Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir? | Banco.az

Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kimlərdir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat sisteminə əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan Banco.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.

Hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan həmin Siyahıda 4 mindən çox peşə və vəzifə, göstərici mövcuddur ki, həmin sahələrdə çalışanlara 5 il erkən  pensiyaya çıxmaq hüququ verilib.

Eyni zamanda, 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş əlavə və dəyişikliklər zərərli və ağır işlərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi aradan qaldırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Tələb olunan pensiya kapitalı və pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta hesabla 42-62 faiz artması ilə nəticələnib.
 Qeyd edək ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.