İdris İsayev: "Manatın devalvasiyası məqsədəuyğun addımdır" | Banco.az

İdris İsayev: "Manatın devalvasiyası məqsədəuyğun addımdır"

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransı keçirib. 

Nazir müavini dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin labüd olduğunu qeyd edib: “Belə şəraitdə manatın məzənnəsinin sabit saxlanılmasının iqtisadi inkişafa mənfi təsiri nəzərə alınaraq onun devalvasiyası qərara alınıb. Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaqla, ölkənin ixrac imkanlarını artırmağa, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini möhkəmləndirməyə yönəlib”.

İdris İsayev manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb: “Bununla əlaqədar ƏƏSMN hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb. Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir”.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et