Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə süni intellekt texnologiyalarının inkişafı və geniş tətbiqi cəmiyyətlərin gündəlik həyatına mühüm təsir göstərir. Bu texnologiyalar təkcə insanların həyatını asanlaşdırmır, həm də ölkələrin strateji siyasətində mühüm rol oynayır.
Bununla belə, süni intellektin sürətli inkişafı həm müsbət, həm də mənfi təsirlər yaradır. Xüsusən də saxta məlumatların (fake news) yayılmasının qarşısını almaq və informasiya təhlükəsizliyini təmin etmək baxımından yeni yanaşmalar və texnoloji həllər inkişaf etdirilməkdədir.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti, İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev Banco.az-a açıqlamasında süni intellektin bu sahədə tətbiqinin vacibliyini vurğulayaraq, qeyd edib ki, yayılan xəbərlərin doğruluğunu təhlil etmək üçün fakt yoxlama alqoritmləri istifadə oluna bilər:
"2023-2027-ci illəri əhatə edən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyamızda, saxta məlumatların yayılmasının qarşısını almağa yönəlik müxtəlif həllər nəzərdə tutulub. Bu həllər yalnız məlumatın doğruluğunu təmin etmək üçün deyil, həm də düzgün məlumatların yayılmasını dəstəkləmək məqsədi daşıyır. Alqoritmlər müxtəlif mənbələrdən əldə edilən məlumatları analiz edərək xəbərlərin doğruluğunu yoxlayır. Xəbərin mənbəsini yoxlamaq, oxşar xəbərlərlə müqayisə etmək və əvvəlki faktlarla qarşılaşdırmaq kimi üsullar sayəsində, cəmiyyətdəki qarışıqlığı azaltmaq mümkündür.
Sosial şəbəkələrdə yayılan xəbərləri təhlil edən texnologiyalar saxta məlumatları və manipulyasiya edilmiş kontenti aşkarlamağa kömək edir. Bu yanaşma həm də bot və trolların fəaliyyətini izləyərək onların yaratdığı yanlış məlumatların yayılmasının qarşısını alır. Beləliklə, sosial şəbəkələrdə daha sağlam bir informasiya mühiti formalaşdırıla bilər”.
Son dövrlərdə texnologiyanın inkişafı ilə yanaşı, informasiya manipulyasiyası yeni səviyyəyə çatıb. Mütəxəssis qeyd edib ki, xüsusilə, Deepfake texnologiyası kimi vasitələr insanların görüntü və səslərini təhrif edərək, saxta videolar yaratmağa imkan verir.
Bəs bu məsələdə təhlükəsizliyi necə təmin etmək olar?
Bəhruz Əliyev qeyd edib ki, manipulyasiya edilmiş videoların aşkarlanması üçün süni intellekt alqoritmləri inkişaf etdirilir:
“Bu alqoritmlər videoların orijinallığını yoxlayaraq, üz və səslərin təhrif edilib-edilmədiyini müəyyən edir. Xüsusən siyasi və sosial sabitliyi pozmaq üçün istifadə edilən bu cür videoların qarşısı alınmalıdır. Mətnlərdəki emosional və manipulyativ tonları analiz edən süni intellekt alqoritmləri, xəbərlərin şübhəli olub-olmadığını təyin edə bilər. Bu, neqativ emosiyaların yayılmasının qarşısını alaraq sosial sabitliyi gücləndirir.
Süni intellekt alqoritmləri sosial şəbəkələrdə yayılan xəbərlərin və istifadəçi davranışlarının yayılma mexanizmini təhlil edərək şübhəli məlumatları tez bir zamanda müəyyən edə bilər. Şübhəli hesabların izlənilməsi və yalnız etibarlı mənbələrdən alınan məlumatların yayılmasına nəzarət, cəmiyyətin doğru qərarlar qəbul etməsinə imkan yaradır”.
Bəhruz Əliyevin fikrincə, bu yanaşmalar, Azərbaycanda informasiya mühitinin təmizlənməsi və sosial şəbəkələrdə düzgün məlumatın yayılmasına töhfə verəcək:
"Süni intellekt əsaslı həllər yalnız informasiya müharibəsinin qarşısını almaqla kifayətlənmir, həm də Azərbaycanın daha güclü və məlumatlı bir cəmiyyətə çevrilməsinə imkan yaradır. Saxta xəbərlərin təsirini azaltmaq və sosial sabitliyi təmin etmək üçün bu texnologiyalar vacibdir".