəfdaşımız YIĞIM ilə birlikdə internet-ekvayrinq üçün "Visa Token Service" texnologiyası istifadəyə verildi.
Fırıldaqçılığa qarşı mübarizə və risk menecment bizim əsas strateji hədəflərimizdən biridir. Ödəniş sahəsi rahat, sadə, müştəriyönümlü və mütləq təhlükəsiz olmalıdır.
Zəhmət olmasa, "Visa Pay City" haqqında danışın. O, müştərilər tərəfindən necə qəbul edildi? Platformada yeni tərəfdaşlıqlar və aksiyalar planlaşdırılırmı?
"Visa Pay City", çox sayda tərəfdaş satış nöqtəsinin Visa kart sahiblərinə endirimlər təklif etdiyi yerli güzəşt platformasıdır. Tərəfdaşlarımızın siyahısını genişləndirməyə davam edir və müştərilərimizə yeni imkanlar təqdim edirik. Bugün burada təkcə endirimlər deyil, həm də digər güzəştlər mövcuddur.
Ayrıca qeyd etmək istəyirəm ki, Visa şirkəti premium kartlar seqmenti üçün güzəştlər və xüsusi təkliflər proqramını da inkişaf etdirir. Səyahət güzəştləri xüsusilə populyardır. Onlar həm Bakıda, həm də dünyanın digər şəhərlərində hava limanlarını, eləcə də transferləri əhatə edir. Bütün bunlar indi bir platformada əlçatandır. Platformanın qeydiyyatdan keçmiş istifadəçilərinə əlavə olaraq kuponlar təqdim ediləcək.
"She’s Next Empowered by Visa" təşəbbüsü qadın sahibkarları dəstəkləyir. Artıq neçə qadın sahibkar bu proqrama qoşulub?
Azərbaycanda bu təşəbbüsün birinci dalğasını 2021-ci ildə başlatdıq. Əvvəlcə biz əsasən təlimə fokuslanırdıq və biznesdə qadınlar üçün ödənişsiz təhsil vebinarları kursunu başlatdıq. Növbəti il, yəni 2022-ci ildə təhsil komponentinə biznesi inkişaf etdirmək üçün pul mükafatları qazanmaq imkanı olan müsabiqə elementi əlavə edildi. Bu ikinci dalğada biz iştirakçılara populyar "Elevator Pitch" formatında yarışmaq imkanı təklif etdik və diqqəti təqdimat bacarıqlarının inkişafına yönəltdik.
Artıq 2023-cü ildə Ukrayna, Gürcüstan, MDB ölkələri və Cənub-Şərqi Avropanı əhatə edən bütün region üçün vahid "She’s Next" platforması istifadəyə verildi. Bu platformada qadınlar ünsiyyət qura, təcrübə paylaşa və bir-birlərinə dəstək ola bilirlər. Öz tərəfimizdən bu resursda davamlı olaraq sahibkarlar üçün faydalı kontent paylaşırıq, ödənişsiz vebinarlar və mühazirələr keçiririk, bu yaxınlarda isə ilk beynəlxalq "She’s Next" hakatonunu elan etdik. Hakaton regionun hər yerindən olan iştirakçılara dəvət olunmuş ekspertlərdən təlim və mentorluq almaq, öz bizneslərinin tanınma qabiliyyətini artırmaq və 20.000 ABŞ dolları məbləğində mükafat fondundan pul mükafatları qazanmaq üçün mübarizə aparmaq imkanı verir.
2025-ci ilin yazında Azərbaycanda təşəbbüsün üçüncü dalğasını başlatdıq. Bu il proqram ilk dəfə olaraq strateji tərəfdaşımız Kapital Bank və onun brendi olan Birbank Biznes-in dəstəyi ilə həyata keçirildi. Üçüncü dalğa çərçivəsində üç aylıq "Uğur hekayani yarat" təhsil və müsabiqə proqramını həyata keçirdik. İyulun 11-də finalçıların çox keyfiyyətli və güclü layihələrinin təqdim olunduğu final tədbiri baş tutdu. Cəmi 6 iştirakçı qalib oldu və bizneslərinin inkişafı üçün ümumilikdə 60 000 manat pul mükafatı aldı.
Əsas məqsədimiz qadınların sahibkarlıq fəaliyyətini dəstəkləmək, onları lazımi bilik, dəstək və maliyyə ilə təmin etməkdir. Təşəbbüsün üç dalğası çərçivəsində Azərbaycanda ümumilikdə 2 mindən çox qadın iştirak edib. Bu, yaxşı göstəricidir və biz növbəti dalğada proqramı genişləndirməyə çalışacağıq.
Visa Azərbaycanda maliyyə savadlılığının artırılması üçün nə edir?
Maliyyə savadlılığı fırıldaqçılığın qarşısının alınmasında çox böyük rol oynayır. Bu istiqamətdə əsas işimiz Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birgə aparılır. Məsələn, keçən il KİV nümayəndələri üçün birgə dəyirmi masa təşkil etdik. Burada fırıldaqçılıq üsulları və kibertəhdidlərə qarşı mübarizə vasitələri haqqında ətraflı danışdıq. Hesab edirik ki, jurnalistlərlə bu barədə danışmaq çox vacibdir, çünki məhz onlar öz işləri vasitəsilə böyük auditoriyaya maliyyə savadlılığı haqqında danışa bilərlər.
Bundan əlavə, Mərkəzi Bankın çox maraqlı və vacib bir təşəbbüsü var ki, bu təşəbbüsün məqsədi də məktəblilər arasında maliyyə savadlılığını artırmaqdır. Visa şirkəti bu proqrama qoşulmaqdan və gənc nəslin maliyyə savadlılığı təhsilinə töhfə verməkdən məmnun idi.
Bu il Visa tərəfindən hansı yeni layihələr elan edilib və ya həyata keçirilib?
Yeniliklər çoxdur. Onlar qlobal strategiyamızı və yerli bazar tələbatlarını özündə birləşdirərək ən müasir həllər təklif edir.
30 aprel 2025-ci ildə San-Fransiskoda "Visa Product Drop"un böyük təqdimatı keçirildi. Bu tədbir çərçivəsində əsas innovativ məhsullar və həllər elan edildi.
Bunlardan biri steyblkoinlər (Stablecoins) sahəsində tərəfdaşlığın genişləndirilməsidir. Bu il Visa şirkəti Bridge ilə tərəfdaşlıq çərçivəsində fintech tərtibatçılarına steyblkoinlərlə əlaqəli Visa kartları buraxmağa imkan verəcək yeni kart məhsulu işləyib-hazırlayır. Yaxın gələcəkdə insanlar həqiqətən steyblkoin ilə kartları buraxa və istifadə edə biləcəklər. Bundan əlavə, rəqəmsal identifikasiya sahəsində fırıldaqçılıq səviyyəsini azaltmağa və ekosistemdə avtorizasiya səviyyəsini artırmağa kömək edən innovasiyalar təqdim etdik. Məsələn, istifadəçi təcrübəsini yaxşılaşdırmağa kömək edən "Visa Payment Passkey" və "Tap to Add Card".
Daha bir yeni həll — "Visa Accept" mikro müəssisələrə NFC dəstəyi ilə istənilən smartfondan Visa kartına ödənişləri mümkün qədər rahat və tez, cəmi bir neçə kliklə qəbul etmək imkanı verir. Bu həll pul kisəsindəki yeganə kartı milyardlarla ödəniş hesabı ilə əlaqələndirir ki, bu da mikro biznesləri vəsaitləri qəbul etmək və sonradan onlara çıxış əldə etmək üçün rahat, sürətli və təhlükəsiz üsulla təmin edir.
"Visa Pay" həllini də qeyd etməyə dəyər. "Visa Pay" Visa şəbəkəsinə qoşulmuş rəqəmsal pul kisələrinin fiziki pərakəndə satış nöqtələrində və ya onlayn rejimdə yerli və beynəlxalq satıcılarla uyğunluğunu təmin edən bir xidmətdir. Onun köməyi ilə bu xidmətə qoşulmuş elektron pul kisələri Visa ekosistemi çərçivəsində istənilən tranzaksiyanı birbaşa icra edə biləcəklər.
Keçən il Visa şirkəti debet və ya kredit kartları kimi müxtəlif ödəniş üsulları arasında asanlıqla keçid edə bilən yeni nəsil "Flex Credential" kartını təqdim etdi. Visa şirkəti kredit xətləri, investisiya hesabları, bonuslar, kommersiya kartları və digər imkanlara çıxışı genişləndirməklə bu kartın tətbiqini şaxələndirməyi planlaşdırır.
"Visa Product Drop" təqdimatında əsas yeri "Visa Intelligent Commerce" kimi qabaqcıl həll tutdu. İnanırıq ki, bu kart gələcəkdə Azərbaycan da daxil olmaqla, dünyanın hər nöqtəsində əlçatan olacaq. Bizdə artıq şəxsi səmərəlilik və ya iş üçün istifadə etdiyimiz süni intellekt agentləri populyardır. Doğru məhsulları tapmaq, sorğunuza cavab almaq üçün süni intellektdən istifadə edirik, lakin bu tənlikdə çatışmayan bir element var — ödəniş. "Visa Intelligent Commerce" proqramının köməyi ilə süni intellekt agentləri təkcə lazımi malları tapa bilməyəcək, həm də sifariş verə və ödəyə biləcəklər. İstifadəçi sadəcə süni intellekt agentinə tapşırıq verir, agent istəklərinizə uyğun olaraq mal və ya xidməti seçir, son qərarı həmişə istifadəçi verdiyi üçün ona ödənişi təsdiqləməsini təklif edir. Sadəcə bir "bəli" ilə sifarişiniz, ödənişiniz və çatdırılmanız süni intellekt agenti tərəfindən tam koordinə olunur.
Bir nümunə verəcəyəm. Səyahət planlaşdırırsınızsa, sistemə getmək istədiyiniz yeri, üstünlük verdiyiniz hotelləri, yerləri, marşrutları və qiyməti, hər hansı əlavə xidməti və s. təyin edirsiniz, süni intellekt agenti isə bütün bunları ümumiləşdirəcəkdir. Çox sayda variantdan sizə uyğun təklifi seçəcək və barmaq izi və ya üz tanıma ilə ödəniş edə biləcəksiniz. Bütün bunlar tezliklə bizim reallığımıza çevriləcək.