Azərbaycan qanunvericiliyində icbari sığorta sahəsi xüsusi əhəmiyyət kəsb edir. Ölkədə iqtisadi münasibətlərin yeni formada formalaşması insanların sığortanın bu növündən istifadə zərurətini yaradıb. Qeyd etmək yerinə düşər ki, hazırda müxtəlif sahələri əhatə edən icbari sığorta növləri tətbiq edilmək üzrədir. Onu da etiraf edək ki, icbari sığorta ilə bağlı mükəmməl qanunvericilik bazası da mövcuddur. Lakin bütün sadalananlara baxmayaraq, son vaxtlar Azərbaycanda sığorta sisteminin geniş tətbiq olunması fövqündə nədənsə vətəndaşlar nəinki həyatlarını, heç əmlakını sığorta etdirməkdə maraqlı görünmürlər. Buna səbəb kimi, əhalinin sığorta haqqında kifayət qədər məlumatsız olması göstərilir.
Hazırda geniş tətbiq olunan sığorta növlərindən biri də abtomobillərin icbari sığortasıdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məlumat üçün qeyd edək ki, bir müddət öncə "İcbari sığortalar haqqında" qanuna edilən dəyişikliklə 4 icbari sığorta növünün aparılması qaydası və şərtləri müəyyən edilib: 1) avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası, 2) daşınmaz əmlakın sığortası, 3) daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası, 4) sərnişinlərin sığortası. Yeri gəlmişkən qeyd edək ki, beynəlxalq praktikada bu cür sığortanın həm könüllü, həm də icbari formaları geniş yayılıb. Statistikaya görə, hər il sürücülərin təqsiri üzündən yol-nəqliyyat qəzaları nəticəsində ölkədə on minlərlə şəxsin əmlakına və ya sağlamlığına ciddi zərər dəyir, yüzlərlə insan həyatını itirir. Qanuna və adətlərə görə, təqsirkar sürücü dəyən zərəri ödəməlidir.
Lakin bir qayda olaraq təqsirkar sürücünün bu cür zərəri ödəməyə ya imkanı, ya da "həvəsi" olmur ki, bu isə uzun sürən məhkəmə çəkişmələrinə rəvac verir. Avto-məsuliyyət sığortasını əldə etməklə isə həm zərərvuranın, həm də zərərçəkənin ödənişlə bağlı problemi həll edilmiş olur. Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin məsləhətçisi Tahir Əliyev bildirib ki, sözügedən “İcbari sığorta” müqaviləsi 3-cü şəxslərin xeyrinə bağlanmış müqavilə sayılır. Hər hansı yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi baş verdikdə, “İcbari sığorta” müqaviləsinə əsasən, 3-cü şəxslərə (faydalanan şəxslər) dəymiş zərərin əvəzini müvafiq sığorta şirkəti ödəməyə borcludur. Hüquqşünas qeyd edib ki, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində 3-cü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Sığortalı, sığorta hadisəsi baş verən zaman mülkiyyətində olan avtomobilinə dəymiş zərərin əvəzini “İcbari sığorta” müqaviləsinə əsasən alacağını düşünür və bununla bağlı hətta məhkəməyə iddia ilə müraciət də edir. Qeyd edək ki, “İcbari sığorta” müqaviləsi ilə sığortalının mülkiyyətində olan avtomobil sığortalanmır: “Mülkiyyətində avtonəqliyyat vasitəsi olan yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər “İcbari sığortalar haqqında” qanuna əsasən avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar”.
T.Əliyev bildirib ki, icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri üçüncü şəxs sayılırlar. Adı çəkilən şəxslər sığorta hadisəsi nəticəsinə dəymiş zərərin əvəzini almaq hüququ olan şəxslərdir. Qeyd edim ki, sığortalının və ya sığorta olunanın ailə üzvləri üçüncü şəxs sayıla bilməz. Sonda, hüquqşünas siğorta ödənişlərinin məbləğinə diqqət çəkib. Belə ki, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manatdan çox olmamaq şərti ilə sığorta ödənişi həyata keçirilə bilər. Onu da qeyd edək ki, bir sıra hallarda sığorta şirkətlərinə etimadın olmaması vətəndaşların bu sığorta növünə biganə yanaşması ilə nəticələnir.
Ekspertlər isə məsələnin hüquqi baxımdan həll olunduğu qənaətindədirlər. Mütəxəssislərin sözlərinə görə, sığorta münasibətləri müqavilə ilə müəyyən edilir. Müqavilə şərtləri ilə dəqiq müəyyənləşir ki, hansı hallar sığorta təminatı ilə əhatə edilir, hansı hallara isə belə bir təminat verilmir. Müqavilə şərtlərini könüllü sığorta növlərində sığorta şirkətləri, icbari sığorta növlərində isə qanun müəyyən edir. Sualınıza cavab olaraq imtinaların ən geniş yayılmış əsasları kimi məsələn, avtomobilin sərxoş vəziyyətdə və ya sürücülük vəsiqəsi olmadan idarə edilməsi, hadisənin araşdırılmasına maneə göstərilməsi, hadisəni müvafiq orqanda, yəni yol polisi orqanlarında qeydə almaqdan boyun qaçırılması, sığortalının özünün və ya ailə üzlərinin avtomobilə bilərəkdən ziyan vurması və s. kimi halları göstərmək olar. Sığorta hadisəsi baş verdikdə həmin müqaviləyə uyğun addımlar atılmalıdır.
Mənbə: fins.az