Fikrət Yusifov: “Problemli kreditlərin ödənilməsi üçün ortaq məxrəcə gəlmək lazımdır” | Banco.az

Fikrət Yusifov: “Problemli kreditlərin ödənilməsi üçün ortaq məxrəcə gəlmək lazımdır”

Dollarla olan problemi kreditlər məsələsi zaman-zaman gündəmə gəlir.  Bu barədə Milli Məclisdə də dəfələrlə müzakirələrin aparılmasına baxmayaraq hələlik bu istiqamətdə heç bir  irəliləyiş əldə olunmayıb. Əhalinin maddi imkanı kreditləri ödəməyə imkan vermir. Xüsusilə devalvasiya bu məsələni daha da qəlizləşdirdi. Bəs görəsən bu problemin çıxış yolu nədir?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov banco.az-a açıqlamasında deyir ki, problemli kreditlərin həlli istiqamətində yeganə həll yolu ümumi yükü tərəflər arasında bölüşdürməkdir: “Düşünmürəm ki, qanunvericiliyə hər hansı bir dəyişiklik edilməlidir. Çünki buna ehtiyac yoxdur. Məlumdur ki, problemli kreditlər məsələsində dörd tərəf var. Mərkəzi Bank, hökumət, banklar və müştərilər bu problemin birgə həllinə çalışmalıdır. Tərəflər arasında ortaq mövqe tapılmalıdır. Devalvasiyadan sonra kredit götürən insanların yükü kifayət qədər ağırlaşıb. Biz  bir layihə  ilə bağlı bu məsələni araşdırarkən xeyli insanlarla görüşdük. Bəlli oldu ki,  çoxlu sayda insan problemli kreditlərdən əziyyət çəkir. Ödəyə bilməyən şəxslərin faizləri daha da artır. Onların bu krediti ödəməsi mümkün deyil. Düşünürəm ki, problemli kreditlərin qaytarılması istiqamətində işlər görülməlidir. Çünki belə şəxslərin sayı getdikcə artmaqdadır. Mərkəzi Bankın dərc etdiyi statistik göstəricilərdə bu açıq-aşkar görünür. Hesab edirəm ki, məsələnin həllinin yeganə yolu ümumi yükü bölüşdürməkdir. Vətəndaşlar zaman-zaman banklara külli miqdarda vəsait qazandırıblar. İndi onlar öz qazanclarını xərcləyib müəyyən güzəştlərə getməlidirlər. Faizlər azaldılmalı və yaxud da silinməlidir ki, əhalinin ödəmə qabiliyyəti artsın. Çünki əsas borcunu ödəməkdə çətinlik çəkən müştəri onun üzərinə gələn faizləri ümumiyyətlə, ödəyə bilmir. Devalvasiyanın yaratdığı fərqin aradan qaldırılması üçün müəyyən addımlar atıla bilər. Bu heç də böyük bir məbləğ deyil. Dövlət büdcəsi bu borcları qaytarmağa qadirdir. Yaxşı olar ki, məsələ heç bir tərəfin üzərinə ağırlıq düşmədən öz həllini tapsın. Müştəri və bank arasında olan münasibətlər yenidən bərpa edilməlidir. Bu barədə dəfələrlə təkliflər irəli sürülüb. Təəssüflər olsun ki, hələlik bu məsələ öz həllini tapmayıb. Belə olan təqdirdə isə vəziyyət getdikcə daha da çətinləşir”.

Ən sərfəli kredit üçün müraciət et

Şəbnəm Mehdizadə, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et