Gömrük-buraxılış məntəqələrində elektron növbə sistemi tezliklə tətbiq olunacaq | Banco.az

Gömrük-buraxılış məntəqələrində elektron növbə sistemi tezliklə tətbiq olunacaq

"Tezliklə Azərbaycanın gömrük-buraxılış məntəqələrində elektron növbə sistemi tətbiq olunacaq".

 

Bunu Dövət Gömük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov məlumat verib.

"Gömrük-buraxılış məntəqələrində elektron növbə sisteminin tətbiqi artıq icra mərhələsindədir. Xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlər yaxın vaxtlarda bu və ya digər gömrük-buraxılış məntəqəsində sıxlıqdan asılı olaraq gömrük nəzarətindən keçmə vaxtını özləri seçə biləcək”, - deyə o, bu gün Bakıda keçirilən “Caspian Energy Forum–2019”da bildirib.

Xəbər verildiyi kimi, sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

 

“Yaşıl dəhliz”dən 450 şirkət istifadə edir

1 fevral 2019-cu il tarixindən tətbiq olunan "yaşıl dəhliz" sisteminə artıq 450 şirkət qoşulub.  

"Fevral ayının əvvəlindən bizə xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərdən 600-dən çox müraciət daxil olub. Hazırda 450 şirkət sistemdən istifadə edir", - deyə İ.Hüseynov bildirib.

"Qeyd etmək lazımdır ki, "yaşıl dəhliz"in iştirakçısı olan şirkətlər tərəfindən həyata keçirilən ixrac və idxal ümumi ixrac və idxalın müvafiq olaraq 30% və 22,45%-ni təşkil edir", - deyə İ.Hüseynov əlavə edib.

© İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et