“Harri Potter”dən öyrənilməli 5 marketinq dərsi | Banco.az

“Harri Potter”dən öyrənilməli 5 marketinq dərsi

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Harri Potter” silsiləsi əvvəl kitabları, daha sonra isə filmləri ilə bütün dünyanın diqqətini çəkməyə və milyonlarla insanı öz sehirli dünyasında birləşdirməyə nail olub. İllər keçdikdə isə daha çox azarkeş qazanaraq Hogwarts ailəsi daha da böyüyür.

“Harri Potter” dünyası möhtəşəm quruluşu ilə istənilən yaşda insana yeni nələrsə öyrətmə potensialına malikdir. Elə bu səbəbdən də, filmlər və romanlar silsiləsi həm də təhsil texnikası, sosial analiz və marketinq üsullarının tədqiqində mənbə kimi istifadə olunmaqdadır.

Banco.az da öz növbəsində “Harri Potter”dən öyrənə biləcəyiniz marketinq dərslərini diqqətinizə çatdırır.

1. Düzgün əlaqələr qurmaq

Bəli, baş qəhrəmanımız Harri Potter ağıllı və cəsurdur. Həmişə etdiyi uğurlu seçimlərin nəticəsində qazanır. Ən doğru seçimləri isə qurduğu dostluqlar və əlaqələr olub. Əksər hallarda, əgər ətrafındakı insanlar olmasaydı, məqsədindən daşınar və ya böyük bir girdabın içinə çəkilə bilərdi. Harri hələ filmlər silsiləsinin ilk seriyasında “seçici şlyapa”nın yanına getməzdən əvvəl pilləkənlərdə Malfoy ilə söhbət zamanı “Çox sağol, ancaq dostlarımı özüm seçə bilərəm” deyib Ron ilə dost olmağı seçməsəydi, yəqin ki, bütün həyatı dəyişərdi. O, həmişə doğru insanlarla dostluq edib və doğru insanlarla əlaqə yaradıb. Hermione və Dobbie ilə, eləcə də digər bir çox insanlarla qurduğu dostluq əlaqələri onun həyatını dəfələrlə xilas etmişdir.

Harri kimi doğru əlaqələr qurmaq həm şəxsi həyatınız, həm də iş həyatınız üçün olduqca əhəmiyyətlidir. Müvəqqəti və saxta dostluqlar qurmaqdansa, əsl və güclü əlaqələr yaradaraq bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz.

2. Ağıllı olmaq tək başına işə yaramır

Düzdür, Harri ağıllı uşaq olsa da, hər kəs yəgin ki, filmlər silsiləsinin ən ağıllı obrazının Hermione olması ilə razılaşar. Harmione olmasaydı, Harri çoxdan ölmüş olardı və ya bir çox problemi güman ki, həll edə bilməzdi. Ancaq Hermione-nin “Harri Potter və Fəlsəfə Daşı”nda dediyi kimi; “Kitablar və ağıl! Lakin daha mühüm şeylər var, dostluq və cəsarət.”

Ağıllı olmaq böyük bir üstünlük olsa da, ondan düzgün istifadə etmək lazımdır. Özünüzü inkişaf etdirməyiniz və ağlınızı doğru istiqamətə yönəltməyiniz mütləqdir. Hər kəsin ağlına müəyyən fikirlər gələ bilər və bu yaradıcı təfəkkürün nəticəsi ola bilər, ancaq bu fikirləri həyata keçirmək üçün başqa vacib xüsusiyyətlərə də sahib olmalısınız.

3. Hər zaman cəsarətli olmaq

Ən sərfəli kredit üçün müraciət et

Bəzən etməli olduğunuz yeganə şey sadəcə “etmək”dir. Harrini digər obrazlardan fərqləndirən cəhət ehtimal ki, onun cəsarətidir. Harri heç vaxt qorxmazdı. Bu, bəzən sizə çox dəlisov görünə bilər, ancaq cəsarətli olub addım atmaq daha sonra etmədikləriniz üçün peşmanlıq hissi çəkməyinizdən daha yaxşıdır.

Doğru olduğuna inandığınız şeylər üçün əsla geriyə addım atmayın. Yeniliklərdən qorxmayın və başlamaqdan çəkinməyin. Sadəcə hər şeyi düzgün etdiyinizdən əmin olun. Cəsarət hər zaman təqdir edilən və mükafatlandırılan xüsusiyyətdir.

4. Qərəzli olmamaq

Qərəz və Harri Potter deyildikdə təbii ki, ilk ağla Professor Sneyp gəlir. Çox uzun müddət Harri Potter sevənlər onun sərt, qəddar və pis insan olduğuna inanıb. Çünki o, həm çox sərt görünürdü, həm də çox sərt rəftar edirdi. Ancaq, əslində isə həmişə Harrini qoruyurmuş...

Yəni, siz də həm şəxsi həyatınızda, həm də iş dünyasında insanları tanımamış onlara qərəzli yanaşmayın. Qərəzli mühakimə yürütməkdən çəkinin və real olana yönəlin. Hər şey həmişə göründüyü kimi olmaya bilər. Dəqiqliklə araşdırın, daha sonra qərar verin.

5. Hər zaman ciddi olmaq lazım deyil

Düzdür, ciddilik iş dünyası üçün mühüm amildir. Nəticə etibarilə, ciddi işlə məşğulsunuz və sizin də ciddi olduğunuzu nümayiş etdirməyiniz lazımdır. Ancaq bu, heç vaxt gülməməli və ya əylənməməli olduğunuzu təlqin etmir. Əksinə, bəzən gülmək və başqalarının əhvalını yüksəltmək motivasiyanı və işin keyfiyyətini artıracaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et