Müəllif - Eldar Kərimov/Banco.az
HSBC Holdings Plc illik xərcləri 1,5 milyard dollar azaltmaq üçün yeni tədbirləri elan etməyə hazırlaşır, Financial Times məlumatlı mənbələrə istinadən xəbər verir.
Bu tədbirlər 19 fevral tarixində, bankın 2024-cü il üzrə maliyyə nəticələrinin açıqlanması ilə birlikdə elan ediləcək.
Böyük Britaniya bankının yeni baş direktoru Jorj Elxederi 2024-cü ilin oktyabrında HSBC-nin genişmiqyaslı reorganizasiya planını təqdim edib. 2025-ci il yanvarın 1-dən bankın təşkilati strukturu dəyişdirilib və biznes dörd əsas bölməyə ayrılıb:
- Honkonq
- Böyük Britaniya
- Korporativ və institusional bankçılıq
- Varlı müştərilərin aktivlərinin qlobal idarə olunması
Elxederi həmin vaxt bu islahatın bankı daha sadə, dinamik və çevik bir quruma çevirəcəyini bildirmişdi. O vaxtdan bəri HSBC-nin səhmləri 30% bahalaşıb.
Yanvarda məlum olub ki, HSBC Böyük Britaniya, Avropa və ABŞ-da investisiya bankçılığı fəaliyyətinin bir hissəsini dayandırmağı planlaşdırır. Bank birləşmə və satınalmalar (M&A) və səhm yerləşdirmə sahələrində fəaliyyətini bu bazarlarda dayandıracaq. Lakin Asiya və Yaxın Şərqdə bu fəaliyyətlərini davam etdirəcək.
Son 12 ayda HSBC-nin bazar dəyəri 36% artıb.