BƏƏ İranın Melli Bankına maliyyə sanksiyaları tətbiq edib | Banco.az

BƏƏ İranın Melli Bankına maliyyə sanksiyaları tətbiq edib

Müəllif:Mehin Qasımova,Banco.az

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən İranın Bank Melli bankının filiallarına qarşı sərt məhdudiyyətlər tətbiq edib.

Banco.az xəbər verir ki, BƏƏ Mərkəzi Bankının açıqlamasına görə, qərar ölkədə qüvvədə olan qanunvericilik, qaydalar və nəzarət tələblərinin pozulması ilə bağlı qəbul edilib. Bəyanatda xüsusilə çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və silahların yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericilikdə nəzərdə tutulan tələblərə və öhdəliklərə diqqət çəkilib.

Auditin nəticələri və BƏƏ Mərkəzi Bankının sədrinə verilmiş səlahiyyətlər əsasında ölkədə fəaliyyət göstərən Bank Melli filiallarına İranla və ya İrandan istənilən maliyyə əməliyyatını həyata keçirmək qadağan edilib. Məhdudiyyətlərə ticarətin maliyyələşdirilməsi və maliyyə köçürmələri də daxildir.

BƏƏ Mərkəzi Bankı ölkənin maliyyə sisteminin bütövlüyünü və dayanıqlığını qorumaq məqsədilə nəzarət mexanizmlərini gücləndirməyə və zəruri tədbirlər görməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, Əbu-Dabi avqustun 18-də İrandan atılan iki raketdən sonra Tehranla bütün ticarət və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlamışdı.