Müəllif: Mehin Qasımova,Banco.az
"Toyota" ABŞ tarifləri səbəbindən 2026-cı ilin martında başa çatacaq maliyyə ili üçün mənfəət proqnozunu 25,8 milyard dollardan 21,8 milyard dollara endirdi.
Banco.az xəbər verir ki, "Toyota Motor" hesabatında 1,4 trilyon yen (9,5 milyard dollar) itki və qlobal avtomobil sənayesini sarsıdan ABŞ tariflərinin təsirini əsas gətirərək illik gəlir proqnozunu aşağı salıb.
Toyota-nın əməliyyat gəlirləri bu ilin birinci rübündə illik müqayisədə 11 faiz artaraq 1,17 trilyon yen olub.
Gəlir analitiklərin 890 milyard yen hesablamasını üstələyib. Bəzi regionlarda qiymət artımları bu rəqəmə təsir etsə də, tariflərin dövr ərzində təsiri 450 milyard yen təşkil edib.
Sürətlə dəyişən siyasətlərin xərcləri artırdığı bir vaxtda Toyota-nın mənfəət proqnozu qlobal avtomobil nəhənglərinin son proqnozlarını üstələdi.
Məsələn, "Ford Motor" əvvəlki gözləntisindən təxminən 500 milyon dollar çox olan 2 milyard dollarlıq xalis tarif təsirini açıqladı. Bu arada "Stellantis NV" tariflərin qazancını təxminən 1,5 milyard avro azaldacağını, "General Motors" isə tariflərdən 4 milyard dollar ilə 5 milyard dollar arasında təsirlənəcəyini bildirib.
Bu çətinliklərə baxmayaraq, "Toyota" 2025-ci ilin birinci yarısında rekord qlobal satışlara nail oldu. Xüsusilə də əsas bazarlarda benzin-elektrikli hibrid avtomobillərə güclü tələbatın təsiri ilə "Toyota" ilin birinci yarısında 5,5 milyon avtomobil satdı. Bu, əvvəlki illə müqayisədə 7,4 faiz artım deməkdir. Artım əsasən ABŞ, Yaponiya və Çində güclü satışlarla bağlı olub.
"Toyota" bu il cəmi 11,2 milyon ədəd satış gözləyir. Şirkət həmçinin Yaponiyanın Aiçi şəhərində yeni avtomobil istehsalı müəssisəsi qurmağı planlaşdırır. 2030-cu illərin əvvəllərində istifadəyə verilməsi planlaşdırılan bu obyektlə şirkət yerli istehsalı ildə 3 milyon avtomobil səviyyəsində saxlamağı hədəfləyir.