Günay Cəlilova: "Pozitivsənsə, işlər düşündüyündən də yaxşı alınacaq" | Banco.az

Günay Cəlilova: "Pozitivsənsə, işlər düşündüyündən də yaxşı alınacaq"

Müsahibim AccessBank-ın Korporativ Bankçılıq və Marketinq departamentlərinin rəhbəri Günay Cəlilovadır.

  • Günay xanım, mümkünsə, oxucularımız üçün özünüzü qısaca təqdim edərdiniz.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsini bitirmişəm. Sonra isə eyni universitetdə “Maliyyə və kredit” ixtisası üzrə magistr dərəcəsinə yiyələndim. İlk iş yerim Azercell şirkəti olub, sonra isə 1 ilə yaxın müddətdə TexnikaBank-da işlədim və ardınca AccessBank-a işə düzəldim.

AccessBank-dakı 12 illik karyeram Əməliyyat şöbəsində mütəxəssis vəzifəsindən başladı. Bankdan öncəki müştərilərlə iş təcrübəmə və bank məhsullarının satışında əldə etdiyim nailiyyətlərə görə baş mütəxəssis, şöbə müdiri  kimi pillələrə yüksəldim. İki il sonra isə “Səbayıl” filialına rəhbər təyin olundum.

8 il  “Səbayıl”  filialının rəhbəri kimi işlədim. Bu illər ərzində filialımızın nəticələri daim yüksək idi, bu uğurun sirri isə, əlbəttə ki, komanda üzvlərinin peşəkarlığı və kollektivdə olan pozitiv əhval-ruhiyyə idi. Bu müddət ərzində filialda yetişən bir çox güclü kadrlar Baş ofisə daha yüksək vəzifəyə təyin olunurdu. Mənim də bir xüsusiyyətim var ki, daim bir komandada işlədiyim insanlara çox bağlanıram. Bu səbəbdən də hər dəfə növbəti perspektivli işçimiz filialımızdan ayrılanda mənə çətin idi, lakin onların uğurlarına ürəkdən sevinirdim, onlarla qürur duyurdum.

HR mütəxəssislər də təsdiqləyə bilər ki, insanın uzun müddət eyni vəzifədə işləməsi onun professional cəhətdən  inkişafına mənfi təsir edə bilər. Yəni o həm çalışdığı təşkilat üçün, həm özü üçün əvvəlki qədər faydalı olmaya bilər. Əməkdaşın müəssisəyə verdiyi töhfəni artırmaq üçün, o, necə deyərlər, “komfort zonası”ndan çıxmalı və yeni məqsədlər üçün çalışmalıdır.

Mən də öz məqsədlərimə çatmaq üçün “komfort zona”mı tərk etdim və yeni yaradılan “Satış və Biznesin inkişafı” departamentinə rəhbərlik etmək təklifini qəbul etdim.

  • Bəs necə oldu ki, MBA oxumağa qərar verdiniz?

Bu vəzifəyə təyin olunmamışdan öncə Baş ofisə keçməyim bir neçə dəfə müzakirə olunmuşdu. Təklifi dəyərləndirərkən düşündüm ki, təhsilimi davam edib, biznesin müxtəlif sahələri üzrə biliklərimi artırmağın əsl zamanıdır. Bunun gələcək işimdə daha effektiv olmağıma kömək edəcəyini düşündüm və indi də real təsirini hiss edirəm. Həmin ərəfədə, filialda təhvil-təslim işləri ilə paralel olaraq, sənədlərimi MBA üçün hazırladım və İngiltərənin “Warwick” universitetinin biznes məktəbinə “Executive MBA” istiqaməti üzrə qəbul oldum. Həm Baş ofisə keçid, həm də yeni təhsil mənə özümə qarşı daha tələbkar olmaq üçün stimul verdi.  

  • Mümkünsə, seçiminiz haqda bir az məlumat verin. Distant təhsil idi, ya oxumaq üçün İngiltərəyə getmişdiniz?

“Warwick Business School” dünyada təhsil səviyyəsinə görə seçilən biznes məktəblərindən biridir. Həm distant, həm əyani (full time) proqramlara baxırdım. Başa düşdüm ki, distant oxumaq mənim üçün çox çətin olacaq. Heyranam o adamlara ki, vaxtlarını uyğunlaşdırıb, distant oxuyaraq müsbət nəticələr əldə edə bilirlər. Əyani oxumağın üstünlüyü ondan ibarətdir ki, yeni insanlar və onların təcrübələri ilə tanış olursan, həm də müəllimlərlə daha sıx əlaqə yarada bilirsən. Bu səbəbdən mənim seçimim iki illik “Executive MBA” proqramı oldu. İldə altı dəfə İngiltərəyə səyahət edib modullarda əyani iştirak edirdim. Bunanla da xaricdə təhsil almaq arzum gerçəkləşdi.

Qrup tapşırıqları çox olurdu və yaxşı haldır ki, bütün tələbələr hər hansı bir şirkətin işçisi və ya qurucusu idi, əksəriyyət böyük şirkətlərdə çalışan, bəlli təcrübəsi olan şəxslər idi.

İkinci il mənim üçün daha maraqlı oldu, çünki qrup yoldaşlarımın çoxu marketoloq idi və onlar fərqli təcrübələrini paylaşırdı.

Xaricdə “Executive MBA” proqramına qəbul şərtlərinə əsasən, müəyyən iş təcrübəsinə sahib olmalısan. Tələbələrin əksəriyyti 35-45 yaşında olanlar idi. Düzdür, aralarında gənclər də var idi. Qrup müzakirələrinin çox böyük effekti olurdu, mübahisələr edirdik, hər kəs öz iş təcrübəsində yaşadıqlarından nümunələr gətirirdi. Bəzən saat 12-yə kimi təqdimatlar hazırlayırdıq.

Warwick-də günümün çox hissəsini kampusun kitabxanasında kofe içərək və kitab oxuyaraq keçirirdim - sanki yenidən tələbəlik illərimə qayıtmışdım. Çünki ətrafa baxanda Warwick universitetinin gənc tələbələrini görmək olardı.

Mənim Warwick-də təhsilimə əlavə maraq qatan da o idi ki,  həyat yoldaşımla birlikdə oxuyurduq. Düzdür, bizi qrup işlərində heç zaman eyni komandaya salmırdılar, hətta imtahanlarda bizi mühazirə otağının fərqli yerlərində otuzdururdular. Sadəcə mühazirələrə birlikdə qulaq asırdıq, sonra fikirlərimizi bölüşürdük. Yeri gəlmişkən, o da bank sahəsində çalışır.

  • Təhsilinizin maliyyə və kredit yönlü olmasını nəzərə alsaq, marketinq sahəsində çalışmaq sizə çətin gəlmir?

Tam səmimi deyə bilərəm ki,  məni AccessBanka daha da bağlayan, işimi daha da  sevdirən, həmçinin təhsilimi başqa yöndə inkişaf etdirən elə marketinq oldu. 3 il qabaq Marketinq istiqaməti mənə təklif olunanda bu sahə ilk öncə mənə çətin görünürdü. Lakin zamanla biliklərimi artırdıqca və işin dərinliyiklərinə getdikcə bu sahə mənə daha maraqlı gəlməyə başladı.  

Bu səbəbdən də MBA təhsilimdə daha çox marketinq sahəsinə aid fənləri seçdim - Strateji marketinq, Strateji planlaşdırma, Qlobal brendinq və s. kimi. Həmçinin, yazdığım dissertasiya da “Banklarda satışları rəqəmsal marketinq kanalları vasitəsilə necə artırmaq olar” mövzusundadır. Hal-hazırda bu mövzuda bir çox kitab və məqalələr oxuyuram və artıq həmin bilikləri öz işimdə də tətbiq edirəm.

  • Hal-hazırda marketinq komandanız neçə nəfərdən ibarətdir? Hansı işləri görürsünüz?

Marketinq komandamızda 10 nəfərik, bir nəfər regionda fəaliyyət göstərir. Sizə deyim ki, o qədər gözəl komandada işləyirəm. Göz dəyməsin (gülür – Red.). Çox peşəkar, bacarıqlı, biliklidirlər və insan onların yanında özünü daima rəqabətdə hiss edir, yəni sən də daha çox öyrənməyə çalışırsan. Məsələn, bazar trendlərindən, yeniliklərdən məlumatlı olurlar və ofisə gələn kimi bir-birimizlə bölüşüb müzakirə edirik. Adam özünü tonusda saxlayır belə komanda ilə. İnsan olaraq da çox yüksək keyfiyyətlərə sahibdirlər, heç özünü işə gəlirmiş kimi hiss etmirsən. 100% əminəm ki, digər üzvlər də eyni hissləri yaşayır. Çünki elə olur ki, axşam saat 10-a, 11-ə kimi işdə oluruq. Məsələn, yeni il ərəfəsində Bank kollektivimiz üçün sürpriz etməyə çalışırdıq, işçilər var ki,  gecə saat ikiyə qədər ofisdə qalırdı. Bizi buna heç kəs məcbur etmir, hər şey daxili təşəbbüsdən irəli gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Daim fikir mübadiləsi, “brainstorming” edirik, olur ki, müzakirələr 4 saat davam edir. Nəticədə çox maraqlı və kreativ ideya və layihələrimiz ortaya gəlir. Çalışırıq onları bankın ümumi strategiyası çərçivəsində reallaşdıraq və yaradıcı olaq.

Onu da qeyd edim ki, biz marketinq komandası olaraq, bütün işləri bank daxilində edirik – bütün promo işləri, kampaniyalar, radioda eşitdiyiniz reklam çarxlarının mətnləri, gördüyünüz reklam video çarxları, SMM-in aparılması bank daxilində gerçəkləşir. Biz bu işlərin hamısını güclü komandamızın sayəsində edə bilirik.

 

  • Öz biliklərinizi necə artırırsınız, hazırda kimləri oxuyursunuz?

İnsan da məncə texnologiya kimidir. Necə ki, zamanın tələblərinə cavab versin deyə texnologiyanı daim təkmilləşdirmək lazımdır, insan da öz üzərində daima işləməlidir ki, inkişaf etsin, qabaqcıl olsun, yeni trendlərə uyğunlaşsın.

Götürək marketinqin özünü. Bu sahə o qədər sürətlə inkişaf edir ki, artıq tək Kotlerin nəzəriyyəsi üzərində marketinq qurmaq kifayət etmir. Bu gün özü də “texnoloji” bir sahəyə çevrilən marketinqdəki rəqəmsallaşma və digər trendlərlə daim uyğunlaşmaq lazımdır.  Heç zaman əldə olunmuş bilik səviyyəsi ilə kifayətlənmək olmaz.

Kitab almaq ən sevimli işimdir, səfərlər vaxtı da alıram, baxmayaraq ki, təhsillə bağlı kitabların həm həcmi, həm də ağırlığı çox olur. Oxuduğum kitablara qarşı o qədər həssasam ki, onlara bağlanıram, istəyirəm həmin kitablar öz rəfimdə olsun. Heyif ki, aldığım bütün kitabları oxumağa vaxtım çatmır. Bəzən bir neçə, fərqli janrda olan kitabları paralel olaraq oxuyuram. Kitabları tam qurtarmamış yığışdırmıram, masamın üzərində qalır, gözümün qabağında olmasını istəyirəm ki, bu mənim hədəfimdir və onları tamamlamaq lazımdır (red: masanın üzərindəki kitablar - Strategic Marketing, müəliflər David Cravens və Nigel F. Piercy və Sapiens - Bəşəriyyətin qısa tarixi, müəllif Yuval Noah Harari).

Hazırda daha çox işimə və dissertasiya mövzuma aid kitabları oxuyuram, xüsusilə, rəqəmsal marketinq üzrə. Harvard Review-nun kiçik nəşrlərini, yenicə dərc olunmuş məqalələri oxuyuram ki, marketinq sahəsinə aid yeniliklərdən xəbərdar olum. Kitab oxumağa olan həvəsimi nəzərə alan həmkarlarım hətta mənə ad günümdə elektron kitab hədiyyə etmişdi. O həmişə yanımda olur, imkan olduqca, ora yüklədiyim kitab və məqalələri oxuyuram. Bu yaxınlarda D. Aakerin “Strategic Market management” kitabının 9-cu nəşrini oxumuşdum. Bilirsiniz ki, bu nəşrlər daim yenilənir, yəni əsas nəzəriyyə hissəsi qalır, amma “case study” deyilən praktiki nümunələr dəyişir.

Qeyri-ixtisas ya bədii ədəbiyyata gəldikdə isə, bu yaxınlarda Belqrada səyahət etdim və orada İvo Andriçin “The Bridge on the Drina” (“Drina üzərindəki körpü”) adlı tarixi əsərini oxudum. Bu kitab mənə çox təsir etdi.

  • Bu il üçün əsas hədəfiniz və  planlarınız nədir?

Bir çox hədəflərimiz var. Bu il AccessBank bazarda fəaliyyətini daha da aktivləşdirməyi planlaşdırır. Odur ki, bu il də marketinq komandamız üçün darıxdırıcı olmayacaq (gülür). Biznes istiqamətində çalışan həmkarlarımızla birlikdə planları tərtib etmişik. Bəzi layihələrimizin icrasına artıq başlamışıq. Müştərilərə bir çox sürprizlərimiz, sərfəli təkliflərimiz olacaq.

Korporativ sosial məsuliyyət istiqamətində də maraqlı layihələrimiz olacaq. Xüsusilə təhsil sahəsinə, gənclərin inkişafına yönəlmiş sosial tədbirlər keçirməyi planlaşdırırıq. Cəmiyyətimizin gələcəyi gənclərimizin necə formalaşmağından çox asılıdır və bunu nəzərə alaraq onları prioritet istiqamətimiz kimi götürmüşük. Həm Bakıda, həm də regionlarda tələbələr və məktəblilər ilə görüşərək onların formalaşmasında, gələcək ixtisasları ilə bağlı sahə seçimində dəstək olmağa çalışacağıq.

Həmçinin, UNEC-də maliyyə istiqaməti üzrə oxuyan tələbər üçün bankın özündə onlara maraqlı olan mövzularda silsilə təlimlərin keçirilməsi, müxtəlif departamentlərdə təcrübə imkanlarının yaradılması da nəzərdə tutulub ki, bank işi ilə yaxından tanış ola bilsinlər.

  • Günay xanım, sizcə uğurlu olmağın sirri nədir?

Həm şəxsi inkişaf, həm də karyera bir-biri ilə sıx bağlıdır. Siz evdə xoşbəxtsinizsə, o işdə də öz əksini tapır. İdeal olmaq mümkün deyil. Mənim iki uşağım var, onların formalaşan vaxtlarıdır, daha çox ünsiyyətə və diqqətə ehtiyacları var və məndən onlara daha çox vaxt ayırmağımı istəyirlər. Paralel olaraq, işdə də uğur qazanmaq üçün ona öz uşağın kimi qayğı göstərməli və vaxt ayırmalısan. Burada əsas məsələ qızıl balansı tapmaqdır. Bütün vaxtını işə sərf etməklə daha uğurlu olmayacaqsan, çalışıb işə ayıra bildiyin vaxtı daha effektiv istifadə etmək lazımdır.

Fikirləşirəm ki, uğurlu olmaq üçün insan ilk növbədə çalışqan və eyni zamanda özünə qarşı tələbkar olmalıdır. Bundan başqa, daim özünə investisiya etməlidir - bir kitab almaq və onu oxumaq belə özünə investisiya etmək deməkdir.

Həmçinin, insan risk etməyi bacarmalıdr, hər hansı bir addımı atmağa qorxmamalıdır, digərlərinin nə düşünəcəyi haqda fikirləşməməli, daha böyük işlərə başlamağa cəsarət etməlidir.

Uğurun sirrlərindən biri də pozitiv yanaşmadır. Həmişə gördüyüm bütün işlərə optimistik yanaşmışam. Hətta nəsə planlaşdırdığım kimi alınmırsa belə, buna bir səhv və ya uğursuzluq kimi deyil, yeni təcrübə kimi baxıram. Bütün işlərə pozitiv düşünərək başlamışam və yaxşı olacağına inanaraq irəliləmişəm. Pozitivsənsə, işlər düşündüyündən də yaxşı alınacaq.

 

Müsahibə üçün təşəkkürlər,

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et